Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Fəxrəddin müəllim, Türkiyədə dəhşətli zəlzələ baş verdi. Qardaş ölkəyə Azərbaycan adından dəstəyinizi eşitmək istərdik.
- Həmin günü çəkilişdə idim. Çəkiliş meydançasından evə gec gəldim. Həmişə çəkilişdən gəldikdən sonra televizoru yandırıram. AzTV-yə və Türkiyə kanallarına baxdım, bu dəhşətli faciədən xəbər tutdum. Həmin an bilmədim ki, nə edim. Bu, insanın əlində deyil, təbiətin fəlakətidir. Təəssüf ki, təbiət hər şeyi özü "bildiyi" kimi edir.
Türk qardaşlarımızın acısı bizim acımızdır. Onların kədəri bütün türk dövlətlərinin, bütün dünyanın kədəridir. 70-dən çox dövlət Türkiyəyə yardım etmək istəyir. Bu dəhşətli bir faciədir, o qədər insanların dağıntılar altında qalması, uşaqlar, qadınlar, kişilər, yaşlı insanlar… Təsəvvür edirəm ki, dağıntılar altında qalan insanlar nələr çəkirlər. Əslində təsəvvür etmək belə ağırdır. Yalnız əlimizdən dua etmək gəlir. Hamımız, bütün Azərbaycan xalqı qardaşlarımızı düşünürük.
Prezident İlham Əliyev qardaş ölkəyə ilk olaraq dəstəyini göstərdi. Bütün imkanlarımız səfərbər olunub. Dünyasını dəyişən bacı-qardaşlarımıza Allah rəhmət eləsin. Yaralılara isə Allah şəfa versin. Son məlumata görə, 62937 mindən çox yaralı var, 12873 mindən artıq insan dünyasını dəyişib. Bu faciədir və bizim hamımızın ürək ağrısıdır.
Biz çəkilişdə Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənləri bir dəqiqəlik sükutla yad elədik. Allah heç bir ölkəyə bu faciəni göstərməsin.
- Qeyd etdiyiniz kimi qardaş ölkənin yanında hamıdan əvvəl Azərbaycan oldu...
- Əlbəttə, bu, belə də olmalı idi, başqa cür mümkün deyildi. Türkiyə qardaş ölkədir, biz də hər zaman qardaşlarımızın dəstəyini görür, hiss edirik. Qanıbir, dinibir ölkəyik. Əbədi bir yerdəyik və inşallah, əbədi də bir yerdə də olacağıq.
- Bilirik ki, sizin Türkiyədə tanışlarınız çoxdur. Onlarla zəlzələdən sonra telefon vasitəsiylə əlaqə saxladınızmı?
- Təbii, həmin gecə Türkiyədəki dostlarıma zəng etdim. Mənim İstanbulda, Antalyada, Alanyada, Qarsda dostlarım, Diyarbəkirdə qohumlarım var. Kimə əlim çatdı, zəng elədim, öz ürək ağrımı, başsağlığımı verdim.
Amma bu azdır. İnsan bilmir, nə etsin. Düşünürsən ki, nə edə bilərəm?! Bizə yalnız Allaha dua etmək qalır. Nə qədər dağıntılar altından sağ çıxanlar olsa, onun özü böyük bir möcüzədir.
- Dövlətimiz, millətimiz qardaş ölkəyə dəstəyini göstərir. Kimin nəyə imkanı çatırsa Heydər Əliyev adına İdman Konsert Kompleksində və Əl Oyunları sarayına aparırlar...
- Bunun özü bizim bir-birimizə nə qədər bağlı olduğumuzu göstərir. Bir-birimizin acısı, ağrısı, sevinci də birdir. Biz birik!
Görürəm ki, insanlarımız Türkiyənin Bakıdakı səfiriliyi və Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunun qaraşısındadır. Bütün Azərbaycan bu gün bu dərdin, bu ağrının içindədir. Kimin nəyə imkanı çatırsa, əlindən gələni etməyə çalışırlar.
Əlbəttə, bu haqda cənab prezident İlham Əliyevin tapşırığı var. Dövlətimiz və insanlarımız qardaş ölkənin yanındadır. Allah qardaşlarımıza kömək olsun.