"Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisində iştirak zamanı Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində deyib.
"Dünya Bankının son məlumatlarına, “Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır".
Dövlət başçısı iş yerlərinin yaradılmasının iqtisadi inkişafın səviyyəsinə uyğun olması üçün daim çalışmaq lazım olduğunu bildirib:
"Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun".