9 Yanvar 2022 22:28
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) 2050-ci ilədək atom elektrik stansiyalarına (AES) 500 milyard avro sərmayə yatırmağı nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, 2030-cu ilə qədər mövcud atom elektrik stansiyalarına 50 milyard avro, 2050-ci ilədək isə yeni nəsil atom elektrik stansiyalarının inşası üçün 500 milyard investisiya yatırılacaq.

Avropada elektrik enerjisinə tələbatın qarşıdakı 30 ildə iki dəfə artacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, nüvə hazırda enerji transformasiyasında mühüm rol oynayır. Atom enerjisi qarşıdakı dövrlərdə Avropanın enerji istehsalında əsas yeri tutacaq. Həmçinin AES-lərə investisiya Aİ-nin 2050-ci ilə qədər Avropanın ətraf mühitə zərər verməyən qitəyə çevrilməsi hədəfinə də uyğundur.

Nəticə etibarilə karbon emissiyasız elektrik enerjisi istehsalının artırılması vacib amildir. Bunun üçün də qitədə AES və bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması planlaşdırılır.

Qeyd edək ki, Aİ-yə üzv 27 ölkədən 13-ü elektrik enerjisi istehsal etmək üçün atom elektrik stansiyalarından istifadə edir.

Aİ ölkələrində ümumilikdə 106 işlək nüvə reaktoru var. Hazırda Aİ-də istehsal edilən elektrik enerjisinin 26 faizi AES-lərdən əldə olunur.

Avropa Komissiyası nüvə enerjisi və təbii qazla işləyən elektrik stansiyalarını yaşıl investisiyalar kimi təsnif etməyə hazırlaşır.

Yeni təsnifat qüvvəyə mindiyi təqdirdə. 2045-ci ildən lisenziyası olan nüvə elektrik stansiyaları yaşıl enerji mənbələri kimi qəbul ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər