19:56
266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazımızda Türkiyə Böyük Millət Məclisinin üzvü olmuş irəvanlı Abbasəli Çetin bəydən bəhs etmişdik. Çetinlə yanaşı Türkiyə parlamentinin daha bir irəvanlı üzvü olub: Rza İsmixanov.

R. İsmixanov 1906-cı ildə o zaman çar Rusiyanın tərkibində olan Qarsın Iğdır qəsəbəsində doğulub. Türkiyə Nafiə Vəkalətindən Xariciyyə Vəkalətinə göndərilmiş 22 noyabr 1939-cu il tarixli sənəddə onun haqqında maraqlı bilgilər mövcuddur. Belə ki, 23 oktyabr 1939-cu il tarixli müraciətində onun Iğdırda Su işləri idarəsinin 10-cu şöbəsində hesab məmuru işlədiyini görürük. Yazdığı ərizədə o, 1920-ci ilin sonunda İrəvan Gimnaziyasını 312 saylı şəhadətnamə ilə bitirdiyini, lakin istilalar zamanı vəsiqəsini itirdiyini qeyd edib. O, gimnaziyada oxuduğu zaman Iğdırın Qaraqoyunlu kəndinin sakini olduğunu, Türkiyədə Yalçın soyadını almamışdan öncə İsmixanov Rza Heydər oğlu ad-soyadını daşıdığını (anasının adı Matan olub) bildirib. Gimnaziyada oxuduğu zaman İran konsulxanasının yanında yerləşən Mirzə Cabbar Məhəmmədovun (Abbas oğlu) pansionatında 8 il qalıb. Bu ərizəni yazmaqda səbəbi də itmiş vəsiqəsinin surətinin əldə edilməsidir.

Göründüyü kimi İrəvan Gimnaziyasında təhsil almış Rza İsmixanov Qarsın ruslardan azad edilməsindən sonra Türkiyə vətəndaşı olub. 1934-cü ildə çıxan soyad qanunundan sonra Yalçın soyadını götürüb. Oğlu vəkil Ataman Yalçının bildirdiyinə görə, babası Heydər bəy və qardaşları Qaraqoyunlunun bəylərindən olublar. Ataman bəy də atasının ibtidai və orta təhsilini rus məktəblərində aldığını, lisey təhsili üçün İrəvana getdiyini təsdiqləyib. İrəvandakı məktəb yoldaşlarından biri də İrəvan kürdlərindən, sonralar TBMM üzvü olan Knyaz (Kinyas) Kartal imiş. İrəvanda təhsil aldığı üçün rus dilini də bilirmiş. Hərbi xidmətdən sonra əmisi Əziz Yalçının qızı ilə ailə həyatı qurub. Rza bəyin Əşrəf adında bir qardaşı, üç bacısı olub. (Əşrəf bəy Bursa şəhərində “Kömürcüoğlu” firmasında çalışıb. Xərçəng xəstəliyindən vəfat edib, Iğdırda dəfn olunub).

Iğdırda aktiv fəaliyyət göstərən Rza bəy Qarsın millət vəkili ünvanına qədər yüksəlib. O, Iğdırda Xalq Evinin sədri, daha sonra bələdiyyə sədri seçilib. Iğdırın qaimməqamı olmuş Sadık Artukmaç xatirələrində Rza Yalçının bələdiyyə seçkilərini qazanması ilə bağlı maraqlı hadisələrdən bəhs edib:

“26 may 1946-cı ildə bələdiyyə seçkiləri keçirildi. Iğdırın bələdiyyə sədri Osman Ataman idi. Atamanın rəqibi Rza Yalçın adında simpatik, zəki, çalışqan olduğu halından bəlli bir zat vardı. Seçkilərdə Osman Ataman ilə Rza Yalçın namizəd idilər. Osman Ataman qazanacağına olduqca inanmış, dövləti öz arxasında hesab edirdi. Rza Yalçın isə seçkini mütləq özünün qazanacağını, ancaq əvvəl olduğu kimi hökumət, bilavasitə qaimməqamlıq tərəfindən hər hansı bir müdaxilənin edilməməsini istəyirdi. Bundan əvvəlki seçkilərdə müxtəlif yollarla müdaxilə edildiyini, seçkini qazandığı halda Osman Atamanın qalib elan edildiyini israrla bildirir və dolayısı ilə qaimməqam olaraq mənim tərəfsiz olmağımı istəyirdi. Ona seçkilərə heç bir surətdə müdaxilə edilməyəcəyini, sandıq qaçırma və ya dəyişdirmə kimi hadisələrə əsla izn verilməyəcəyini qəti şəkildə bəyan etdim. Həqiqətən də, tərəfsiz bir ortamda seçkilər keçirildi. Sandıqlar bələdiyyə binasına qoyuldu. Seçki heyəti vəzifəsini yerinə yetirdi. Səslərin sayılması tamamlanmadığı üçün ertəsi günə saxlanıldı. Bu səbəblə sandıqlar bələdiyyə binasında mühafizə edildi. Heç unutmuram, Rza Yalçın çox həyəcanlı bir vəziyyətdə və mövqedə öz adamları ilə birgə heç kim binaya daxil olmasın və əvvəlki illərdəki kimi sandıqlar dəyişdirilməsin deyə bələdiyyə binasını mühasirəyə aldı. Bizim növbətçilərin yanında Rza Yalçının adamları da vəzifə başında oldular. Ertəsi gün səslərin sayılması tamamlandı. Rza Yalçın və qrupunun böyük səs çoxluğu ilə seçkiləri qazandığı aydın oldu”.

