İran Ermənistana hərbi cəhətdən kömək etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“İran Ermənistan, xüsusilə də Sünik (Zəngəzur) ətrafında yaranmış vəziyyətdən ciddi narahatdır. İranın Ermənistanın cənubunu özü üçün həyati istiqamət hesab etdiyini nəzərə alsaq, bu narahatlıq tamamilə təbiidir”, - Abramyan bildirib.
Onun sözlərinə görə, İran üçün Qarabağ və Zəngəzur coğrafi və geosiyasət baxımından bütövdür:
“İranlı həmkarlarımla aparılan müzakirələrin nəticələrinə əsasən, məndə belə güclü təəssürat yarandı ki, Tehran Ermənistanla hərbi sahədə əməkdaşlığı intensivləşdirmək, bu əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq üçün yollar və mexanizmlər axtarır”.
Abramyan etiraf edir ki, İran Ermənistanı Türkiyə-Azərbaycan ittifaqı qarşısında güclü görmək istəyir.
Eyni zamanda, Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsinin İran nöqteyi-nəzərindən nəyi ehtiva etdiyi və onun konkret hansı istiqamətləri əhatə edə biləcəyi hələ də bəlli deyil.
Abramyan söyləyib ki, İran hərbi təlimatçıların göndərilməsi, birgə təlimlərin keçirilməsi barədə danışır, Zəngəzurda hərbi əməkdaşlığın gücləndirilməsinə dair eyhamlar var.