18 Yanvar 2021 15:19
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktoru 2023-cü ilin sonunda istifadəyə veriləcək və elektrik istehsalına başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank açıqlayıb.

Nazir bildirib ki, bu, Türkiyənin 60 illik arzusudur: “Lisenziyanı 1976-cı ildə almışdıq, lakin bu tarixə qədər burada nüvə stansiyası tikə bilməmişdik. Hazırda 10 kvadrat kilometr ərazidə 4 min 800 meqavat gücə sahib 4 reaktordan ibarət ilk nüvə elektrik stansiyasının inşası davam edir.

Əlbəttə, burada yalnız bir elektrik stansiyasının tikilməsini istəmirik. Elektrik stansiyası ilə türk sənayesi nə qazana, yerli təchizatçılar necə inkişaf edə, daxili əlavə dəyəri necə artıra bilərik? Bu suallar üzərində də düşünürük”.

“Rusiya Atom Enerjisi Təşkilatı “Rosatom” digər layihələrində burada təcrübə qazanan yerli tədarükçüləri qiymətləndirə bilərmi” sualına cavab verən nazir qeyd edib ki, nüvə enerjisi çox vacib və həssasdır: “Əgər dünyanın ən yaxşı ilk 10 iqtisadiyyatı olmaq hədəfini seçmisinizsə, mütləq nüvə enerjisinə ehtiyacınız var. Türkiyənin qarşıdakı dövrlərdə yeni bir nüvə stansiya layihəsi də var, bunları da dəyərləndiririk”.

Qeyd edək ki, “Akkuyu” AES Türkiyə ilə Rusiya arasında 12 may 2010-cu ildə imzalanan müqaviləyə uyğun olaraq “Rosatom” tərəfindən inşa edilməyə başlayıb. İstismar müddəti 60 ildir, bu müddət 20 il də uzadıla bilər.

“Akkuyu” İstanbulun elektrik ehtiyacının 90 faizini, Türkiyənin isə 10 faizini ödəcəyəcək.


Müəllif: Yeganə Oqtayqızı