İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonunda məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Bu məqsədlə Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib.
Forumda məcburi köçkünlərdən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvafiq təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Təkliflərə südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının yaradılması, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması daxildir.
Avqustun 18-dən etibarən məcburi köçkünlər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.
Naibə QURBANOVA