16 Dekabr 2020 13:41
2 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kənd Təsərrüfatı Nazirliyi ilə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyə və Azərbaycandan pomidor idxalının davam etməsi üçün yeni təklif hazırlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) pomidor güvəsi və şərq meyvə güvəsi adlanan zərərvericilər səbəbindən Azərbaycan, Ermənistan və Özbəkistan kimi bəzi ölkələrdən pomidor idxalını dayandırmaq qərarı vermişdi.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi idxal boşluğu və istehlakçıların ölkədə problem yaşamaması üçün yeni bir təklif hazırlayıb. Rusiya hökumətinə təqdim olunan təklifinə görə, Türkiyədən 200 min ton əvəzinə 250 min ton pomidor idxal ediləcək.

Analoji qərarı “Rosselxoznadzor” da qəbul edib. Qurum dekabrın 16-dan Azərbaycanın bir müəssisəsinin Rusiyaya pomidor daşımasına icazə verib.

“Rosselxoznadzor” təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti altında dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən “Aqroterm” MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.

Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər