23 Dekabr 2014 13:03
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnkişaf Bankının (AİB-in) Azərbaycandakı nümayəndəliyi 2014-cü il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib.

Teleqraf.com-un məlumatına görə, 2014-cü ildə AİB və Azərbaycan hökuməti arasında əməkdaşlığının 15-ci ildönümü qeyd olunub. 2015-ci ilin may ayında isə AİB-in illik toplntısı Azərbaycanda keçiriləcək, toplantıda 3000 nəfərin iştirak edəcəyi gözlənilir.

Bildirilib ki, 2014-cü il ərzində AİB fəaliyyətini əsasən nəqliyyat, enerji və şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması sektorlarında davam etdirib. 2014-cü ilin sentyabr ayında AİB 2014-2018-ci illər üçün Azərbaycan ilə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiqləyib. Yeni strategiya nəqliyyat, energetika, su və digər şəhər kommunikasiya və xidmətlərinin təmin olunması kimi sahələri prioritetləşdirib. Bundan başqa, strategiyada əhatəli artım, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığı, regional əməkdaşlıq, gender bərabərliyi, idarəçilik və kadr potensialının gücləndirilməsi, ekoloji davamlılıq, iqlimin dəyişməsi, tərəfdaşlıq və biliyə əsaslanan həll yolları bankın strateji yanaşması və artımın aparıcı qüvvələri kimi vurğulanıb. AİB-in fəaliyyətinin gələcəkdə enerji səmərəliliyi, sığorta və lizinq, təhsil, kənd təsərrüfatı və təbii sərvətlərin idarə olunması kimi sahələri genişlənməsi mümkündür. Hazırda strategiyanın əsasında hazırlanmış və 2015-2017-ci illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planı (ÖƏBP) hökumət tərəfindən nəzərdən keçirilir.

2014-cü ildə AİB Gəncə-Qazax regionunda körpülərin tikilməsi və yerli-əhəmiyyətli yolların təmiri üçün 45 miyon dollar və Cəlilabad-Şorsulu magistral yolun tikilməsi ücün 250 milyon dollar həcmində kredit ayırıb. Bundan başqa AİB 4.5 dollar milyon həcmində mikromaliyyə, şəhər nəqliyyatı, bərk tullantıların idarə olunması və enerji sektorlarına texniki yardım ayırıb.

AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Olly Norojono Azərbaycan hökumətinin tərəfdaşlığını yüksək qiymətləndirərək deyib: “AİB-in Azərbaycanın dövlət sektoruna 8 layihə üzrə 1.2 milyard dollar investisiyasının hökumət tərəfindən müvəffəqiyyətlə icra olunmasından məmnunluq duyuruq. 2014-cü ildə hökumət 231 milyon dollar dəyərində kontraktlar imzalayıb, bu da qarşımızda qoyulmuş hədəfin 120 faizi deməkdir. Bu il ərzində AİB 161 milyon dollar pul ödəməklə hədəfin 90 faizini həyata keçirib”.

AİB bu il hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatların nümayəndələri və elm sahəsində çalışan mütəxəssislər üçün Azərbaycan və xaricdə şəhər nəqliyyatı, iqlimin dəyişməsi, kredit məhsulları, risklərin idarə olunması, sosial və ətraf mühitin təhlükəsizliyi, su sərvətlərinin idarə olunması, antikorrupsiya, hesabatlılıq mexanizmi, ictimai təşkilatların rolu, layihənin idarə olunması və regional əməkdaşlıq sahələrində təlim təşkil edib, nəqliyyat forumunda və Orta Asiya Regional İqtisadi Əməkdaşlıq təşkilatının tədbirlərində iştiraklarını təmin edib.

Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48 ölkə Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2013-cü ildə AİB-ın ümumi yardımı 21 milyard dollar olub, o cümlədən 6,6 milyard dollar birgə maliyyələşdirməyə yönəldilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər