Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Nazim Muradov kimya sahəsində dünyanın ən tanınmış mütəxəssislərindən biridir. O, 1947-ci il iyunun 5-də Qazax rayonunda dəmiryolçu ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
On beş ilə yaxın Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya İnstitutunda fəaliyyət göstərib.
1975-ci ildə Rusiya Elmlər Akademiyasının Fiziki-Kimya İnstitutunda kimya üzrə fəlsəfə doktoru, 1990-cı ildə isə kimya elmləri doktoru elmi dərəcələrinə yiyələnib.
Gözlənilməz təklif
1970-ci illərdə dünyada “Hidrogen enerjisi” adlı yeni enerji texnologiyası istiqaməti yarandı. O dövrdə SSRİ-nin tərkibində olan Azərbaycanda da yerli elm adamları bu yeni elmi-texniki istiqamətin perspektivini dəyərləndirməyə başladılar. Azərbaycan Sovet İttifaqında bu yeni sahəyə üz tutan ilk respublikalardan biri oldu. Azərbaycandakı yeni araşdırmalar AMEA-da Hidrogen Enerjisi üzrə Elmi Şuranın qurulması ilə nəticələndi. Nazim Muradov bu şuranın elmi katibi təyin edilir. O vaxtdan bəri həyatını hidrogen enerjisi sahəsinə bağlayır. Amma elmi fəaliyyətinin mahiyyətinə görə çox geniş problemlərin öhdəsindən gəlməli olur: fotokataliz üzrə fundamental tədqiqatlardan tutmuş bioyanacaq istehsalı üçün iri texnoloji qurğuların tikintisi və sınaqlarına qədər.
Azərbaycanlı alim 1989-cu ildə Mayamidə keçirilən “Enerji və ekologiya” adlı beynəlxalq konfransa “Günəş hidrogeninin istehsalı” ilə bağlı məruzə ilə çıxış etməyə dəvət olunub. Konfransdan sonra Florida Günəş Mərkəzində işləmək təklifi alıb, o gündən bəri burada çalışır.
Amerikadakı elmi fəaliyyəti
Nazim Muradov 1990-cı ildə Florida Universitetinin (UCF) Günəş Enerjisi Mərkəzində (FSEC) işləməyə başlayıb. Onun əsas tədqiqat sahələrinə termokatalitik və fotokatalitik hidrogen istehsalı sistemləri, bioyanacaqlar, qalıq yanacaq dekarbonizasiyası, hidrogen sensorları, təhlükəli tullantıların və nanostrukturlu karbon materiallarının detoksifikasiyası və s. daxildir.
Nazim Muradov NASA və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan bir sıra elmi araşdırmaların baş tətdiqatçısı olub. O, NASA-nın tədqiqat qrupunun üzvü kimi Kosmos İdarəsinin “Space Shuttle Endeavour” missiyası zamanı uğurla sınaqdan keçirilmiş unikal hidrogen sensorunun hazırlanmasında iştirak edib.
Nazim Muradov bir neçə əsas təqdimat və plenar mühazirələr daxil olmaqla, yüzdən çox milli və beynəlxalq görüşlərdə məruzələrlə çıxış edib. Onun “Röyter”in “Essential Science Indicators” jurnalında nəşr olunmuş “Karbohidrogendən hidrogenə - karbondan hidrogen iqtisadiyyatına” məqaləsi hidrogen iqtisadiyyatının tədqiqat sahəsində aparılan araşdırmalarda ən çox istinad edilən məqalələrdən biridir.
Pentaqon və NASA-nın layihələri
Azərbaycanlı alim ABŞ-ın Milli İxtiraçılar Akademiyasının üzvüdür. Adı “Amerikada kim kimdir və elmdə kim kimdir?” ensiklopediyasında yer alıb. Hidrogenin əldə edilməsi və istifadə olunması ilə bağlı ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) ilə birgə bir sıra elmi araşdırma layihələri üzərində işləyir.
NASA kosmik proqramları üçün əsas yanacaq kimi hidrogendən istifadə edir. Bu baxımdan NASA-nın ən çox axtardığı mütəxəssislərdən biri Nazim Muradovdur. O, buradakı həmkarları ilə kosmik gəmilər üçün hidrogen sensorlarının hazırlanması üzrə layihələr üzərində işləyir.
Muradov və həmkarlarının hazırladığı və patentləşdirdikləri cihaz “Shuttle” kosmik gəmisinin buraxılışı zamanı uğurla sınaqdan keçirilib və istifadə olunur.
