9 Mart 09:39
9 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stalinin adından danışa bilən yeganə şəxs - Georgi Jukov 1896-cı ildə Rusiyanın Kaluqa vilayətinin Strelkovka kəndində anadan olub. Uşaq yaşlarından əvvəlcə doğma kəndində, sonra Moskvada müxtəlif işlərdə çalışıb.

I Dünya müharibəsi başladıqdan sonra orduya çağırılan Jukovun karyera yüksəlişi buradan başlayıb. 1917-ci il Oktyabr İnqilabından sonra Bolşevik Partiyasının üzvü olaraq Qırmızı Orduya qoşulub. 1918-1921-ci illərdə Rusiya vətəndaş müharibəsi dövründə xüsusi fəallıq göstərib. Amma onun hərbi dövrünün zirvəsi II Dünya müharibəsindəki rolu olub.

Moskvanı almanlara verməyəcəyik!

22 iyun 1941-ci il Almaniya SSRİ-yə hücum etdi. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman hərbçiləri ani zərbə ilə Sovet ordusunu məğlubiyyətə uğratdı. Qısa müddətdə almanlar Kiyev və Leninqrad şəhərlərini mühasirəyə aldı. 29 iyul tarixində Kremldə keçirilən müşavirədə ordunun Baş Qərərgah rəisi Jukov qoşunların Kiyevdən geri çəkilməsini təklif edir, bu addımın atılmasının zəruriliyini də Stalinə məntiqli şəkildə əsaslandırır. Jukovun göstəriş formasında dediyi fikir Stalini özündən çıxarır:

- Yoldaş Jukov, bu sərsəm fikirlərinizlə Kiyevi təslim etməyə necə cürət tapırsınız?

Jukov cavab verir:

- Yoldaş Stalin, əgər mən bir Baş Qərərgah rəisi kimi sərsəm fikirlər söyləyirəmsə, demək, öz yerimdə deyiləm. Xahiş edirəm bu məsul vəzifədən azad edilməyim üçün göstəriş verəsiniz.

Bundan sonra, Jukov Baş Qərərgah rəisi vəzifəsindən azad olunduqdan sonra, Leninqrad cəbhəsinə göndərilir. Lakin sonralar məlum olur ki, fikirlərində həmişə qətiyyətli və qarşısındakının kimliyindən asılı olmayaraq sözünü deməyi bacaran Jukov həmin müşavirədəki fikirlərində də yanılmayıb. Sentyabr ayında alman ordusu Kiyevi zəbt edir, 600 000 sovet əsgəri əsir götürülür. Payız aylarında artıq alman qoşunları Moskva ətrafında olur. Çıxış yolu tapmaqda çətinlik çəkən Stalin Jukovu köməyə çağırır və şəhərin müdafiəsini ona tapşırır. Paytaxtın köçürülməsi haqqında qərara imza atdıqdan sonra Stalin Jukovdan soruşur:

- Yoldaş Jukov, sizcə ordumuz Moskvanı qoruya biləcəkmi?

Jukov əmin şəkildə cavab verir:

- Yoldaş Stalin, buna şübhə etmirəm. Moskvanı almanlara verməyəcəyik.

Jukovun qətiyyətli cavabı Stalini təsirləndirir. Stalin ona inanaraq Moskvanı tərk etmir. “Stalin müharibənin ən ağır vaxtlarında Moskvanı tərk etmədi” kimi az qalsın ki, şüara çevriləcək həmin ifadə, məhz Jukovun qətiyyətinin məhsuludur.

Jukov olan yerdə qələbə var

Stalin artıq Jukova inanırdı və bilirdi ki, Jukov olan yerdə qələbə var. O bir yana, digər yüksəkçinli hərbçi və məmurlar bir yana idi. Stalin Ali Baş Komandan kimi Jukovu müavin seçmişdi. Yeganə şəxs idi ki, təxirəsalınmaz qərarların verilməsində Stalinin adından danışmaq səlahiyyəti var idi. Müharibə illərində ön, arxa cəbhədə həlledici sözü Jukov deyirdi. Heç bir müzakirəyə yer qoymamaq üçün əlavə edirdi: “Birinci ilə razılaşdırılıb...”.

