12 Mart 2021 11:43
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi proseduralarının hazırlanması prosesi bu il intensivləşəcək. İndiyədək Bakı şəhərində 163 min daşınmz əmlak, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini ilə bağlı iş yekunlaşıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir: “İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir.

Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir.

Evlərin bir qismi də kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda ev tikintisi qanunla qadağan edilib”.

İqtisadçı qeyd edib ki, kənd təsərrüfartına yararlı torpaq sahələrində kütləvi şəkildə evlər inşa edilibsə, həmin torpaqların təyinatını dəyişmək məqsədəuyğun olardı: “Əgər kütləvi tikinti deyilsə, onlara ayrıca baxılıb qərar verilə bilər.

Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, bu, sənədləşmə ilə bağlı heç bir problem yaratmır”.

Vüqar Bayramov növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacağının gözlənildiyini də deyib: “Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədəuyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqları tanına bilər. Bu, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı