“Prezident İlham Əliyev martın 15-də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub. Uzunluğu 43 kilometr olacaq bu yol region üçün strateji əhəmiyyət daşıyacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək: “Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq.
Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Yol dəhliz vasitəsi ilə həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də işğaldan azad olunan ərazilərimizin və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.