MC Murad “Həyat çətindir” adlı mahnının plagiat olması barədə açıqlama verib. O, insanları daha diqqətli olmağa səsləyib. Onun sözlərinə görə, bu kimi şayiələrlə aranı qatıb insanların fikirlərini məsələyə aid olmayan mövzulara yönəltmək lazım deyil.
MC Murad Publika.az-a verdiyi açıqlamada bildirib ki, məsələnin kökü hələ də cavabsız qalır.
“Aranı qatıb, insanların fikirlərini məsələyə aid olmayan mövzulara yönəltməyə çalışırlar. Mirbabayev Miri Yusif 2014-cü ildə Zamiq Hüseynova yazdığım musiqi əsərinin plagiat olduğunu iddia edir. Sözü gedən “Defoliant One Love” qrupunun “Держи меня крепче” mahnısına qulaq asdım və etiraf edirəm ki, həqiqətən nəqəratın 5-6 notunda oxşarlıq var. Bu məqamı onunla izah edə bilərəm ki, dünyada cəmi 7 not var və belə təsadüflər normaldır. Mənə məxsus olan “Həyat çətindir” mahnısının bəndinin, nəqərata keçid verən körpü hissəsinin və sözlərdəki mövzunun qətiyyən sözü gedən “Держи меня крепче “ mahnısına heç bir aidiyyatı yoxdur və sırf mənim beynimin məhsuludur.
Bir sözlə, deyilənlər əsassızdır. Əgər məsələ bu cür xırda detallara parçalandısa, xatırlatmaq istəyirəm ki, Miri Yusif solo karyerasına mərhum bəstəkar-ifaçı Михей и Джуманджи-nin “Для тебя” mahnısının musiqisinin plagiatı və sözlərinin tərcüməsi ilə başlayıb. Ehtiyac görmədiyim üçün Miri Yusifin müxtəlif illərdə etdiyi plagiatlar barədə danışmaq istəmirəm, çünki məni narahat edən məsələ şəxsən mənim haqqımım tapdalanması və mənimsənilməsidir. Bu barədə isə Miri Yusif susur.
Funda Ararın ərinin erməni əsilli olduğunu yeni bilmişəm. Mən insanları rənglərə, irqlərə, dinlərə və millətlərə bölməmişəm. Çünki hər millətin, dinin, irqin yaxşı və pis nümayəndələri ola bilər. Yaşadığımız dünyada bu danılmaz faktdır.
O ki, qaldı mənim şəxsən Funda Arara mahnı satmağıma... Funda Ararın ərinin erməni əsilli olduğunu araşdıranlar kaş ki, bu məsələni də dərindən araşdırıb fikir bildirəydilər. Mən Türkiyədə uzun illərdir fəaliyyət göstərən DMC (Doğan Music Company) ilə əməkdaşlıq edirəm və satdığım mahnıların qonorarını DMC ödəyir. Daha sonra mahnını hansı müğənninin ifa edəcəyini onlar qərarlaşdırırlar və mən bu məsələyə qarışmıram”.
Xatırladırıq ki, bu, MC Murad haqqında qaldırılan ilk iddia deyil. Miri Yusiflə MC Murad arasındakı gərginlik “Bağışla” mahnısına görə yaranıb. Belə ki, türkiyəli müğənni Funda Arar ifaçı Miri Yusifin “Bağışla” adlı mahnısını icazə almadan oxuyub və mahnıya klip çəkdirib. Miri Yusif mahnının müəllifi olduğunu, mahnının icazə olmadan oxunduğunu əsas gətirərək müğənnini məhkəməyə verib. MC Murad isə Funda Ararın səsləndirdiyi “Bağışla” mahnısının müəllifinin özü olduğunu iddia edir.