Ramil Osmanlı: “İdxal həcmi 40 faizə yaxın aşağı düşüb”
Avtomobil bazarında vəziyyət ötən illərə nisbətən çox dəyişib. Ekspertlərin sözlərinə görə, buna səbəb manatın məzənnəsindəki “fevral dalğalanması” və avtomobillərin kreditləşdirilməsindəki yeni şərtlər olub.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, 2015-ci ildə avtomobil bazarı üzrə bütün göstəricilərdə azalma nəzərə çarpır: “Bizi ən çox narahat edən idxaldakı kəskin enmədir. Aparılan tədqiqatlar göstərir ki, idxalın həcmi ötən illə müqayisədə 40 faizə yaxın aşağı düşüb. Başlıca səbəb tələbin azalması, alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Müşahidələr göstərir ki, ötən ilin II rübündən başlayaraq bazara edilən inzibati müdaxilələr ümumi duruma nə qədər mənfi təsir göstərmişdisə, bu il də iqtisadiyyatın bütün sahələrində özünü göstərən azalmalar eyni funksiya daşıyır. Bütün bunlar bir-birinə sıx bağlı olan və ya biri-birini şərtləndirən, müəyyən edən amillərdir. Əhali gəlirlərinin aşağı düşməsi, bank sektorunda müşahidə olunan son proseslər, maliyyə bazarındakı qeyri-sabitlik elementləri həmin faktorlar sırasındadır. Bütün bunlar avtomobil bazarına da təsirsiz ötüşməyib.
Əvvəllər hər 10 nəfərdən ən azı 7-si avtomobili kreditlə almağa üstünlük verirdi ki, bu 7 nəfərdən 5-i potensial alıcı qrupuna daxil idi. Yəni əlində kifayət qədər vəsaiti olmayan alıcılar ilkin ödənişləri belə bəzən istehlak kreditləri, yaxud kənar resurslar hesabına təmin edirdilər. Bu isə təbii ki, sonradan ikitərəfli öhdəliklərin təmin olunmasında problemlər yaradır və problemli müştərilərin sayını artırırdı".
Hazırda kreditlə avtomobil satışında ciddi problemlər olduğunu söyləyən ekspert deyir ki, bu səbəbdən potensial alıcılar kredit almaqda çətinlik çəkir: “Bir tərəfdən də əhalinin gəlirlərinin azalması nəğd alışları məhdudlaşdırır və bazarda dinamikanın kəskin azalmasına şərait yaradır. Son günlər bir sıra rəsmi nümayəndəliklərin kampaniya adı altında endirimli satış reklamları və təkrar avtomobil bazarında qiymətlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizə qədər azalması da deyilənləri təsdiqləyir”.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, 2011-ci ilə kimi azərbaycanlılar Avropadan, Almaniyadan istehsal ilindən fərqli olmayaraq hər cür avtomobil alıb Azərbaycana gətirirdilər: “Məlumdur ki, ölkəmizə avtomobillərin əksəriyyəti Gürcüstandan gətirilirdi. Səbəb daha asan və maneəsiz marşrut idi. 2011-ci ildən Azərbaycanda avtomobillərin kənardan alınmasını çətinləşdirən proseduralar tətbiq olundu. Elə həmin il Nazirlər Kabineti qərar qəbul etdi ki, Azərbaycana gələn avtomobillər üçün ən azı təhlükəsizlik yastığı, minik avtomobillər üçün ABC əyləc sistemi olmalıdır, əks təqdirdə Azərbaycana buraxılmayacaq.
Vətəndaşlar məcbur oldu ki, bahalı avtomobillər gətirsinlər. 2013-cu ilin noyabrında benzinin qiyməti qalxdı, təbii ki, avtomobil alan insanlar düşündü ki, benzinə pulu çatdıra bilməyəcəyəmsə, avtomobili almağımın nə əhəmiyyəti var..."
Ekspert deyir ki, Mərkəzi Bankın avtomobil kreditləşdirilməsini sərtləşdirməsi də bazarda vəziyyəti qəlizləşdirdi: “Məsələn, yeni avtomobillər üçün 60 faiz ilkin ödəniş verilməlidir. Bu qədər ödəniş edə bilən insan borc tapıb qalanı da ödəyər və kreditsiz maşın alar.
Fikrimcə, növbəti dövrdə iqtisadi vəziyyət belə davam edərsə, avtomobil bazarında vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Çünki insanların gəliri azalarsa, xərclərini ixtisar etməli olacaq".
Ərşad Hüseynov bildirdi ki, hökumət 2011-ci ildən bəri çalışır ki, Azərbaycanda avtomobilləşmə prosesi asta getsin: “Amma bu, qaçılmazdır. Yaxın gələcəkdə əhalinin gəlirləri artmağa başlasa, alıcılıq qabiliyyəti də artacaq. Ümumi götürdükdə Azərbaycanda avtomobilləşmə prosesi yeni başlayıb. Hazırda cəmi 14 faiz avtomobiləşmə var. Yəni, 100 adama 14 avtomobil düşür. Bu inkişaf etmiş ölkələrlə müqayisədə 5 dəfə azdır. Onlarda 100 adama 70-80 avtomobil düşür”
Qeyd edək ki, Azərbaycana 2012-ci ildə 100 mindən yuxarı, 2014-ci ildə isə 60 min avtomobil gətirilib.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, avtomobil bazarında ucuzlaşma müşahidə olunur: “Ucuzlaşmanın olması tələbin azalması ilə bağlıdır. Buna səbəb birbaşa iqtisadı amillərdir. Azərbaycanın Avro-4 standartının keçməsi nəticəsində ölkəyə ili köhnə olan avtomobillərin gətirilməsi qadağan olundu. Eyni zamanda, avtomobil bazarına kredit şərtlərinin sərtləşdirilməsi təsir etdi. Məsələn, 30 minlik maşın almaq istəyən şəxs ən azı 18 min manat ilkin ödəniş etməlidir. Əksər hallarda bu ödənişi etmək imkanları olduqca çətin olur. Bu da birbaşa bazara təsir edən amillərdəndir. Vətəndaşlarda neftin qiyməti aşağı düşəndə, qlobal çətinliklər olan zaman çalışırlar ki, vəsaitlərini mənzil almağa istifadə edirlər”.
Vüqar Bayramov qeyd edib ki, milli valyutanın devalvasiya olması səbəbi ilə maddi çətinliklər yaranıb: “Bəzi iş yerlərində ixtisar aparılması, gəlirlərin azalması avtomobillərin alıcılıq qabiliyyətinə ciddi təsir etdi. Müştərilər azaldıqca ya bazardakı avtomobil sahibləri qiymətləri aşağı salmalı, ya da dövriyyə yığışdırılmalıdır.
Bəzi avtomobillərdə endirimlər edilir ki, vəziyyətdən çıxış yolu tapılsın. İli nisbətən yeni olan avtomobillərdə 9 faizə yaxın azalma qeydə alınıb. Qiymət azalmaları davam edəcək. Çünki, alıcıların sayı azalıb. 2015-ci ilin növbəti aylarında da avtomobil bazarında qiymətlərin azalması gözlənilir".
İlhamə Əbülfət