19 Oktyabr 2021 09:05
8 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Siyavuş Dirəxti İsveçin Malmö şəhərində nifrət cinayətlərinin hədəfində olan yəhudilər, müsəlmanlar və başqalarını müdafiə edir. O, bu məqsədlə gəncləri antisemitizm, irqçilik, islamofobiya və ksenofobiyanın mənfi cəhətləri və təhlükələri haqda məlumatlandıran komanda da qurub.

Dirəxtinin yaşadığı Malmö İsveçin üçüncü ən böyük şəhəridir. Eyni zamanda, antisemitizm, ksenofobiya və islamofobiyanın ən geniş yayıldığı şəhərdir. 300 000 əhalisi olan, təxminən 1500 yəhudinin yaşadığı Malmö son illərdə Avropada yəhudilər, müsəlmanlar və əcnəbilər əleyhinə keçirilən nümayişlərin mərkəzi kimi tanınır. Şəhərin keçmiş meri İlmar Ripalu yəhudilərin İsveçdən çıxarılmalı olduğunu deyərək, kəskin tənqidlərə məruz qalmışdı. Etirazların kəskinləşməsindən sonra isə üzr istəməyə məcbur olmuşdu.

“Yəhudilərin Malmödən qaçdıqlarını, küçələrdə qorxduqlarını və özlərini təhlükədə hiss etdiklərini öyrəndim. Bundan sonra düşündüm ki, nəsə etmək lazımdır. Bunun davam etməsinə göz yuma bilmərik - nə İsveç kimi bir ölkədə, nə də doğulduğum Malmödə”, - Dirəxti bu fəaliyyətə başlaması haqda deyir.

Siyavuş Dirəxti

Siyavuş Dirəxti isveçli ictimai fəaldır. İsveçdə Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər Hərəkatının qurucusudur. 2016-cı ildə “Forbes” jurnalının “30 yaşınadək 30 nüfuzlu şəxs siyahısı”na daxil edilib. İrqi, dini və milli ayrı-seçkiliyə qarşı mübarizədəki fəallığına görə 2013-cü ildə İsveç hökuməti ona İkinci Dünya Müharibəsi zamanı minlərlə yəhudini nasist ölüm düşərgələrindən xilas etmiş isveçli diplomatın adını daşıyan “Raul Vallenberq” mükafatını verib. Vallenberq Mükafat Komitəsi onun Malmö və bütün İsveçdə müsbət nümunə olduğunu bildirib.

“O, başqaları üçün müsbət nümunədir. Davranışları və qətiyyəti ilə bir insanın necə fərqli ola biləcəyini göstərir”, - komitənin açıqlamasında deyilib.

2012-ci ildə isə İsveç Antisemitizmə qarşı Mübarizə Komitəsi ilk dəfə təsis etdiyi “Elza” mükafatını da ona verib.

Müharibədən qaçış

Siyavuş Dirəxti 1991-ci il iyulun 3-də İsveçin Malmö şəhərində anadan olub. O, İsveçdə yaşayan güney azərbaycanlı mühacir ailədə doğulub. Dirəxtinin ailəsi İsveçə 1980-1988-ci illərdə - İran-İraq müharibəsi zamanı köçüb. Dediyinə görə, valideynləri təhlükəsiz həyat və iş axtarışları ilə Skandinaviyaya gəlib çıxıb. Atası mikrobioloq, anası biznes və iqtisadiyyat üzrə məzun olsa da, qaçqın olduqları üçün əvvəlcə iş tapa bilməyiblər.

“Valideynlərim uşaqlarının sülh və sakitlik içində böyümələri və demokratik həyat yaşamaları üçün diktaturadan qaçdılar”, - Dirəxti deyir.

Siyavuş yeddi yaşında olarkən Malmödə ən yaxın iki dostundan biri yəhudi, digəri qaraçı olub. Antisemitizm və ksenofobiya ilə mübarizəsinə də, tez-tez ayrı-seçkiliyə məruz qalan bu iki dostunu müdafiə etməklə başlayıb. Atası da azərbaycanlıdır, dediyinə görə, bu milli kimliyinə görə İranda ayrı-seçkliyə, təzyiqlərə məruz qalıb. Oğluna ayrı-seçkilik və təqiblərin mənfi tərəflərini öyrədən atası onu ilk dəfə 13 yaşında Berqen-Belsenə, 15 yaşında isə Auşvitz düşərgələrinə aparıb. Nasistlər həmin düşərgələrdə vaxtilə minlərlə insanın həyatına son qoymuşdular.

Mübarizənin önündə

Siyavuş Dirəxtinin ksenofobiyaya qarşı peşəkar fəaliyyəti Malmödə Latinskola ali məktəbində oxuduğu illərdə başlayıb. İlk layihəsini irəli sürən Dirəxti həmin illərdə bir konslagerə gəzinti təşkil edib. Layihəsini genişləndirmək üçün maliyyə axtarışına çıxan Siyavuş bunun üçün şəhərin Təhsil İdarəsinə müraciət ünvanlayıb. Bundan sonra 27 tələbəni Auşvitzə aparmağa müvəffəq olub.

“Malmödə yəhudilər və müsəlmanlar arasında körpü qurmaq istədim, çünki antisemitizm bu şəhərdə ciddi bir problemdir. Bundan sonra bunun haqda danışmağın və insanları məlumatlandırmağın nə qədər böyük ehtiyac olduğunu anladım. İndi hər cür ksenofobiya ilə mübarizə üçün çalışıram”, - Dirəxti deyir.

Siyavuş Dirəxti 19 yaşında Antisemitizm və Ksenofobiyaya qarşı Gənc Müsəlmanlar Hərəkatını qurub. Bundan sonra bütün İsveçdə gəzintiyə çıxan Dirəxti məktəblər, müxtəlif müəssisələr və ictimai təşkilatlarda bu mövzularda təqdimatlar keçirməyə başlayıb. Dirəxti və komandası “gənc sülh səfirləri” üçün proqramlar həyata keçirir, konslagerlərə gəzintilər təşkil edirdi. Hərəkat indi də antisemitizmlə yanaşı, islamofobiya və antiziqanizm və homofobiya ilə də mübarizə aparır. Əlbəttə, bu mübarizəsi o qədər də asan deyil. Diqqət mərkəzində olan Dirəxti və komandası bir sıra problemlərlə də üzləşirlər, amma buna baxmayaraq, mübarizəni sonadək aparmaqda qərarlı olduğunu deyir.

Təhlükəli addımlar

2012-ci ildə İsveç Antisemitizmə qarşı Mübarizə Komitəsi ilk dəfə təsis etdiyi “Elza” mükafatını ona verib. Mükafatlandırma mərasimində iştirak edən 21 yaşlı Dirxəti seçdiyi yolun asan olmadığını deyib: “Gördüyüm işin təhlükəli olduğunu bilirəm, amma bunun nəticələrinin yaxşı olduğunu da anlayıram. “Elza” mükafatını almaq bunu təsdiqləyir”.

2013-cü ildə ilk “Raul Vallenberq” mükafatını alan Siyavuş Dirəxti, eyni zamanda, antisemitizm və ksenofobiyaya qarşı mübarizə fəaliyyətlərinə görə İsveç hökuməti tərəfindən 100 min avro pul mükafatına da layiq görülüb.

Obama ilə görüş

ABŞ-ın keçmiş Prezidenti Barak Obama fəaliyyətləri səbəbindən ona şəxsən təşəkkür etmək istəyib. Doğulduğu İsveçdə antisemitizm və ksenofobiya ilə mübarizə aparan gənc müsəlman fəala fəaliyyətlərinin ilhamverici olduğunu söyləmək üçün onunla görüşmək istəyini dilə gətirib.

2013-cü ildə İsveçə səfəri çərçivəsində Stokholmdakı Böyük Sinaqoquna baş çəkən Barak Obama onunla görüşür. Amerika prezidenti fəaliyyətindəki uğurlara görə ona təşəkkür və təbrik edib.

“Fantastik idi”, deyən Siyavuş Dirəxti Amerika prezidenti ilə təkbətək görüşünü xatırlayır: “Həyatımın ən böyük anlarından biri idi”.

Stokholmdakı Böyük Sinaqoqda görüşəndə Obama Dirəxtiyə gənc müsəlmanların antisemitizmə qarşı mübarizə komandasını qurmağın cəsarətli addım olduğunu söyləyib.

“Antisemitizm, islamofobiya və ksenofobiya Malmödə böyük problemdir. Yəhudilərin öz vətənlərini tərk etməyə məcbur olduqlarını qəbul edə bilmirəm. Stokholmda mənimlə görüşəndə Amerika prezidentə dedim ki, hamı üçün bərabər hüquqlar uğrunda mübarizədən heç vaxt vaz keçməyəcəyəm”, - Dirəxti deyir.

Fələstinlilərin hədəsi

Siyavuş Dirəxtinin fəaliyyəti İsveç mediası ilə yanaşı, ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzetinin də diqqətini çəkib. Azərbaycanlı fəalın mübarizəsinə yer ayıran Amerika nəşri bildirib ki, İsveçdə müsəlman mühacirlərin sayının artmasına adekvat olaraq, onlara və bu ölkədəki yəhudi icmasına qarşı düşmənçilik də güclənir. Siyavuş Dirəxti qəzetə açıqlamasında bunun yanlış olduğunu bildirib və insanları düşmənçilikdən çəkinməyə çağırıb: “Bunlar İsveç dəyərləri deyil. Əlbəttə onlar da İsveçdə yaşamaq istəsələr, bura uyğunlaşmalıdırlar. Qaçqınları və mühacirləri yeni vətənlərinin dəyərlərini mənimsəməyə təşviq etmək üçün addımlar atılmalıdır”.

Siyavuş Dirəxti 2015-ci ildə Barak Obama administrasiyası, ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə görüşmək üçün Vaşinqtona dəvət edilib. Həmin səfərdə ABŞ hökuməti tərəfindən antisemitizmə qarşı mübarizədə verilən ilk “İnsan Haqları” mükafatını qəbul edən üç fəaldan biri də azərbaycanlı olub.

2017-ci ildə Siyavuş Dirəxti ölümlə hədələnib. Onu hədələyən isə İsveçdə yaşayan fələstinli qaçqınlar idi.

Azərbaycan haqqında

Siyavuş Dirəxti 2018-ci ildə Avropa Azərbaycanlıları Konqresinin Niderlandın Amsterdam şəhərində keçirilən qurultayında iştirak edib. Qurultaydan sonra Almaniyanın WRT telekanlına müsahibəs verən Dirəxti bu haqda da danışıb. O, müsahibəsində Azərbaycanın multikultural və tolerant ölkə olduğunu bildirib. Azərbaycanda keçirilən beynəlxalq idman yarışları haqda məlumat verib. “Azərbaycanı ana vətəni” adlandırıb.

Siyavuş Dirəxti Azərbaycanda da olub.


Müəllif: Mənsur Rəğbətoğlu