“Toyota” yeni nəsil tam elektrik avtomobillərini ilk dəfə 2026-cı ildə satışa çıxarmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, yeni nəsil elektrikli avtomobilləri ilə qabaqcıl sürücülük təcrübəsi təqdim edən “Toyota” müştərilərin ehtiyac və gözləntilərini aşacaq yeni akkumulyator araşdırmaları da həyata keçirir.
Şirkət “Avtomobillərin Gələcəyini Dəyişək” adlı seminarda təkmil akkumulyator yol xəritəsini açıqlayıb. “Toyota”nın planına görə, 2030-cu ildə satılacaq 3,5 milyon avtomobilin 1,7 milyonunu bu yeni nəsil elektrikli modellər təmsil edəcək.
Elektrikli nəqliyyat vasitələrində istifadə edilməsi planlaşdırılan akkumulyatorun sürətli şarj müddəti 20 dəqiqə və ya daha az olacaq. Bu akkumulyatorlar 800 kilometrdən çox məsafə qət edəcək.
2027-2028-ci illərdə 20 dəqiqədən az vaxta doldurula bilən yüksək performanslı akkumulyatorların istehsalı planlaşdırılır. Bu bərk cisim batareyalarla birinci inkişaf mərhələsində 1000 kilometrdən çox, ikinci inkişaf mərhələsində isə 1200 kilometrdən çox məsafə qət etmək olacaq.
Bu akkumulyatorların 10 dəqiqədən az müddətdə doldurulması nəzərdə tutulur.