“Azərbaycan hər zaman əməkdaşlığa üstünlük verən və regionda sülhün qorunmasını prioritet hesab edən ölkələrdəndir. Uzun müddət Azərbaycanın həyata keçirdiyi siyasət ölkənin haqq işinə dəstək olan, eyni zamanda regionda ərazi bütövlüyünə hörmət edən dövlətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində olub”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb:
“Cənubi Qafqaz üzrə Gürcüstan-Azərbaycan əməkdaşlığı bir daha təsdiq edir ki, regionda yerləşən ölkələr qarşılıqlı olaraq bir-birinə hörmətlə yanaşırsa, ərazi bütövlüyünü tanıyırsa, o zaman bu, iqtisadi əməkdaşlıq üçün imkanlar yaradır. Bu baxımdan Vətən müharibəsindən sonra artıq bölgədə yeni bir düzən formalaşıb. Bu düzən fonunda Azərbaycan yeni əməkdaşlıq modelinin qurulmasında maraqlı ölkədir. Təbii ki, bu əməkdaşlıqlar üçün ən vacib şərtlərdən biri regionda olan ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. O cümlədən Ermənistan Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü tanımalı və buna hörmətlə yanaşmalıdır”.
Vüqar Bayramovun sözlərinə görə, Ermənistanda müşahidə edilən iqtisadi-sosial, siyasi böhranın müəyyən qədər qarşısının alınması istiqamətində addımlar atılarsa, bu, regional əməkdaşlıqda rəsmi İrəvanın da iştirakına imkan yarada bilər:
“Azərbaycan əməkdaşlıqda maraqlı ölkədir. Regional əməkdaşlığın yeni formatının qurulması üçün Cənubi Qafqazda yerləşən bütün ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanıması çox vacibdir. Ona görə də yeni düzən və əməkdaşlıqlar üçün imkanlar yaranıb. Bu, eyni zamanda Ermənistanda uzun illərdir müşahidə edilən iqtisadi tənəzzülün aradan qaldırılması üçün də bir fürsətdir. Bu baxımdan Ermənistan hakimiyyəti iqtisadiyyatını inkişaf etdirmək istəyirsə, revanşis meyllərə deyil, regionda formalaşmış reallığa üstünlük verməlidir”.