Hakan Fidan 1968-ci il iyulun 17-də Ankarada doğulub. Tərcümeyi-halı ilə bağlı çox az məlumat var. Hərbi məktəb məzunu olan Fidan akademik təhsilinin böyük hissəsini Türkiyə Silahlı Qüvvələrində (TSQ) xidmət etdiyi müddətdə başa vurub. 1986-cı ildə kiçik zabit rütbəsində hərbi xidmətə başlayıb. Rabitə kəşfiyyatında kiçik zabit olub, Türkiyə Silahlı Qüvvələri tərəfindən bir müddətlik Almaniyaya göndərilib. Üç il NATO-nun qərargahında Çevik Hücum Korpusunda xidmət edib. Eyni dövrdə universitetə daxil olub, Siyasi elmlər fakültəsini bitirib.
Hakan Fidan üçün hər şey 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidara gəlməsi ilə dəyişməyə başladı. Fidan 2003-cü ildə AKP iqtidarı tərəfindən qurulan və məqsədi SSRİ-nin dağılmasından sonra müstəqil olan türk cümhuriyyətləri ilə əlaqələri və koordinasiyalı əməkdaşlığı inkişaf etdirmək olaraq müəyyən edilən Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) prezidenti təyin edildi. Bu vəzifə onun AKP ilə yüksəlməyə başlayan karyerasının ən mühüm pilləsi oldu. Daha sonra bu qurumdakı peşəkarlığı və istedadı ilə Ərdoğanın diqqətini çəkir və 2007-ci il noyabrın 14-də Baş Nazir Aparatının müşaviri vəzifəsinə təyin edilir.
Türkiyənin Yaxın Şərqdəki kritik fəaliyyətlərinin pik həddə çatdığı vaxtda Milli Kəşfiyyat Təşkilatına (MİT) nəzarət Ərdoğanın yaxın adamı Hakan Fidanda idi. Fidanın Ərdoğana nə qədər yaxın olması ilə bağlı ən açıq məlumatlar "Oslo protokolları"nın yayımlanması ilə ortaya çıxdı. Həmin protokollara görə, Hakan Fidan Baş Nazir Aparatında müşavir işlədiyi günlərdə Ərdoğan tərəfindən PKK terror təşkilatı ilə danışıqlar aparmaq üçün Osloya göndərilib.
Hakan Fidanın Ərdoğana yaxınlığı MİT-in o zamankı müşaviri Afət Günəşin onu PKK heyətinə təqdim etdiyi bu sözlərdə gizlənir:
"Cənab Fidan bizimlə bu görüşdə iştirak edir. Baş Nazir Aparatının müşaviridir, baş nazirin (Ərdoğan) ən yaxın adamlarından biridir".
PKK-nın qurucularından Mustafa Karasu Hakan Fidanın qatıldığı toplantının 2009-cu ilin avqustunda keçirildiyini söyləyib. İddiaya görə, Fidan Ərdoğanla yaxından işləməyə başladıqdan cəmi iki il sonra ən çox güvəndiyi isimlərdən biri olur, “qara qutu”ya çevrilmə prosesi də o günlərdən başlayır.
Oslo danışıqlarının mətbuata sızmasından sonra xüsusi səlahiyyətli prokuror Sadrettin Sarıkaya tərəfindən ifadəsi alınmağa çağırılan Hakan Fidan AKP hökumətinin yaşadığı ən böyük siyasi böhranlardan birini alovlandırmışdı...
Fevralın 7-də ifadə verməyə gedəcəyi təqdirdə həbs olunacağını bilən Ərdoğan Fidana bunu etməmək göstərişi verdikdən sonra "Gülən camaatı" və Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə ilk böyük mübarizə başladı. Ərdoğan sonradan o günlərlə bağlı Fidan haqda “öncə onu, sonra məni aparacaqdılar” demişdi.
Ərdoğanın o zamankı açıqlamasında Fidanla bağlı bu ifadələr də diqqət çəkir:
“MİT hadisəsində baş verənlərə səssiz qalmaq mümkün deyil. Niyə? Bu, mənim müalicə aldığım dövrə təsadüf edirdi. (Hakan Fidan) Mənim sirr küpüm, Türkiyə Cümhuriyyətinin gizli xəzinəsidir. Türkiyənin gələcəyi üçün bir sirr küpüdür. Bu missiyanı beynəlxalq səviyyədə yerinə yetirənlər agent kimi təsvir edilir. Amma onlar əməliyyat aparanda dövlət adından tapşırıqla gedirlər”.
O dönəm ölkə kəşfiyyatının başında duran Hakan Fidan xarici işlər naziri Əhməd Davudoğlu və Baş Qərargah rəisinin müavini Yaşar Gülərin qatıldığı toplantının mediaya sızdırılan səsyazısı ilə gündəmə gəlmişdi.
Fidanın tarixə düşən sözləri belə idi:
“Suriyaya müharibə üçün bəhanə lazım olsa, ora dörd adam göndərərəm, səkkiz raket atdıraram, bu da olar səbəb”.