İndiki mərhələdə Transanadolu qaz kəmərinin (TANAP) buraxılış gücünün artırılması barədə danışmaq hələ tezdir. Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, layihə üzrə hesablamalar aparılıb, lazımi həcmdə investisiyalar müəyyənləşdirilib: "Bütün bunlar "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə edilmiş qaz nəzərə almaqla həyata keçirilib".
N.Əliyev qeyd edib ki, TANAP əvvəlcədən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə hesablanıb: "Əgər indiki mərhələdə "Şahdəniz"dən qaz hasilatı artırılarsa, 2021-2022-ci illərdə "Abşeron" yatağı istismara verilərsə, ARDNŞ-nin sərbəst işlədiyi yataqlarda qaz hasilatı artırılarsa, yeni yataqlar işə salınarsa, TANAP-ın genişlənməsi real olacaq. Hazırda bu barədə danışmağın mənası yoxdur".
Nazir əlavə edib ki, indiki mərhələdə TANAP və Transadriatik qaz kəmərlərinin tikintisi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi "Şahdəniz" layihəsinə hesablanıb.