NASA ilə yanaşı, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən maliyyələşdirilən elmi proyektin, həmçinin Qətərin Aparıcı Elmi Araşdırmalar Fondu tərəfindən maliyyələşdirilən sudan hidrogenin alınması üzrə layihənin əsas elmi rəhbəri olub. ABŞ Kənd Təsərrüfatı Departamentinin energetika ilə bağlı layihələri üzrə milli rəyçilər qrupunun üzvüdür.
Nazim Muradov, eyni zamanda, Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının (IAHE) Direktorlar şurasının üzvüdür. Madrid Qabaqcıl Elmlər İnstitutunun (IMDEA-İspaniya) elmi şurasının üzvü və 2006-cı ildən “Hidrogen enerjisi” (“Journal of Hydrogen Energy”) beynəlxalq jurnalının redaktorudur.
Nüfuzlu universitetlərdə mühazirə
Nazim Muradov ABŞ-ın Kembric, Hollandiyanın Vrije, İspaniyanın Rey Xuan Karlos, Yaponiyanın Tokio Elm və Səudiyyə Ərəbistanının Səud Aramko universitetlərdə seminar və mühazirələr oxumaq üçün dəvət olunub. O, bir neçə dəfə Ümumdünya Hidrogen Enerjisi Konfransı və Amerika Kimya Cəmiyyətinin iclasları zamanı texniki sessiyalara sədrlik edib, bir sıra beynəlxalq konfrans və simpoziumlarda elmi komitələrin və məsləhət şuralarının dəvət olunmuş üzvü olub.
Nazim Muradov 2 kitabın, 200-dən çox elmi məqalə və ensiklopediya məqalələrinin müəllifidir. Alternativ yanacaq və ekologiyanın təmizlənməsi sahələri üzrə 50 patentləşdirilmiş kəşfin müəllifi və həmmüəllifidir.
Uğurlarına verilən mükafatlar
2018-ci ildə IAHE-nin beynəlxalq “Jül Vern” mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fəxri professoru”dur.
2018-ci ildə Rusiya Milli Hidrogen Enerjisi Assosiasiyası tərəfindən yubiley medalı ilə təltif olunub.
2017-ci ildə ABŞ-da “Tədqiqatda mükəmməllik” mükafatını alıb.
2016-cı ildə ABŞ Milli İxtiraçılar Akademiyasının təqaüdünə layiq görülüb.
2016-cı ildə Çində “Ən yaxşı məqalənin müəllifi” adını alıb.
2015-ci ildə ABŞ-da “Ən yaxşı elmi məqalə” onunku olub.
2014-cü ildə beynəlxalq “İxtiralar Oskarı”na layiq görülüb.
2013-cü ildə “Orlando Buisness Journal”-nın “Amerikanın ən məhsuldar ixtiraçısı” adını alıb.
2012-ci ildə ABŞ-da “Tədqiqatda mükəmməllik” mükafatının sahibi olub.
2010-cu ildə Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının təqaüdünə layiq görülüb.
2010-cu ildə Amerikada “Ən yaxşı 25 məqalə” siyahısında 9-cu sırada qərarlaşıb.
2010-cu ildə NASA-nın “Mavi mərmər” mükafatına namizəd göstərilib.
2009-cu ildə “Röyter”in “Ən çox istinad edilən məqalənin müəllifi” adını qazanıb.
2003-cü ildə “Tədqiqata təşviq” mükafatına layiq görülüb.
1996-cı ildə Beynəlxalq Avtomobil Mühəndisləri Cəmiyyətinin mükafatını alıb.
1996-cı ildə “İlin görkəmli tədqiqatçısı” olub.
Adı “Amerikada kim kimdir və elmdə kim kimdir?” ensiklopediyasına yazılıb.
Şəxsi həyatı
İki övladı var. Böyük oğlu əczaçılıq kollecini bitirib, xəstəxanada işləyir, qızı peşəkar skripkaçıdır. Qızı Nyu-Yorkun məşhur Karneci salonunda keçirilən beynəlxalq gənclər müsabiqəsində qalib gəlib.
Həyat yoldaşı Pərvin Muradova Azərbaycan Milli Konservatoriyasının məzunudur, indi Floridada kollecdə professordur.
Nazim Muradov vaxt tapdıqca Bakıya, buradakı qohumları və dostları ilə görüşməyə gəlir. 30 ildən çoxdur Amerikada yaşamasına baxmayaraq, öz doğma vətəninə - Azərbaycana bağlı olduğunu deyir.