10 Yanvar 2022 16:28
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan üçün stabilliyin möhkəmlənməsi kontekstində yeni mərhələdə əsas hədəflərdən biri də xarici sərmayələrin qorunub saxlanmasıdır. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, belə iğtişaşlardan sonra birbaşa xarici investisiyaların ölkəni tərk etməsi və yeni bazarlar axtarması hallarına daha çox rast gəlinir. Xarici sərmayələrin azalması milli valyutaya təzyiq yaradır və məşğulluğa, o cümlədən insan kapitalının inkişafına neqativ təsir göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Qazaxıstan keçmiş ittifaq dağılandan sonra MDB-də ən çox xarici sərmayə cəlb edən ölkələrdəndir: “1991-ci ildən sonra ölkə iqtisadiyyatına 370 milyard dollar xarici sərmayə yönəlib. 2021-ci ilin ilk yarısında Qazaxıstan xarici birbaşa investisiyaların həcmini 30.4 % artıraraq 11.1 milyard dollar sərmayə cəlb edə bilmişdi. Göründüyü kimi, son iğtişaşlaradək Qazaxıstan xarici sərmayənin cəlb edilməsində xüsusi fərqlənən dövlətlərdən idi.

Yeni mərhələdə ölkə iqtisadiyyatına inamın tam bərpası vacibdir. Ümid edirik ki, qardaş Qazaxıstan bu vəzifənin öhdəsindən qısa zamanda gələ biləcək. İnanırıq ki, Qazaxıstan yenidən dayanıqlı stabillik mərhələsinə qədəm qoyacaq”.

Qeyd edək ki, bu gün Qazaxıstanda Ümummilli Matəm Günüdür. İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər