13 Avqust 2014 13:54
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində Japan Tobacco International (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində üçüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Astara və Biləsuvar Gömrük İdarələrində xidmət göstərən 21 gömrük əməkdaşı iştirak edib.

İlk belə seminar JTI şirkəti tərəfindən komitənin Aparatının və ərazi Gömrük İdarələrində xidmət göstərən gömrük əməkdaşları üçün bu ilin fevralın 19-da keçirilib. İkinci seminar isə bu ilin mayın 23-də Quba şəhərində keçirilib və seminarda DGK-nın Aksiz Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsinin “Samur”, “Xudat” və “Yalama” gömrük postlarında xidmət göstərən 25 gömrük əməkdaşı iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycanın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışmış, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çox faydalı olduğunu bildirib. Eyni zamanda, o, JTI şirkətinin indiyədək keçirdiyi iki seminarın çox zəruri olduğunu qeyd edib və belə seminarların təşkil edilməsinə görə JTI-a öz təşəkkürünü bildirib.

Seminar zamanı, Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçiriblər. Seminar təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunub.

Qarşılıqlı razılıq əsasında təlimin regionlarda da davam etdirilməsi qərara alınıb. İlin sonunadək Azərbaycanın qərb bölgəsində də analoji seminarın keçirilməsi planlaşdırılır.

Naibə


Müəllif:

Oxşar xəbərlər