17 Fevral 2022 13:29
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, gecə saatlarından Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. Sürücülər yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər. Sürücülər TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a vəziyyəti şərh edib.

O, son zamanlar dünyanın bir çox ölkələrində əsas etirazçı kəsimin məhz TIR sürücüləri olduğunu bildirib: “Azadlıq karvanı” adı altında müxtəlif ölkələrdə fəaliyyət göstərən TIR sürücülərinin COVID və digər problemlərlə bağlı məsələlərə etirazlarını görürük. Azərbaycanda da buna bənzər, amma başqa formada ilk dəfədir ki, belə bir ciddi rezonans doğuran aksiyanın şahidi olduq.

Yük avtomobillərinə icazə və lisenziyaların verilməsi, xaricə səfərlərin, kvotaların müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı problemlərin olduğunu zaman-zaman müxtəlif şirkətlər və fərdi sahibkarlar şikayətlər edirdi. Görünür vəziyyət o dərəcədə dözülməz hal alıb ki, artıq TIR sürücüləri öz etirazlarını bu formada bildirməyə məcbur qalıblar”.

Ekspert qeyd edib ki, bir neçə dövlət qurumunun nəqliyyat sahəsinin tənzimlənməsində birbaşa iştirakı var: “Nəqliyyatla məşğul olan bir neçə qurumun olması açığı, məntiqsizlikdir. Çünki bir sahədə bir idarəetmə mərkəzi olmalıdır. Son illər nəqliyyatı o dərəcədə pərakəndələşdirdilər ki, bu sahəyə nəzarət və müdaxilə etmək imkanları olan kifayət qədər dövlət və hökumət qurumları var. Bu da sürücülərə əlavə problem və xərc yaradır. Əsas etiraz olunan məsələlərdən biri də kvotalar, həmçinin sərhəd-keçid məntəqələrində yaranan uzun növbələrdir.

Bu da ölkədən gedən və gələn insanların ciddi vaxt itkisinə, o cümlədən daşınan yüklərin xarab olmasına səbəb olur. Bu maneələrə görə, iş adamları mütəmadi pul itirirlər. Etiraz da onu göstərir ki, bu sahədəki problemlərin həlli üçün əməli addımların atılmasının vaxtı çatıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər