Koronavirus (COVID-19) epidemiyası başlayandan dünyanın ən varlıları siyahısında yer alan 10 nəfərin ümumi sərvəti təxminən 450 milyard dollar artıb.
Teleqraf.com xəbər verir ki, sərvətini ən sürətli artıranlardan biri “Tesla” və “Space X”in qurucusu və icraçı direktoru İlon Mask olub.
Onun mart ayında 25 milyard dollar olan sərvəti epidemiyanın elektrikli nəqliyyat vasitələrinə keçidin sürətləndiriləcəyi proqnozu ilə 153 milyard dollara yüksəlib.
“Amazon” şirkətinin qurucusu və CEO-su Ceff Bezos mart ayından bəri sərvətini 70 milyard dollar artırıb. Onun ümumi sərvəti mart ayından bu yana 66 faiz artaraq 186 milyard dollara yüksəlib.
“Amazon”un texnologiya, səhiyyə və sənaye sahələrindəki səhmləri də 90 faiz dəyər qazanıb.
“Microsoft”un qurucusu Bill Qeysin 120 milyard dollar dəyərində sərvəti var. Onun sərvəti mart ayından bəri təxminən 20 milyard dollar artıb.