Tarixi faktlar

Müharibə vaxtında Jukov hansı cəbhəyə gedərdisə, almanlar artıq əmin olurdular ki, tezliklə sovet qoşunları hücuma keçəcəklər. Təbii ki, bu qələbələr də asan başa gəlməyib. Marşal Jukovun rəhbərlik etdiyi hərbi əməliyyatlar zamanı yüz minlərlə hərbçi itirilib. Bəziləri hesab edirdilər ki, onun qazandığı qələbələrin əksəriyyəti “Pirr qələbəsi” olub. Məsələn, adsız təpəni almaq üçün marşal heç bir ehtiyac olmadan bir diviziya əsgəri qırğına verib. Həmin əməliyyatlarda iştirak edib. Sağ qalan bəzi veteranlar indi də bu addımlarına görə ona lənət oxuyurlar. Jukovun nüfuzuna xələl gətirən başqa fakt isə, onun Berlin və digər Almaniya şəhərlərinin qarət olunması barədə şifahi əmr verməsi idi. Tarixi faktlar da sübut edir ki, Almaniya işğal olunduqdan sonra sovet əsgərləri günlərlə şəhərləri qarət edib, minlərlə qadın zorlanıb, işgəncələrə məruz qalıb. Jukov Almaniyadan özü üçün 19 vaqon qənimət gətirmişdi. Bu qənimətlər arasında qızıl-zinət əşyaları, xəz kürklər, alman evlərindən götürülən pianolar, müxtəlif geyimlər hətta “Mersedes” markalı avtomobil belə var idi.

Hücum əməliyyatlar

Əslində, hər şey müharibədən dərhal sonra başlamışdı. 1942-ci ildə Jukov dörd əsas cəbhədə hücum əməliyyatında sovet qoşunlarına birbaşa komandanlıq etdi: Moskva əks-hücum (7 yanvar 1942-ci ilə qədər), Rjev-Vyazemsk əməliyyatı (8 yanvar - 20 aprel 1942), 1-ci Rjev-Sıçevsk əməliyyatı (30 iyul - 23 avqust 1942), 2-ci Rjev-Sıçevsk əməliyyatı və "Mars" əməliyyatı (25 noyabr - 20 dekabr 1942). Moskva ətrafındakı döyüş, Stalinqrad əməliyyatı, Berlinin alınması bütün bunlar Marşal Jukovun adı ilə bağlıdır. Müharibədən sonra Jukov Almaniyada Sovet İttifaqı Zonasının ali hərbi komandiri idi. 1946-cı ildə quru qoşunlarının baş komandanı təyin olunur. Artıq marşal şöhrətinin zirvəsində idi. Heç kim onun bu zirvədən tezlikdə enə biləcəyini ehtimal belə etmirdi. Jukovun bu şöhrəti hər şeyə şübhə ilə yanaşan Stalini ona da ehtiyyatla yanaşmağa məcbur edirdi.

Stalinin yox, Jukovun şərəfinə...

Berlin əməliyyatının komandanı Jukov Qərb mətbuatında "Stalinin varisi" olaraq göstərilirdi. Həmçinin, 1945-ci ilin yayında Podstamda "Böyük üçlüy"ün görüşü zamanı maraqlı hadisə baş vermişdi. İngiltərə səfirliyində Uinston Çörçilin qəbulunda ABŞ prezidenti Truman Stalinin şərəfinə badə qaldırır. Çörçil isə badəsini qaldıraraq, bunu Stalinin yox, Jukovun şərəfinə içməyi təklif edir. Stalin gülümsəyərək qədəhi başına çəkir və axıracan içir. Amma bu hadisəni yadından çıxarmır...

Gözlənilməz hadisə

1946-cı ildən başlayaraq Jukovun başının üstünü qara buludlar alır. Daxili işlər naziri Lavrenti Beriya və dövlət təhlükəsizliyi naziri Viktor Abakumov onun haqqında kompromatlar hazırlamağa başlayır. Stalin bütün rəhbər vəzifəlilərin iştirak etdiyi ali hərbi şuranın iclasında Jukovu sərt tənqid edir və onun iclas zalında həbsi gözlənilir. Amma bu vaxt sovet tarixi üçün gözlənilməz bir hadisə baş verir. Bir neçə marşal Jukovun müdafiəsinə qalxır. Bu Stalini o qədər təəccübləndirir ki, o geri çəkilmək məcburiyyətində qalır. Onu quru qoşunlarının baş komandanı vəzifəsindən azad edərək Odessa Hərbi Dairə rəisi təyin edib mərkəzdən uzaqlaşdırırlar. 1947-ci ildə o partiyanın Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər siyahısından da çıxarılır. Daha sonra Jukov Urala göndərilir və 1952-ci ilə qədər orada çalışır. Stalinin ölümündən sonra Jukov müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Moskvada isə Lavrenti Beriya və Nikita Xruşov arasında hakimiyyət üstündə siyasi mübarizə başlayır. Amma ordunun dəstəyi olmadan heç kim hakimiyyəti ələ keçirə bilməzdi. Ona görə də hər ikisi orduda böyük nüfuz sahibi olan "qalib marşal"ı öz tərəfinə çəkmək istəyirdi. Vaxtı ikən Beriyanın onu həbs etdirməsi üçün əlindən gələni etdiyini bilən Jukov Xruşovun yanında yer alır.


