Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Nyu-Meksiko ştatının senatoru Meri Kei Papen və həmin ştatdan olan bir qrup iş adamından ibarət nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, görüşün məqsədi Nyu Meksiko ştatı ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, eləcə də ticarət əlaqələrinin təşviqi üçün mövcud imkanlar barədə müzakirələrin aparılmasından ibarətdir.
Nazir müavini qonaqları səmimi salamlayaraq Nyu-Meksika ştatı ilə Azərbaycan arasında sıx əlaqələr olduğunu, o cümlədən sözügedən ştat arasında Xocalı qətliamı haqqında, ölkəmizdə yaradılmış tolerantlıq mühitini təqdir edən qətnamələrin qəbul edilməsində senator xanım Meri Kei Papenin böyük rolu olduğunu diqqətə çatdırıb.
İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini qonaqların diqqətinə çatdırıb.
O, Azərbaycanla ABŞ arasında Kənd Təsərrüfatı sahəsində əlaqələri yüksək qiymətləndirərək, baytarlıq sahəsində regionlarda ən müasir tələblərə cavab verən baytarlıq laboratoriyalarının yenidən qurulmasına dəstək verdiyinə görə ABŞ hökümətinə minnətdarlığını bildirib.
Nazir müavini Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli investisiya mühitinin olduğunu və ABŞ-ın iş adamları ilə Azərbaycanın iş adamları arasında görüşlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini deyib, ekoloji təmiz meyvə və bostan məhsulları istehsalı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, müasir suvarma texnologiyalarının tətbiqi sahəsində layihələrin həyata keçirilməsi, şərabçılıq və üzümçülük sahəsində təcrübə mübadiləsinin aparılmasına dair təklifləri nəzərə çatdırıb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub və iş adamları ilə geniş fikir mübadiləsi aparılıb.
NİGAR