3 Oktyabr 2021 18:42
9 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Seyid Mirbabayev də onlardan biridir. O, XIX əsrin sonu- XX əsrin əvvəllərində Bakıda yaşamış müğənni, xanəndə, neft milyonçusu olub.

Əsl adı Mirtağı olan Seyid Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində doğulub. Bir müddət atası və qardaşları kimi mərsiyəxanlıqla məşğul olub. Amma bu qısa çəkib. Toylarda oxumağa başlayan Seyid Bakıda muğam məclislərində də fəal iştirak edib. Eləcə də teatr tamaşalarının fasilələrində oxumağa fürsət tapan Seyid Bakıda keçirilən konsertlərdə də özünü göstərə bilib. Xanəndə kimi şöhrətini də belə məclislərdə qazanıb.

Seyid Mirbabayevin bir sıra ifaları qrammofon vallarına yazılıb. Təsadüfi deyil ki, 1906-cı ildə Latviyada fəaliyyət göstərən “Qrammofon” şirkəti tərəfindən ifalarının lentə alınması üçün Riqaya dəvət edilib.

Milyonlar sələtənətində

Xanəndə əsasən Bakıda toy məclislərində oxuyurdu. Toyların birində Seyid elə oxumuşdu ki, bəyin əmisi ona Bala Şoranlıq qəsəbəsində bir quyu verdiyini sevinclə qışqıraraq bildirmişdi. Çox keçmədən Mirbabayevin Bala Şoranlıqdakı quyusundan neft fontan vurmağa başlayır. Beləliklə, xanəndə bir anda neft milyonçusu olur.

Bundan sonra neft sənayesinin nüfuzlu nümayəndələrindən biri və milyonçu olan Mirbabayev xanəndəlikdən uzaqlaşır. Milyonçu olarkən, keçmiş peşəsindən utanır. Hətta bir dəfə buna görə Varşavada ifalarının yer aldığı valları baha qiymətə alaraq, yerə çırpır.

Yenidən keçmişə dönüş

Seyid Mirbabayev 1865-67-ci illərdə Bakıda tikilmiş “Qubernator evi”nin sahibi idi. O, bu evi Bakı qubernatorlarına kirayə vermişdi. 1920-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyası bu binada yerləşdirildi.

Seyid Mirbabayev 1920-ci ilədək – Azərbaycanda sovet hakimiyyəti qurulanadək “Azneft”in binasına yaşayıb. Qeyd edək ki, bina 1896-cı ildə tikilib.

Seyid 1920-ci ildən sonra Fransaya - Parisə mühacirət edir. Doqquz il sonra elə burada iflas edir. Parisdə Teymur bəy Aşurbəyli ilə görüşərək onunla birlikdə Tehrana yola düşür. Burada ömrünün son illərini bir azərbaycanlının çayxanasında mahnı oxuyur.

Seyid Mirbabayev 1953-cü ildə Tehranda vəfat edib.

“Xanəndənin taleyi”

Seyid Mirbabayev bəstəkar Cahangir Cahangirovun 1978-ci ildə qələmə aldığı “Xanəndənin taleyi” operasının baş qəhrəmanının prototipidir.

Cahangir Cahangirovun nəvəsi Rafiq Cahangirov 2011-ci ildə “Exo” qəzetinə müsahibəsində bu haqda danışıb:

“Əsər xanəndə Seyid Mirbabayevin faciəli taleyinə həsr olunub. Deyilənə görə, Mirbabayevin bülbül kimi səsi olub. Onun mahnıları bir çox insanın ruhuna xitab edib. Bir dəfə xanəndə bir toy məclisində oxuyur. Xüsusilə o gün hər kəsi heyran edir. Xalq musiqisinin nə olduğunu bilən hər kəs onu alqışlayır. Bəyin əmisi sevinə-sevinə xanəndəyə sarı qışqırır: “Seyid, sənə Bala Şoranlıqda bir quyu verirəm. Əgər quyu fontan vursa, milyonçu olacaqsan. Allah atana rəhmət eləsin, birini də oxu, ruhumuz dincəlsin”.

Bu toy heç vaxt Seyid Mirbabayevin yaddaşından silinmir, çünki çox keçmədən Bala Şoranlıqdakı quyu neft fontanı vurur və xanəndə Seyidi “Ağa Seyidə” çevirir.

Varlanan Seyid Mirbabayev keçmiş peşəsindən utanmağa başlayır. İş o yerə çatır ki, Varşavada mahnılarının olduğu valları alır, heç kimə keçmişini xatırlatmamaq və milyonçuluğuna əskiklik gətirməməsi üçün bu valları sındırır.

Babam musiqçilərin həyatlarını araşdıranda taleyi faciələrlə dolu bu məşhur xanəndəyə rast gəlir və onun həyatını qələmə alır. Tənqidçilər əsəri yüksək qiymətləndirirlər. Maraqlıdır ki, 1979 -cu ildə mən dünyaya gələndə babamın “Xanəndənin taleyi” operasının premyerası keçirilmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu