Teleqraf.com-un suallarını ADR Hərəkatının nümayəndəsi, professor Adil Qeybulla cavablandırır.
- Adil bəy, artıq uzun müddətdir ki, ADR Hərəkatında təmsil olunursunuz, sədr müavinisiniz. Bu qurumun fəaliyyəti haqda nə deyə bilərsiniz?
- İşlər rəvan gedir. Siyasi partiyaların funksiyasını bəzi adamlar mitinq keçirməkdə görür. Biz 18-20 illik müxalifətçilik təcrübəsində bunun şahidi olduq. Bu gün biz daha çox konsepsiyaların hazırlanması ilə məşğuluq. Yəni iqtisadi böhranla bağlı hansı təkliflərimiz var, ictimai-siyasi həyatda hansı təşəbbüslər ola bilər və hansı sənədlər hazırlanmalıdır kimi məsələlər siyasi iddiası olan təşkilatın qarşısında duran əsas vəzifə olmalıdır. Düzdür, ADR siyasi deyil, ictimai qurumdur. Amma bu təşkilatın üzvlərinin böyük müxalifətçilik təcrübəsi var, burada xeyli neytral insanlar təmsil olunur. Bütün bunların iştirakı ilə konsepsiyalar hazırlanır. Hazırda səhiyyə istiqamətində bir neçə konsepsiya üzərində iş gedir və yaxın zamanlarda onların təqdimatı keçiriləcək.
- Müsavat kimi partiyadan getməyinizə görə peşman deyilsiniz?
- Müsavat Partiyasından ayrılma əslində məntiqi proses idi. Bu, uzun müddət daxildə davam edən ziddiyyətlərin nəticəsi idi. Bunun da şahidi olduq. Düşünürəm ki, ADR Hərəkatı müstəqil şəkildə daha yaxşı fəaliyyət göstərir. Üstəlik ADR-in strukturlarında təmsil olunan şəxslərin sayı kifayət qədər çoxdur və təşkilatlanma prosesi də davam edir.
- Müsavatın son mitinqi haqda nə deyə bilərsiniz?
- Bizdə aksiyaları kəmiyyət sayı ilə qiymətləndirmək tendensiyası var. Bu da güc amili faktoruna dəyər vermək deməkdir. Təbii ki, Müsavat Partiyası son hadisələrdən sonra kifayət qədər bazasını itirib. Bu, mitinqlərdə görünür. Başqa sözlə, görünən dağa bələdçi lazım deyil. 2003-ci ildə, ondan əvvəlki tarixdə Müsavatın keçirdiyi aksiyaların möhtəşəmliyi göz önündə idi. Mitinqlər keçirmək fundamental azadlıqlardan biridir, lakin hesab edirəm ki, bununla məsələ bitmir. Siyasi partiyanın etirazı başqa formada - bəyanatla da ifadə edə bilər. Normalda bu da ciddi qarşılanır. Ancaq cəmiyyəti ruhdan salan aksiyalara ehtiyac yoxdur. Təcrübə göstərir ki, belə mitinqlər keçirmək müxalifətə nüfuz gətirmir. Əksinə, bu aksiyalar azalmaya doğru gedir. Müxalifət daim siyasi məsuliyyətini hiss etməli, cəmiyyəti doğru istiqamətə yönləndirməlidir. Düşünürəm ki, ölkədəki hadisələrə müxalifətin tutduğu mövqe bizim üçün nümunə olmalıdır. Prinsipial məsələlərdə dövlətin marağından çıxış etmək vacibdir. Bu mənada Türkiyə müxalifətinin iyulun 15-də tutduğu mövqe əhəmiyyət kəsb edir.
- Müsavatla-AXCP arasında dartışma müşahidə edilir. Siz vaxtı ilə Müsavatın mətbəxində olmuş insansınız. Sizcə, illərdən bəri davam edən bu qarşıdurmaya səbəb nədir?
- Bildiyiniz kimi Müsavat Partiyası Milli Şuranı tərk etdi və bundan sonra qarşılıqlı ittihamlar yaşandı. İndi Müsavat AXCP ilə əməkdaşlıq etmək istəyir, AXCP isə Müsavata bu addımını xatırladır. Bu məsələdə Müsavat haqsız tərəfdir. Bu gün müxalifət daxilində inteqrasiya prosesləri xeyli zəifləyib. Bu daha çox siyasi proseslərin tempinin azalması, perspektivsizliyin olmasından qaynaqlanır. Digər tərəfdən, Müsavat daxilində gedən proseslər bu partiyaya ciddi zərbə vurdu. Bunu biz bir müddətdən sonra dərk edəcəyik. Bu məsələdə günahkar olan şəxslər zamanla səhvlərini daha aydın görəcəklər. Düzdür, artıq bu işlər baş verib. Ancaq biz hazırda daha çox gələcəyə baxırıq və Azərbaycan cəmiyyətinin inkişafı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Yəni öz imkanlarımızdan artığına iddia etmək niyyətində deyilik.
- İddia edilir ki, əgər İsa Qəmbər yeni təşkilat yaratsa, bu zaman ADR Hərəkatında olan müsavatçıların çoxu ora qayıdacaq. Bu nə dərəcədə həqiqətdir?
- Mənim üçün bu ideya bir qədər əlçatmaz görünür. Niyə? Çünki ADR Hərəkatında olan müsavatçıların böyük əksəriyyəti əslində Müsavatda onlara qarşı olan ədalətsiz münasibətdən bezdilər. Odur ki, mən indi böyük bir axın və geri dönmənin olacağını düşünmürəm. Digər tərəfdə bunun işartıları da yoxdur.
- Amma belə ideya var, müzakirələr gedir...
- Belə ideya ola bilər, ancaq bir daha Müsavat olmayacaq və Müsavat kimi təşkilat olmayacaq. Mən bunu birmənalı deyirəm.
- Dünyada və regionda sanki müharibələr, qarşıdurmalar güclənir. Bu prosesin sonu necə olacaq?
- Məncə, SSRİ-nin dağılmasında sonra bir qütblü dünya yarandı. Sonra isə dünyanın yenidən bölünməsi prosesinə start verildi. Keçmiş SSRİ-nin tərkibində olan müttəfiq respublikalar müstəqillik qazandı, yeni qurumlar təşəkkül tapdı. Hazırda dünyada yenidən nüfuz savaşına başlanılıb. Bu proses sona çatmalıdır. Hələliksə buna zaman lazımdır. Baxın, NATO kimi hərbi ittifaq artıq Rusiyanın sərhədlərində oturub. Bütün bunlar isə vaxtı ilə Varşava Müqaviləsi ölkələrinin, dünyaya öz sözünü diktə edən bir dövlətin ambisiyasına uyğun gəlmir. İndi Rusiyanın addımları daha çoxözünü müdafiə instinktinə bənzəyir. Mən Rusiya və Amerika arasında gedən prosesləri nəzərdə tuturam. Faktiki olaraq tərəflər Suriyada güc nümayişi etdirir. Bununla yanaşı Afrikada yeni dünya düzəni formalaşacaq, yeni dövlətlər yaranacaq. Mən indi ad çəkmək istəmirəm, lakin bunun simptomları görünməkdədir. Həm də bu planda olan bir məsələdir. Yeni dünya düzəni formalaşacaq. Hesab edirəm ki, bizim əsas məqsədimiz Azərbaycanı mümkün qədər bu proseslərdən kənarda saxlamaq, ölkədə sabitlik və əmin-amanlığı qoruyub saxlamaqdan ibarət olmalıdır. Çünki bu çox mühüm məsələdir.
- Türkiyə də Yaxın Şərqdə hərbi əməliyyatlar fazasına daxil olub. Bunun perspektivini necə görürsünüz, çoxları Türkiyənin odla oynadığını iddia edir?
- Əvvəla, Türkiyənin güclənməsini istəməyən, onun zəifləməsində maraqlı olan qüvvələr var. Bu heç kimə sirr deyil. Təsəvvür edin ki, Türkiyə kimi nəhəng iqtisadiyyatı olan ölkəni Avropa Birliyinə qəbul etmədilər, amma yunan Kiprini qəbul etdilər. Bu dünyada ikili standartların olmasını bir daha ortaya qoydu. Əlbəttə, Türkiyədə baş verən hadisələr bizim hamımızı narahat edir. Amma bir şeyi unutmaq lazım deyil. Türkiyə güclü dövlətdir, onun ordusu sərhədlərini qorumaq imkanına malikdir və ordu yetərli qüvvədir. Yəni Türkiyə sərhədləri daxilində hanssısa çirkin oyunların oynanılması ehtimalı olsa da, bu məğlubiyyətə düçardır. Lakin Türkiyə ətrafında gedən proseslər var və bu proseslərdə Türkiyəsiz addımlamaqla uğur əldə etmək mümkün olmayacaq. Suriyada baş verən proseslərdə də Türkiyəsiz keçinmək mümkün olmayacaq. Çünki Suriyada sonrakı mərhələdə baş verəcək proseslərdə Türkiyənin rolu və razılığı vacib şərtlərdən biridir. Odur ki, Türkiyə bu prosesdən kənarda deyil və qala da bilməz. İraqda baş verən hadisələr zamanı Türkiyənin sərgilədiyi mövqe və zaman göstərir ki, qardaş ölkənin belə proseslər zamanı aktiv mövqe ortaya qoyması daha məqsədəuyğun olardı. Yəni baş verənlər və təcrübə göstərir ki, Türkiyə kimi regional güc olan dövlətin mənafeyinə uyğun olmayan addımlar atıla bilər. Bu baxımdan növbəti proseslərdə Türkiyənin Suriya prosesində aktiv iştirakı gözlənilən idi.
İkincisi, Türkiyə bir NATO dövlətidir. Ən azından Türkiyənin NATO dövləti olaraq maraq və mənafelərinin qorunması söhbəti var. NATO üzvü olan ölkələr də istəyib-istəməməsindən asılı olmayaraq, bunu etməyə borcludur.
- Ancaq burada Rusiya faktoru da var...
- Rusiyanın uzun müddət müharibə aparmaq gücü yoxdur. Bu dövlətin iqtisadiyyatında müəyyən problemlər yaşanır, Rusiya son sanksiyalar dövründə ehtiyatlarının xeyli hissəsini itirib. Hazırda bu ölkəyə qarşı sanksiyalar davam edir. ABŞ və Qərb dövlətlərinin bu məsələdə dəstək nümayiş etdirməsi Rusiya üçün yaxşı heç nə vəd etmir. Görünən odur ki, prezident Putin bunu anlayır və vəziyyətdən çıxış yolu axtarılır. Lakin bu proseslər istənilən halda sonda bir sülh müqaviləsi ilə çözülməlidir. Mən daha çox Şimali Afrikada gedən prosesləri nəzərdə tuturam. Əlbəttə, bu prosesdə Rusiya iştirak edəcək. Amma Rusiyanın nüfuzu getdikcə aşağı düşür. Bu daha çox aqressiv və güc davranışı ilə əlaqəlidir. Hesab edirəm ki, son mərhələdə Suriyada gedən proseslər ümumi axarı dəyişir. Bu gün artıq fikirlər səslənir ki, Liviyada Qəddafi tərəfdarları yenidən hakimiyyətə gələ bilər, Qəddafinin qızının bu istiqamətdə ciddi çalışması var. Bu göstərir ki, müəyyən yeni tendensiyalar da var. Bu ssenarilər üzərində də düşünülür. Ancaq bütün hallarda çözümün hansı formatda olacağını demək bu başdan olduqca çətindir.
NEMƏT