“Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün nəticəsi ölkəmiz üçün geo-iqtisadi əhəmiyyət daşıyır”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Mehri dəhlizi Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanması deməkdir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirir”.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan Şərq- Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir: “Mehri dəhlizi Azərbaycanın əsas ərazisi vasitəsilə Naxçıvanın həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu, xüsusən Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından da əhəmiyyətli olacaq.
Dəhliz həm də Azərbaycan qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsiri olacaq.
Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geo-iqtisadi əhəmiyyəti artacaq”.