İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İran üzərində olan toz fırtınasının ölkəmizə təsiri barədə danışarkən bildirilib.
Nazirlikdən bildirilib ki, peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır:
“Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək. Adətən toz fırtınalarının davamiyyəti 4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur.
Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir”.
Qeyd edək ki, ötən gün İranın cənub-şərqində baş verən qum fırtınası səbəbindən 171 nəfər xəstəxanaya yerləşdirilib, Sistan və Bəlucistan vilayətlərində bir neçə təyyarə reysi təxirə salınıb.