2 Noyabr 2019 09:27
2 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaranlıq enerjinin sirrini açmağa çalışan elm adamları super teleskop vasitəsilə kainata dair ən böyük müşahidəyə başlayıb. Beş il davam edəcək müşahidələrdə 5 min teleskop istifadə olunacaq.

Teleqraf.com xəbər verir ki, teleskopların hər biri 20 dəqiqədə bir fərqli qalaktikaları müşahidə edəcək.

Qaranlıq enerji

Böyük partlayış nəzəriyyəsi ortaya çıxanda kainatın genişlənməsinin bir müddət sonra zəiflədiyi və cazibə qüvvəsinin təsiri altında yenidən kiçiləcəyi iddia edilirdi. Lakin astronomlar 1998-ci ildə maraqlı bir fakta çatdı: kainat sadəcə genişlənmir, eyni zamanda genişlənmə sürəti hər keçən il artır.

Bundan sonra elm adamları bunun cazibə qüvvəsinə ziddi olduğunu düşünməyə başladı və buna “qaranlıq enerji” adını verdi. Bu gün kainatın böyük bir hissəsinin qaranlıq enerjidən əmələ gəldiyinə inanılır. Belə ki, ulduzların və qalaktikaların fundamental daşı sayılan atomların kainatın yalnız 5%-ni əhatə etdiyi düşünülür.

Müşahidə missiyasında yer alan London Universitetinin professoru Ofer Laxav bu kəşfin 20 il əvvəl edilməsinə baxmayaraq, elm adamlarının hələ də qaranlıq enerji haqda demək olar heç nə bilmədiyini deyir:

“Yalnız beş faizini tanıdığımız bir kainatda yaşamaq utancdır. Qaranlıq enerjinin təbiəti və nə olduğu böyük bir elmi inqilaba yol aça bilər”.

Yeni proyekt

Beynəlxalq araşdırmaçılardan ibarət heyət Qaranlıq Enerji Spektroskopik (DESI) adlanan cihazdan istifadə edəcək. DESI eyni vaxtda 5 min fərqli qalaktikadan gələn işığı araşdıraraq, onların dünyaya uzaqlığını ölçür və qalaktikaların işığı dünyaya gələrkən kainatın genişlənməsinə hansı formada təsir etdiyini hesablayır.

DESI ideal şərtlər daxilində 20 dəqiqədə 5 min qalaktikaya müşahidə edə bilir. Cihaz nə qədər dərini araşdıra bilirsə, o qədər keçmişi görə bilir. Bunun səbəbi qalaktikaların işığının dünyaya çatmasının vaxt aparmasıdır.

Məsələn, DESI 10 milyard işıq ili məsafədə yerləşən bir qalaktikanı araşdıranda o qalaktikanın 10 milyard il əvvəlki vəziyyətini görür. Elm adamları bu məqsədlə 35 milyon qalaktikanı müşahidə edəcək.

Qaranlıq enerjinin kainatı genişləndirməsi

Problemin cavabı məkan-zaman toxumasında subatomik səviyyədə dalğalanmalar nəticəsində yaranan vakuum təzyiqində ola bilər. Lakin hesablamalara görə, bunun təsdiq edilməsi üçün vakuum təzyiqi indiki səviyyədən daha böyük olmalıdır. İddiaya görə, vakuum təzyiqi kainatın yeni yarandığı dövrdə daha çox olub, lakin getdikcə azalıb.

Astronomlar vakuum təzyiqinin zaman içində dəyişmədiyini sübut etsə, bu dəfə ortaya daha spekulyativ nəzəriyyələr girəcək. Bunlardan biri kainatımızın çoxlu sayda kainatlardan yalnız biri olması ilə bağlıdır. Bu nəzəriyyəyə görə, bizim kainatda vakuum təzyiqi daha zəif olduğu halda, digərlərində daha güclüdür.

Maddə və ya həyatın yaranması üçün zəif vakuum təzyiqi olmalıdır.

Eynşteyn nəzəriyyəsinin sübutu

Digər bir ehtimal cazibə qüvvəsi haqda nəzəriyyənin əksik olması ilə əlaqədardır. Digər fundamental proseslərin əksinə olaraq, cazibə qüvvəsinə qarşı olan hansısa proses yoxdur. Məsələn, elektrik enerjisində mənfi və müsbət yüklər var, amma nəzəriyyələrdə cazibə qüvvəsinin neqativi yoxdur.

İddiaya görə, kainatın milyard illər əvvəlki vəziyyətini öyrənə bilən DESI Albert Eynşteynin 100 il əvvəl ortaya atdığı cazibə qüvvəsi nəzəriyyəsini bu günədək olmayan səviyyədə sınaqdan keçirmək gücünə malikdir.

Astronomlar bu yolla cazibə qüvvəsinin planetləri, ulduzları və qalaktikaları əmələ gətirən zərrəcikləri hansı formada bir araya gətirdiyini detallı şəkildə görə biləcək.

Habelə Eynşteynin zaman-məkan haqda nisbilik nəzəriyyəsinin və cazibə qüvvəsinə dair təsbitlərinin nə qədər doğru olub-olmadığını araşdıra biləcək. Bu nəzəriyyələr isbat olunacağı halda, qaranlıq enerji konsepsiyasına ehtiyac qalmayacaq. Bunun yerinə kainatın getdikcə genişlənməsini sübut edə biləcək cazibə qüvvəsi nəzəriyyələrinə diqqət ayrılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər