23 May 2022 11:10
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüş sülh danışıqları istiqamətində yeni bir addım idi. Şarl Mişelin açıqlamasından aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, görüşdə Azərbaycan üçün strateji və humanitar əhəmiyyət kəsb edən məsələlər diqqətdə saxlanılıb: “Bu da regionda daha dayanıqlı sülhün formalaşması üçün yeni imkanlar deməkdir. Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyuluşu həyata keçirib.

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır”.

Analitikin müşahidələrinə əsasən, bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyi daha da artıb: “Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.

Son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.

Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın genişlənməsinə önəm verir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi istiqamətində rolu güclənir: “Ötən il ölkəmizdə 43,9 milyard kubmetr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kub metrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır.

Son görüşün nəticələri bir daha təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür. İrəvandakı revanşistlərin bunu tez-gec qəbul etdəcəkləri qaçılmazdır. Artıq nəinki dünya, region düzəni də dəyişib”.


Müəllif: Yeganə Oqtayqızı