24 Sentyabr 2015 09:32
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın alıb. Bu ARDNF-in Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın alqı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış edib.

Bu barədə Teleqraf.com-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 min 647 kvadrat metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.

ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı bildirib: “Biz Fondun Yaponiya daşınmaz əmlak bazarına ilk investisiya yatırımından çox məmnunuq. Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır”.

Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. Bu il iyulun 1-nə ARDNF-in vəsaitlərinin ümumi həcmi 35 milyard ABŞ dolları təşkil edir.

Qeyd edilən daşınmaz əmlaka investisiya Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri səhmlərə, 5 faizə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5 faizə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.


Müəllif: