Teleqraf.com politoloq Əli Abbasovla müsahibəni təqdim edir:
- Papa Fransisk Ermənistanda səfərdə olarkən tarixdə “erməni soyqırımı”nın olduğunu elan etdi. Papanın bu mövqeyini nə ilə izah etmək olar?
- Papanın bu formada saxta soyqırımı haqqında danışması ağlasığmazdır. O, Avropadan deyil, Cənubi Amerikadan çıxmış şəxsdir. Güman ki, Avropada və bu regionda gedən proseslər, tarix haqqında geniş informasiyaya malik deyil. Həm də, bütün dünya deyirdi ki, Fransisk təmiz adamdır. Əgər o, dəqiq bilsə ki, həqiqət onun dediyi kimi deyil, bu zaman fikrini dəyişə bilər. Ancaq aydındır ki, Papaya belə informasiyaların kim tərəfindən verilməsi maraqlıdır. İkincisi, Fransiskə alternativ informasiya da təqdim edilməlidir. Papanın sentyabrda Azərbaycana səfəri bizim üçün böyük fürsətdir. Bu şansdan istifadə edərək Papaya doğru informasiya vermək, onu istiqamətləndirmək olar.
- Sizə elə gəlmirmi ki, Türkiyəyə qarşı açıq təzyiq kampaniyası müşahidə edilir?
- Təbii ki, bu baş verir. Almaniya Bundestaqının qərarını gördük. Təzyiqlər var və güclənib. Ancaq genosidin nə olduğunu beynəlxalq hüquq müəyyən edir. Yəni bu siyasi deyil, hüquqi anlayışdır. Əgər beynəlxalq hüquq genosid anlayışına qiymət versə, bu zaman çox ölkələr bu anlayışa daxil olacaq. Məsələn, Rusiya, Fransa, Almaniya, İtaliya, İngiltərə, Amerika və s. Odur ki, bu genosidin necə olması, onun forması və s. haqqında danışılmır. Ancaq indilikdə biz hüquqi deyil, sadəcə olaraq siyasi yanaşma görürük.
- Vaxtilə Papanın özü də 1054-cü ildə Palermoda xaç yürüşlərinə xeyir-dua verən nitq söyləmişdi...
- Bəli. Bu, faktdır. Ancaq o daha çox dinlə bağlı məsələdir. Türkiyənin yerinə olsaydım, tələb edərdim ki, soyqırımı anlayışını açıqlasınlar. Biz bilirik ki, indiyə qədər ancaq bir dövlətin genosid həyata keçirdiyini bütün dünya qəbul edir. Mən Almaniyanı nəzərdə tuturam. Ola bilsin ki, indi Almaniyaya bir şərik qoşmaq istəyirlər.
- Son günlər Türkiyə ilə İsrail arasında yaxınlaşma müşahidə edilir. İsrailin baş naziri Netanyahu Türkiyə ilə bağlı mühüm açıqlama verərək deyib ki, Türkiyə ilə anlaşma İsrail iqtisadiyyatına da böyük təsir edəcək. Bu, İsrail-Türkiyə münasibətlərinin düzəlməsi anlamını verirmi?
- Bu, normal prosesdir. O regionda bir-birilə bağlı dövlət elə Türkiyə ilə İsraildir. Odur ki, istər-istəməz onlar bir-birinə kömək etməlidir. Tarixdə də belə hallar olub. Vaxtilə cuhudları Avropadan qovanda Türkiyə onlara qucaq açıb. Təbii ki, onların arasında birlik olmalıdır. Yəni, bu, təbii prosesdir. Odur ki, indi münasibətlərin düzəldilməsi normaldır. Əlbəttə, Türkiyə və İsrailin həm də bir dövlət olaraq maraqları var və heç kim marağından imtina etməyəcək.
- Britaniya Krallığının Avropa Birliyindən çıxmasının hüquqi və siyasi nəticələr nədən ibarət olacaq?
- Bu mövzuda mütəxəssislərin çoxu tələskən fikirlər ifadə edirlər. İndi Londonda yeni kampaniya başlayıb. Qanunvericiliyə əsasən, əgər iki milyon imza toplanarsa, yenidən referendum keçirilə bilər. Artıq belə kampaniya gedib və 2 milyon imza toplanıb. İngiltərənin baş naziri Kameron da açıq bəyanat verdi ki, bu şəkildə idarəçilikdə qala bilməz, istefa haqqında düşünür və s. Fikrimcə, bütün bunlar göstərir ki, bu ölkədə yenidən referendum keçiriləcək. Həm də nəzərə alın ki, iri banklar və korporasiyalar Britaniyanın Avropa İttifaqından çıxmasını istəmirdilər. Çox güman ki, orada yenidən referendum keçiriləcək. İkincisi, nəzərə almalıyıq ki, Avropa Birliyi İngiltərənin son addımını soyuqqanlı qəbul etdi. İngiltərədə çoxları düşünürdü ki, Avropa Birliyi, digər Avropa ölkələri Londona çağırışlar edəcək, bəlkə də yalvaracaq. Ancaq bunlar olmadı. Güman edirəm ki, yenidən səsvermə keçiriləcək. Mümkündür ki, bu zaman seçkilərdə Avropa Birliyinin tərkibində qalanlar qalib gəlsinlər.
Nemət