Valyuta və dünya bazarındakı son dəyişikliklərlə bağlı daha çox müzakirə edilən məsələlər kursun, o cümlədən neft qiymətinin necə dəyişməsi ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayında valyuta hərraclarında 394,8 milyon dollar satılıb:
“Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46.2 faiz azalıb. Sentyabrda dollara satışının azalması avqustla müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdr.
Avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyarbda əsasən idxal etdikləri məhsulları realizə edirlər. Eyni zamanda, Rusiya valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi.
Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə, ötən ayn 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb.
Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır”.
Vüqar Bayramov qeyd edib ki, manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır:
“Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamağa çalışır. O baxımdan, neftin qiymətini yüksək olmasına baxmayaraq, manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır”.
İqtisadçı bildirib ki, mövcud ssenarilərə uyğun olaraq neftin qiyməti noyabrın 5-dən sonra İrana tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacaq: “ABŞ İrandan neft idxal ölkələrə sanksiya tətbiq edərsə, o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu dünya bazarından gündəlik 1.1 milyon barel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzun müddətli dövr üçün neft bazarında yüksə qiymətlər proqnozlaşdırılmır.
Güman olunur ki, dekabrdan başlayarq OPEK bazara daha çox neft çıxara biləcək və bu da tələbib tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək”.