Jukovun sonunu gətirən cümlə

1953-cü ilin yayında o özünün generallar qrupu ilə birlikdə Mərkəzi Komitə Rəyasət Heyətinin iclasındaca daxili işlər naziri Lavrenti Beriyanı həbs edir. Bu çevriliş Marşal Jukovun karyerasında yeni yüksəliş dövrünün əsasını qoyur. O Mərkəzi Komitə Rəyasət Heyətinin üzvlüyünə seçilir və sonra SSRİ-nin müdafiə naziri təyin olunur. 1957-ci ildə Mərkəzi Komitə Rəyasət Heyətinin üzvləri bu dəfə Xruşova qarşı çevriliş hazırlayır və onu vəzifəsindən azad etmək istəyirlər. Lakin Jukov iclasa gəlişi həlledici rol oynayır. O, Xruşovun müdafiəsinə qalxır:

“Əgər bugünkü iclasda yoldaş Xruşovun vəzifədən azad edilməsi barədə qərar qəbul edilsə, onda birbaşa orduya və xalqa müraciət edəcəm”.

Jukov bu sözlərlə çevrilişin qarşısını alır. Onun işlətdiyi bu cümlə yalnız Rəyasət Heyətini yox, həmçinin Xruşovun özünü də qorxuya salmışdı. Necə yəni orduya və xalqa müraciət edəcəm. Belə çıxırdı ki, ordu və xalq Jukovun sözünü dinləyir. Elə bu ifadə Jukovun da sonunu gətirir. Cəmi bir neçə ay sonra onu hərbi çevrilişə cəhddə ittiham edərək bütün vəzifələrindən azad edərək təqaüdə göndərirlər və bir daha heç bir vəzifə təklif etmirlər.

SSRİ-də bomba effekti

1964-cü ildə Nikita Xruşova qarşı daha bir çevriliş cəhdi olur. Amma bu dəfə onu heç kəs müdafiə etmir və o tutduğu vəzifədən azad edilir. Xruşovdan sonra hakimiyyətə gələn Leonid Brejnev də Georgi Jukovu hər hansı bir vəzifəyə təyin etmir. Onu tez-tez Kremlə tədbirlərə dəvət edirlər, müxtəlif rəsmi görüşlər keçirir, müharibə mövzulu filmlərdə məsləhətçi kimi iştirak edir. Amma yenə də heç bir iş vermirlər. 1969-cu ildə Georgi Jukovun "Xatirələr və düşüncələr" adlı kitabı çap edilir. Amma kitabın işıq görməsi də problemə çevrilir. Əlyazmalar nəşriyyata təqdim olunduqdan sonra onların nüsxələri Mərkəzi Komitəyə göndərilir, dəfələrlə müzakirə olunur, dəyişikliklər edilir, lakin son qərar verilmir. Çapı bir neçə il gecikdirilən kitabın əlyazmalarının bir neçə nüsxəsinin qərb ölkələrinə getməsi Moskvanı narahat edir. Onlar kitabın qərbdə daha tez çap olunmasından ehtiyat edərək nəhayət razılıqlarını verirlər. Kitab SSRİ-də bomba effekti verir. Cəmi bir neçə günə bütün nüsxələr satılır. Nəşriyyat kitabın yeni tirajla çap etdirmək məcburiyyətində qalır. Bu xalqın “Qələbə Marşalı”na nə qədər dəyər verdiyinin göstəricisi idi.

Marşalın sonu

Siyasi və hərbi fəaliyyəti kimi Jukovun şəxsi həyatı da kifayət qədər mürəkkəb olub. O 2 dəfə ailə həyatı qurub. İlk ailə həyatından 3 qızı, ikincidən isə 1 qızı olub. Marşalın eyni zamanda bir neçə məşuqəsinin də olduğu məlumdur. Georgi Jukov 1974-cü ildə, 77 yaşında keçirdiyi infarktdan sonra vəfat edib. Marşalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək, üzərinə mərmərdən xatirə lövhəsi vurulub. Marşal Jukov haqqında indiyədək bir çox kitablar, film, seriallar işıq üzü görüb. 4 dəfə Sovet İttifaqı Qəhrəmanı, 2 dəfə "Qələbə" ordeni, 6 dəfə Lenin ordeni, 3 dəfə Qırmızı Bayraq ordeni və saysız-hesabsız başqa mükafatları olan Georgi Jukov xalqın yaddaşında ən çox bir adla yadda qalıb. “Qələbə Marşalı”.


Müəllif: Əsəd Məmmədəliyev