25 Dekabr 2023 20:18
4 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benito Amilkare Andrea Mussolini 29 iyul 1883-cü ildə İtaliyanın şimalındakı Predappio şəhərində anadan olub. Atası dəmirçi idi. Bölgədə məşğulluq perspektivləri zəif idi, buna görə 1902-ci ildə Mussolini İsveçrəyə köçdü və burada sosialist siyasətinə qarışdı. 1904-cü ildə İtaliyaya qayıtdı. Sosialist mətbuatında jurnalist kimi çalışdı. Sonra Piccolo Duce (Kiçik Lider) ləqəbini aldı. Mussolini Birinci Dünya müharibəsinin əvvəlində sosialistlərə qarşı düşmüşdü, çünki qəzet səhifələrindən italyanları Antanta tərəfini tutmağa çağırmışdı. Cəbhədən qayıdan və siyasi baxışlarını yenidən nəzərdən keçirən Mussolini 1919-cu ilin martında bir çox işsiz müharibə veteranının dəstəyi ilə güclənərək Faşist Partiyasını qurdu. O, onları Qara Köynəklilər kimi tanınan silahlı dəstələr şəklində təşkil etdi. Mussolini 1921-ci ildə Faşist Partiyası koalisiya hökumətinə dəvət edildi.

Romaya yürüş

1922-ci ilin oktyabrına qədər İtaliya sanki siyasi xaosa sürüklənirdi. Qara Köynəklilər Roma üzərinə yürüş etdilər. Mussolini özünü asayişi bərpa etməyə qadir olan yeganə insan kimi göstərdi. Kral Viktor Emmanuel Mussolinini hökumət qurmağa çağırdı. Mussolini tədricən demokratik hökumət institutlarının üstündən xətt çəkdi. 1925-ci ildə "İl Duce" titulunu alaraq özünü diktator elan etdi. O, İtaliyanı böyük Avropa dövləti kimi bərpa etməyə cəhd göstərməyə başladı. Rejim güclü dövlət nəzarəti və Mussolini şəxsiyyətinə pərəstiş ilə bir yerdə idi.

“Mussolini həmişə haqlıdır”

Diktatorların bacardığı ən gözəl işlərdən biri hadisələri xalqa faciəvi formada çatdırmaq idi. Siyasətçilərin xalqın gözü qarşısında "hamımız acından öləcəyik" deməyi səfeh düşüncə kimi görünə bilər, amma Mussolini bu fürsətdən kifayət qədər layiqincə istifadə edə bildi. Faşist hərəkatları tez-tez demokratik vasitələrlə hakimiyyətə gəlsələr də, bu onların demokratiyaya sadiq qalacağı mənasına gəlmir. Faşistlər liberalizmi vaxtı keçmiş, uğursuz ideologiya hesab edirlər.

Artıq faşizm ideologiya yox, siyasi qüvvə idi, amma Mussolini demokratiyanın qanunlarına uyğun hərəkət etməyəcəkdi. Seçkilərdə xalqın dəstəyi ilə seçilən Mussolinidən xalq uğurlu islahat gözlədiyi halda o, tam əksini etdi. Faşizmi sadəcə ideologiya yox, siyasi qüvvəyə çevirə bildi. Bütün demokratik cəmiyyətlərin əsas dayağı olan azad məhkəmə və hüquq sistemi ləğv edildi. Bununla da o, açıq formada parlamentdə diktatorluğunun başladığını elan etdi. Mussolini növbəti iki ildə İtaliyadakı digər demokratik qurumları da sistemli şəkildə yox etdi. Mediadakı senzura artdı. Bütün mənfi xəbərlər qadağan edildi. Faşizmin 10 əmrindən biri belə idi: “Mussolini həmişə haqlıdır”. Mussolinin hərəkətləri və nitqləri getdikcə daha çox yayılırdı.

İki diktator bir arada

Mussolini və Hitler ilk dəfə 1934-cü ildə görüşdülər. Ortaq faşizm ideologiyasına baxmayaraq, şəxsən bir-birlərini sevmirdilər. Üstəlik, onların İtaliya və Almaniyaya qarşı millətçi ambisiyaları nə vaxtsa qaçılmaz olaraq toqquşacaqdı. İki dövlətin bir-birinə ehtiyacı var idi. Çünki hər ikisi Avropanın təşkilatlanmasını öz xeyrinə yenidən işləməyə çalışırdılar. İkisi arasındakı ittifaq 1939-cu ildə İtaliya və Almaniyanı müharibə vəziyyətində bir-birini hərbi və iqtisadi cəhətdən dəstəkləməyi öhdəsinə götürən “Polad Paktı” ilə möhkəmləndi. Bir neçə ay sonra Almaniya Polşanı işğal etdi. İkinci Dünya müharibəsi başladı, İtaliyanı Axis dövlətlərinin tərəfinə gətirdi. Lakin Mussolini ərazi fəthlərinə can atırdı. Onlar olmadan İtaliyada sosial təminat mövcud ola bilməzdi. Sonra Hitlerə yaxınlaşıb, Almaniya və Yaponiya ilə ittifaqa girdi. Bu yaxınlaşma isə İtaliyanı II Dünya müharibəsinin uçurumuna sürüklədi. O, Tədricən müharibənin fonunda geri çəkildi. İtaliya üçün müharibə son dərəcə uğursuz oldu. İlk hərbi uğurlar tez bir zamanda məğlubiyyətlərə yol verdi və 8-ci İtalyan Ordusu Stalinqradda məğlub oldu.

Mussolini və qadınları
İtalyan diktator haqqında Amerikalı yazıçı Robert Busortun “Klaretta: Mussolinin son sevgisi” adlı kitabında şok faktlar qeyd edib:

Kitaba görə, hakimiyyəti dövründə adından söz etdirən Mussolini qadınların böyük maraq göstərib. Güc və qadın kimi iki ehtirasa malik Mussolinin hər gün 4 qadınla cinsi əlaqədə olduğu iddia edilir. 1932-ci ilin aprelində Romada bir yaz günündə tanış olduğu 20 yaşlı Klaretta Pettaci onun həyatında sonuncu qadın olduğu deyilir.


Yolun sonu

1945-ci ilin yazında Almaniyanın məğlubiyyətinin qaçılmaz olduğu aydın oldu. Ona görə də Mussolini və məşuqəsi Klara Petaççi ilə İsveçrəyə qaçmağa cəhd etdi. Onlar İsveçrəyə çatmazdan əvvəl tutuldu. Dərhal kommunist partizanları tərəfindən həbs olundular. Mussolini 28 aprel 1945-ci ildə edam edildi. Daha sonra Mussolininin cəsədi Milana gətirildi və burada onun öldüyünü İtaliya xalqına sübut etmək üçün digər aparıcı faşistlərlə birlikdə ictimaiyyət qarşısında başıaşağı asıldı.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər