Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları cari ilin yanvar-may aylarında 11 114 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, xidmətin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə müvəqqəti xarakterli işlərə olan tələbatlar barədə sifarişlər qəbul edilərək, belə işlərdə çalışmaq istəyən şəxslərə təklif olunur. Cari ilin beş ayı ərzində həmin birjalar tərəfindən 1477 nəfər şəxs sifarişlər əsasında müvəqqəti xarakterli işlərə göndərilib.
Qeyd olunan dövrdə DMX tərəfindən haqqı ödənilən ictimai işlərə göndərilən vətəndaşların sayı 410 nəfər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərin sayı isə 1453 nəfər təşkil edib.
Naibə QURBANOVA