1 Dekabr 2021 14:52
4 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam müasir dünyada ardıcıllarının sayına görə ikinci dindir – təxminən 1,9 milyard insan və ya dünya əhalisinin demək olar ki, dörddə biri bu dinə etiqad edir.

Teleqraf.com bildirir ki, bu gün dünyanın 30-a yaxın ölkəsində əhalinin 90%-dən çoxu müsəlmandır. Onların arasında Əlcəzair, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Banqladeş, Sudan və digərləri kimi böyük dövlətlər var. Ancaq müsəlman əhalinin sayına görə ən böyük ölkələr İndoneziya (231 milyon nəfər və ya ölkə əhalisinin 86,7%-i), Pakistan (212 milyon nəfər və ya ölkə əhalisinin 96,5%-i) və Hindistandır (təxminən 200 milyon və ya ölkə əhalisinin 14,6%-i).

Bütün müsəlmanların təxminən 1,7 milyardı ən böyük məzhəbə – sünni məzhəbinə (1,7 milyarddan çox insan və ya bütün müsəlmanların 87-90%-i) mənsubdur. İkinci məzhəb kiçikdir – bunlar şiələrdir (təxminən 10-13% və ya təxminən 200 milyon nəfər).

Müsəlmanların böyük əksəriyyətinin Yaxın Şərqdə, Afrikada və ya Asiyada yaşamasına baxmayaraq, islam həm də Avropada xristianlıqdan sonra ikinci əhəmiyyətli dindir və Avropa ölkələrində müsəlman icmalarının təşəkkül tapmasının tarixi o qədər də qədim deyil. Amma Balkan ölkələrində, Cənubi Qafqazda və Volqaboyu ərazisində müsəlman icmaları uzun əsrlərdir ki, mövcuddur.

Bəzi Avropa ölkələri və regionları ilə bağlı “müsəlman Avropası” terminindən istifadə olunur. Bunlar əhalisinin əksəriyyətinin islam dininə etiqad etdiyi Albaniya, Türkiyə, Bosniya və Herseqovina və qismən tanınmış Kosovadır. Bura, həmçinin Bolqarıstanın, Serbiyanın, Monteneqronun bəzi regionları, habelə Rusiya Federasiyasının bəzi subyektləri daxildir. Xəritəyə nəzər salaq:

Göründüyü kimi, Rusiyada əhalinin təxminən 10%-i islam dininə etiqad edir. Bu, təxminən 14 milyon nəfər deməkdir. Rusiya bu göstəriciyə görə Fransaya yaxındır. Ancaq Fransadakı müsəlman əhali əsasən Afrika və Yaxın Şərqdən gələn miqrantlardan ibarətdir. Rusiyadakı müsəlmanlar isə ölkənin yerli əhalisidir.


Müəllif: Səxavət Həmid