Azərbaycan İnvestisiya Şirkəti gürcüstanlı tərəfdaşlarla birlikdə Qəbələdə spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisini nəzərdə tutur.
Teleqraf.com bu barədə Azərbaycan İnvestisiya Şirkətinə istinadən xəbər verir.
Bundan başqa, Gəncədə “Azərbazalt” MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.
Azərbaycan İnvestisiya Şirkətinin ən böyük və əhəmiyyətli layihələrdən biri də Macarıstanın “HELL Energy” şirkəti ilə birlikdə həyata keçirilən Quality Pack Caspian layihəsini qeyd etmək olar. Quality Pack Caspian Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq. Bu zavod Ələt Azad İqtisadi Zonasında yerləşəcək və illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olacaq. Bu layihə yerli bazarın tələbatını tam ödəməklə, ixrac potensialının inkişafına imkan yaradacaqdır.