18 Avqust 2014 15:45
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıbaba Əzimov: “Partiya sədrləri özləri haqqında yüksək fikirdədirlər”

Suallarımıza Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacıbaba Əzimov cavab verib. Müsahibimiz, əsasən, müxalifətdaxili proseslərdən, Milli Şura ilə yeni müxalifət birliyi arasında baş verən qarşıdurmadan, qarşılıqlı ittihamlardan, bir neçə müxalifət partiyasının birliyinin hansı müddətə davam edə bilmə ehtimallarından danışıb.

- Hacıbaba müəllim, müxalifəti bir araya gətirmək nə dərəcədə asandır?
- Əslində, biz “müxalifəti bir araya gətirmək nə qədər çətindir” sualına cavab tapmalıyıq. Həqiqətən, bu, çox çətin məsələdir.

- Niyə çətindir?
- Çünki özlərinə lider deyən elə partiya sədrləri var ki, onlar çox böyük iddialarda, özləri haqqında yüksək fikirdədirlər. Əslində isə uzun illərin təcrübəsi göstərir ki, onlar fəaliyyətlərində elə də böyük uğur qazana bilməyiblər. Həm də müxalifətin birliyinin yaranması məsələsində yersiz iddiaları ilə müəyyən qədər maneə yaradırlar. Ona görə də, birlik yaranmır. Həm də burada hər şey ayrı-ayrı şəxslərin mövqeyindən asılı deyil. Müxalifətdə olan qüvvələr arasında iki mövqedə olanlar var. Bir hissəsi bəzən açıq, bəzən gizli olaraq hakimiyyətlə əlaqələri var, onlara münasibətdə loyal mövqedə dururlar. Bir hissəsi isə xaricdə hansısa dairələrlə münasibətdədirlər, onlar tərəfindən müdafiə olunurlar. Müxalifətdə az bir hissə var ki, nə hakimiyyətlə, nə də xariclə əlaqə saxlamır. Başqa sözlə, onlardan asılı deyillər. Tam müstəqil olan qüvvə çox azdır və onların heç bir öhdəliyi yoxdur. Onlar daha çox dövlətçiliyin möhkəmlənməsinə, ərazi bütövlüyünün təmin olunmasına xidmət edirlər. Təəssüf ki, onlar sayca azdır. Odur ki, müxalifətin birləşməsi prosesində çətinliklər daima özünü göstərir.

- İndi bir neçə partiya birləşib, bu nə dərəcə davamlı ola bilər, siz özünüz də bəyan edirsiniz ki, birlikləri özümüz yaradıb, özümüz də dağıdırıq...
- Mən bu sözü iclasda təsadüfən demədim. Çünki birlikləri dağıdanlardan biri birləşmədən, güclənmədən danışırdı, deyirdi ki, birləşəriksə, bizə beynəlxalq aləmdən dəstək gələr. Mən də bir növ ona cavab verdim ki, bəs birləşəndən sonra birliyimizi niyə dağıdırsınız? Onlar bu dağıdıcılıq fəaliyyəti ilə hər zaman birlikləri pozublar, Rusiyanın Azərbaycandakı beşinci kolonuna xidmət ediblər. Bu səbəbdən də, bildirdim ki, birlikləri özümüz yaradıb, özümüz də dağıdırıq. Konkret olaraq indi müxalifətin bir hissəsinin bir araya gəlməsi Birləşmiş Hüquq Müdafiə Təşkilatının yaradılması müxalifəti bir araya gətirən vahid təşkilat anlamına gəlmir. Bu sadəcə olaraq hüquq müdafiə sahəsində əməkdaşlıqdır. Bu sadəcə dəyirmi masadır ki, toplaşıb insan hüquqlarını, qanunun aliliyini müzakirə və müdafiə edirik. İndi bu dəyirmi masa formatında olan birliyin Milli Şuraya qarşı qoyulması düzgün deyil. Çünki belə niyyət yoxdur. Həm də bu birliyin yaranmasında əsas rolu olan şəxslər Milli Şuranın rəhbərliyində təmsil olunurlar. Məsələn, mən, Mirmahmud Mirəlioğlu, Mehman Əliyev və Mehriban Vəzir həm də Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunuruq. Kimlərsə mətbuata deyib ki, Milli Şura burada iştirak etməyib, bu prosesdə iştirakdan imtina edib. Bu tamamilə səhv fikirdir. Milli Şura kimdənsə ibarət deyil. Əksinə, şurada geniş qüvvələr təmsil olunub və onun bir hissəsi də bu prosesdə təmsil olunur. Bu qurum da Milli Şuraya, onun işinə zidd deyil.

- Siz deyirsiniz ki, Milli Şura KXCP qərargahında elan olunan birlikdə təmsil olunur, ancaq Milli Şura rəhbərliyi elan edir ki, yeni birlik yaratmaq istəyən partiyaların mütləq əksəriyyəti satqındır...
- Mən belə bəyanat eşitməmişəm. Bilmirəm ki, siz bu məlumatı haradan götürmüsünüz.

- Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı elan edib ki, ora toplaşan partiyaların mütləq əksəriyyəti idarə olunur və mən orada təmsil olunmağı özümə sığışdırmıram...
- Rafiq Manaflı yaxşı insan, ağıllı adamdır. O da, bu cür düşünür. Hesab edirəm ki, bu səhv fikirdir. Burada heç kəs başqa məna axtarmamalıdır. Hüquq Müdafiə Komitəsində kim iştirak etmək istəyirsə, edə bilər. Başqa cür düşünmək qüvvələri parçalamaq və zəiflətməyə aparan hərəkətlərdir.

- Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal da sizin başlatdığınız bu prosesə qarşı çıxır...
- Vidadi Mirkamal mənim dostumdur, yaxşı hüquqşünasdır. Amma onun fikirlərini oxumamışam. O, sonra görəcək ki, yaratdığımız dəyirmi masa heç də düşündüyü kimi deyil. Əgər dəyirmi masa uğurlu ola, addımlar ata bilərsə, onda yəqin ki, dediyiniz bu şəxslər fikirlərinə görə, peşman olduqlarını söyləyəcəklər. Ancaq ola bilsin ki, yaratdığımız bu dəyirmi masaya gələn kimlərinsə açıq demədiyi planları ola bilər. Hansı ki, düşünə bilərlər ki, Milli Şuraya alternativ qurum yaranır, bu adamlar Milli Şuranı zəiflədəcək addımlar ata biləcəklər və s. Əgər belələri varsa, onlar böyük səhv edirlər. Əgər belə gizli məqsədləri varsa, peşman olacaqlar. Kiminsə insan hüquqlarını müdafiə deyil, parçalama niyyətlərini hiss etsək, həmin şəxslərin dəyirmi masadan qovulmasını tələb edəcəyik. Belələrinin məkrli niyyətini, fəaliyyətinin zərərli olduğunu cəmiyyətə elan edəcəyik. İnanmıram ki, belə düşüncədə olan olsun.

- Cəmil Həsənli ilə bu mövzuda danışığınız olubmu və onu bu prosesə qoşulmağa dəvət etmisinizmi?
- Cəmil müəllimlə danışığım olmayıb. Bədbəxtçilik ondadır ki, indiki formatda bir araya gələn partiyaların çoxu geniş şəkildə Milli Şurada təmsil olunurdular. Özü də ədalətsiz şəkildə təmsil olunurdular, yəni başqaları ilə müqayisədə sayca daha çox təmsilçilikləri var idi. Biz bunlara dözdük. İndi belə partiyalar Milli Şuranı tərk ediblər. Gedəndə də Milli Şura haqqında səhv və sərt fikirlər deyiblər. Ən yumşaq fikirləri belə olub ki, Milli Şura prezident seçkilərində iştirak məqsədilə yaranmışdı, seçki bitdiyi üçün bu qurum fəaliyyətini dayandırmalıdır və biz də bu səbəbdən oranı tərk etmişik. Ancaq bu düzgün fikir deyil. Milli Şura yalnız prezident seçkilərində iştiraka görə yaranmamışdı. Belə düşünmək səhvdir. Həmin partiya və şəxslərin də iş başa çatmadan Milli Şuradan getməsi doğru addım deyildi. Əgər bunu başa düşürlərsə, düşsünlər, düşmürlərsə səhv fikirlər yaymaqla özlərinə bəraət qazandırmasınlar. Milli Şuradan gedənlər ümumi işə ziyan vurublar. Bunu ya etiraf etsinlər, ya da əsassız fikirlər söyləməsinlər.

- Milli Şuranı əsassız tərk edən partiyalarla niyə Milli Şura yenidən başqa bir formatda bir araya gəlməlidir, sizcə, burada məntiq varmı?
- Bu partiyaların Milli Şuradan getməsini satqınlıq adlandırmaq doğru olmaz. Bu səhv hərəkət idi.

- Sabah onların yenidən səhv hərəkət etməyəcəyinə kim zəmanət verir?
- Heç kəs zəmanət vermir və verə də bilməz. Nəzərə almaq lazımdır ki, bu həyat və cəmiyyət, inkişafdır. Proses zamanı görürsən ki, müəyyən partiyalar səhvlərə yol verir, doğru olmayan addım atırlar. Şəxsən mən buna xəyanət deməyi doğru hesab etmirəm. Ancaq indi onlar səhv addımını başqa cür düzəltmək istəyirsə, dəyirmi masaya gəlmək istəyirsə, fikrimcə, buna şərait yaratmaq lazımdır. Daha bundan da imtina etmək və onları kənara itələmək düzgün siyasət olmaz. Əsl siyasətçi bunları başa düşməlidir. Taktika düzgün olmayanda zəifləmə baş verir. Çünki dalbadal səhvlər göstərir ki, bu adamlar bir-birini bəyənmir, biri digərinin ayağının altını qazır.

- Bir-birinin ayağını qazan qüvvələri bir araya gətirmək nəyə lazımdır, onlar onsuz da bu peşələrindən imtina etməyəcəklər...
- Qazmaq deyəndə, bunu hamı etmir. Məsələn, partiyada bu işlə bir nəfər məşğul olur. Tutaq ki, hansısa partiyanın rəhbəri digər partiya rəhbərinin ayağını qazır. Ancaq bunu bütövlükdə həmin partiyaya aid eləmək də doğru olmaz. Çünki partiyada, doğrudan da, gözəl insanlar var, onlar birləşmək istəyir və s. Kimsə bir nəfər rəhbərdir və səhv mövqedədir. Ona görə, həmin partiyada olan yüzlərlə insanın üzərindən xətt çəkmək doğru olmazdı.

- Fakt budur ki, Müsavatla AXCP 1993-cü ildən bu yana bir-birinin ayağının altını qazmaqla məşğuldur...
- Bəzən onlar müxalifətin böyük birliyini yaradıblar. Amma sonra dağıdıblar. Başqa çarə də yoxdur. Bir-birinə etimadın az olduğu şəraitdə birlik lazımdır.

- Siz Milli Şuranın Koordinasiya Mərkəzinin toplantılarında iştirak etmirsiniz, ancaq dəyirmi masa formatında müxalifəti birləşdirmək işinə qatılmısınız. Bu nə dərəcədə doğru və məntiqlidir?
- Səhhətimlə bağlı problem yaranmışdı. Bu səbəbdən də Milli Şuranın iclaslarında iştirak edə bilməmişəm. İndi bir balaca özümə gəlirəm. Düzünü, deyim ki, partiyaları bir araya gətirmək istəyəndə mən də fikirləşdim ki, prosesə qatılım. Çünki bunun düzgün təşkilati əsasda qurulması, effektiv işləməsinin vacibliyini düşündüm. Həm də müəyyən partiyalar var ki, onları mən dəvət etdiyim üçün gəldilər, bəlkə də başqa şəraitdə heç gəlməzdilər. Adam hər şeyi demək istəmir. Şübhəsiz ki, Milli Şuranın üzvüyəm. Bundan sonra da orada iştirak etmək niyyətim var.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər