“Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Belə ki, bu gün Milli Məclisdə qəbul edilən “2021-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn il ehtiyac meyarı 170 manat olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləği gələn ildən artacaq: ”Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 500 manatdır. Gələn ildən həmin ailə üçün 850 manat (5 nəfər X 170 manat) ehtiyac meyari, yəni xərc hesablanacaq. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 350 manat olacaq. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o proqram çərçivəsində ayda dövlətdən 350 manat yardım ala biləcək. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Qeyd edim ki, Prezidentin göstərişi ilə 2020-ci ildə sosial proqramlara ayrılan vəsaitin həcmi artırılıb. Bu baxımdan, yeni meyar həm yardım məbləğini, həm də əlçatanlığı artıracaq”.