Oğlu Ataman Yalçın atasının Osman bəylə olan rəqabəti barədə bunları bildirib: “Atamın 1930 və 1940-cı illərdə Osman Atamanla bələdiyyə sədrliyi uğrunda mübarizə apardığı doğrudur. Lakin atam evdə Osman Atamanın əleyhinə heç bir söz deməzdi. Hətta bir vaxtlar bələdiyyə sədrliyini atamdan alıb Osman Atamana vermişdilər. Qardaşı Əli Atamanın dövlət yanındakı hörməti və Hüsnü Bingöldən (Iğdırın məşhur əmniyyət müfəttişi - D.Ə) aldığı xüsusi diqqət, Ataman ailəsini həm xalq, həm də dövlət nəzdində daha tərəfsiz bir mövqedə görünməsinə səbəb olurdu. Bu ədalətsiz vəziyyətə baxmayaraq, atam nə şikayət etdi, nə də əleyhinə danışdı”.

Rza bəy Iğdırda bələdiyyə sədri olarkən Keşiş bağı ərazisini və Narıncoğlu bağlarını satın alaraq xalqın xidmətinə vermiş, həmçinin Iğdırın su problemini həll etmişdi.

Rza bəy 24 dekabr 1952-ci ildə Cümhuriyyət Xalq Partiyasının Iğdır şöbəsinin sədri seçilib. Seçkilərdən sonrakı çıxışında o, CXP və qurucularına olan münasibətini açıq şəkildə ifadə edib: “CXP-nin mövcudluğuna və qüdrətinə inanmaq istəməyən qafil insanlar, bu möhtəşəm mənzərəni görüb xəcalət çəksinlər! Xalq Partiyası yaşayacaqdır! Çünki bunu quran Atatürk, davam etdirən İnönü və dəstək verən əsil türk millətidir. Əl-ələ verib çalışaraq bu böyük davada mütləq müvəffəq olacağıq. Mənə göstərdiyiniz diqqətə görə hamınıza təşəkkür edirəm”.

Rza bəy 1954-cü ilə qədər bu vəzifədə olub, həmin il CXP-dən Qarsın millət vəkili seçilib. 1957-ci ilə qədər TBMM üzvü olub. Bu dönəmdə Ankarada yaşayıb.

Yalçın bir müddət ticarətlə də məşğul olub. Qaraqoyunlu, Dize və Iğdırın mərkəzində un dəyirmanları işlədib. Həmçinin dükan açaraq velosiped və radio satışı ilə də məşğul olub. 1958-1960-cı illərdə Iğdırda “Güven Emlak”ın bürosunu açaraq fəaliyyət göstərib. 1961-ci ildə isə Yeni Türkiyə Partiyasından yenidən parlament üzvlüyünü qazanıb. YTP rəhbərliyi onu öz partiyalarından namizəd göstərmək üçün Qaraqoyunludakı evinə qədər ziyarətə gediblər.

Yalçının İsmət İnönüyə xüsusi sevgisi olub. Oğlu Ataman bəy bu barədə maraqlı hadisə qeyd edib: “Atam sanki doğuşdan CXP-li idi. Özünü partiyanın dəyərlərinə həsr edir, malını mülkünü bu yolda fəda edirdi. İlk dövr millət vəkilliyi (1954-1957) zamanı məni yanına alaraq Məclisdə İnönü ilə tanış etmişdi. Paşanın əlini ehtiramla öpmüş, utancaq bir şəkildə yanında dayanmışdım. Atamın İnönüyə xüsusi bir sevgisi var idi. Hətta 1960-cı illərdə YTP-dən ikinci dövr millət vəkilliyi zamanı (1961-1965) İnönü haqqında istintaq açılması üçün imza toplanarkən, atam ciddi bir qərarlılıqla, “O tarixi bir şəxsiyyətdir, yıxılması üçün imza atmaram!” deyərək qarşı çıxmışdı”.

Rza bəy 29 sentyabr 1967-ci ildə dünyasını dəyişib. Belə ki, iki il əvvəl millət vəkilliyi müddəti bitdiyi üçün Ankaradan Iğdıra köçməyə hazırlaşan Rza Yalçın əşyalarını yüklədikdən sonra açıq havada film izləyib, daha sonra evinə gedərək yorğunluğunu çıxarmağa çalışıb. Yüksək təzyiqdən əziyyət çəkdiyi üçün beyninə qan sızması nəticəsində yatağındaca vəfat edib.

Rza Yalçının 12 övladı olub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər