27 Yanvar 2015 12:13
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Qədirov: “Onların heç biri milli və dövlətçilik maraqlarımıza xidmət etmir”

“Onlar düşmən ölkə ilə də əməkdaşlıq edirlər. Azərbaycanın 20 faiz torpağı işğal altındadır, ermənilər bu torpaqları geri qaytarmaqdan imtina edir, hətta bu ərazilərdə hərbi təlimlər keçirdiyi bir dövrdə bunlar guya Ermənistanla xalq diplomatiyası adı altında qrantlar alıb, fəaliyyət göstərirlər. Təbii ki, bizim kimi təşkilatlara beynəlxalq donorlar qrant verməz, biz onların maraqlarını təmin etmirik. Çünki onların maraqları ilə bizim milli və dövlətçilik maraqları tamamilə fərqlənir”.

Bunu qəzetimizə müsahibəsində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı İctimai Birliyinin sədri Vüqar Qədirov bildirib. Müsahibəni təqdim edirik.

- Vüqar bəy, təşkilatınız 2015-ci ildə hansı layihələri planlaşdırıb?
- Təşkilatımız yarandığı gündən qaçqın və məcburi köçkün gənclərin hüquqlarının qorunması, bu kateqoriyadan olan istedadlı gənclərin aşkarlanması, bu gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, sosial problemlərinin həlli, təhsil səviyyəsinin yüksəldilməsi və digər istiqamətdə qarşısına məqsədlər qoyub. 2014-cü ildə qaçqın və məcburi köçkün gənclərlə bağlı paytaxtda və digər bölgələrdə mütəmadi tədbirlər keçirmişik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə birgə layihələr həyata keçirmişik. “Qarabağlı uşaqlar”, “Məktəbdən məktəbə təhsil mübadiləsi” layihəsi, qaçqın və məcburi köçkün gənclərin ictimai davranış qaydalarının formalaşması istiqamətində aparılan layihələr ən uğurlu işlərdən hesab oluna bilər. Təbii ki, 2015-ci ildə də bir sıra layihələrin icrasını nəzərdə tutmuşuq. Gənclər Fondu ilə bir müqavilə imzalamışıq və “Dağlıq Qarabağ problemi: nə bilirik, nə etməliyik” adlı layihə həyata keçirəcəyik. Həmçinin bu il qondarma erməni soyqırımının yüz illiyinə təsadüf edir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər bu qondarma soyqırımı ilə bağlı həm Türkiyəyə, həm də Azərbaycana təzyiq etməyə çalışacaqlar. Bu baxımdan, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etdiyimiz layihə çərçivəsində “Xocalı soyqırımı: ikili standartlar və yüz ilin erməni yalanları” mövzusunda beynəlxalq konfrans keçirilməsini nəzərdə tutmuşuq. Konfransın əsas məqsədi Ermənistanın əslində işğalçı bir dövlət olduğu, misli görünməmiş Xocalı soyqırımı törətdiyini və öz havadarlarının dəstəyi ilə Azərbaycana zidd olan addımları beynəlxalq aləmə bəyan etməkdir. İstedadlı məcburi köçkün gənclərini aşkarlamaq məqsədilə “Qarabağ təranələri” adlı əvvəllər həyata keçirdiyimiz musiqi müsabiqəsini yenidən davam etdirmək niyyətindəyik. O cümlədən gənc yazarlarla layihəmizi davam etdirmək istəyirik. Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları çərçivəsində müxtəlif dillərdə bukletlər çap edib yaymağı da nəzərdə tutmuşuq.

- Qaçqın və məcburi köçkün gənclərin əsas problemləri hansılardır?
- Bu gün Azərbaycan gəncliyinin hansı problemi varsa, qaçqın və məcburi köçkün gənclərin də o problemi var. Bir neçə il əvvələ nəzər salsaq, görərik ki, həqiqətən də, bunlar arasında böyük fərqlər var idi. Qaçqın və məcburi köçkün gənclər probleminə görə tamamilə fərqlənirdi. Ancaq “Qaçqın və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun artırılması ilə bağlı Dövlət Proqramı” çərçivəsində böyük qəsəbələr tikildi, onların ətrafında müəyyən iş yerləri yaradıldı. Burada da müəyyən qisim gənclər işlə təmin olundular. Buna baxmayaraq, qaçqın və məcburi köçkün gənclərin qarşılaşdığı əsas problem işsizlikdir. Ali təhsil almış tələbələr bir sıra rayonlarda, paytaxtda işlə təmin oluna bilirlər. Amma hər kəsin ali təhsil almaq imkanı olmadığına görə, gənclər arasında müəyyən təbəqə var ki, onların işsizlik problemi narahatedici məsələlərdəndir. Bir çox bölgələrdə qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış yerləri tikilib, onlar üçün normal şərait yaradılıb. Buna baxmayaraq, həmin qəsəbələrdə iş yerləri azdır. Biz təklif vermişik ki, həmin ərazilərdə müəyyən iş yerləri yaradılsın. Misal üçün, böyük şirkətlər var və onlar həmin yerlərdə öz filialını aça bilər. Orada sexlər, zavodlar qurula bilər ki, bu da o ərazidə yaşayan qaçqın və məcburi köçkün gənclərin işlə təminatına şərait yaratmış olar. Bir məqamı da qeyd edim ki, bələdiyyələrin ixtiyarında olan əkin sahələri var ki, yerli əhalinin ondan istifadə etmək imkanı var. Məcburi köçkünlər həmin torpaqlardan tam istifadə etmək hüququna malik deyil. Etiraf edək ki, məcburi köçkünlərin içərisində şəxsi bacarığı olan insanlar seçilib, öz işlərini qura biliblər. Bu gün elə rayonlar var ki, gənclərimizin orada kənd təsərrüfatı ilə məşğul olmaq imkanları məhduddur. Ağdam, Füzuli və Ağcabədidə məskunlaşmış Laçın rayonunun gəncləri üçün münbit şərait var. Bu ərazilərdəki gənclər kreditlər də götürə bilirlər, heyvandarlıqla da məşğul ola bilirlər. Amma məcburi köçkünlərin məskunlaşdığı rayonlarda hələ bu problemlər var. Əminəm ki, yaxın gələcəkdə bu problem də aradan qaldırılacaq.

- İndiyədək xarici donor təşkilatlardan qrant almısınız?
- Təşkilat 20 ildən artıqdır fəaliyyət göstərir. Amma təəssüflər olsun ki, bizim əsas məqsədimiz qaçqın və məcburi köçkün gənclərin, həqiqətən də, sosial problemlərin həllinə və bütövlükdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə yönəldiyinə görə bizim təqdim etdiyimiz heç bir layihə beynəlxalq donor təşkilatları tərəfindən nəinki maliyyələşdirilmir, heç qəbul olunmayıb. Hətta müraciətlərimizə belə cavab verilməyib.

- Niyə?
- Çünki beynəlxalq təşkilatlar Azərbaycanda özləri üçün bir şəbəkə qurublar. Demokratiya, insan hüquqları adı altında özləri üçün QHT-lər formalaşdırıblar. Ancaq həmin təşkilatlarla işləyirlər. Bu, o təşkilatlardır ki, onların heç biri Azərbaycanın milli və dövlətçilik maraqlarına xidmət etmir. Əksinə, həmin donor təşkilatlar vasitəsilə maliyyələşib xarici ölkələrin kəşfiyyat orqanlarına xidmət edərək Azərbaycana zidd fəaliyyət göstəriblər. Bunun nəticəsidir ki, Azərbaycanın günü-gündən inkişafını gözü götürməyən həmin dövlətlər artıq açıq hücuma keçərək daxilimizdəki qeyri-hökumət təşkilatlarından istifadə edirlər. Hətta bu təşkilatların əlləri Ermənistana qədər uzanır. Onlar düşmən ölkə ilə belə əməkdaşlıq edirlər. Azərbaycanın 20 faiz torpağı işğal altındadır, ermənilər bu torpaqları geri qaytarmaqdan imtina edir, hətta bu ərazilərdə hərbi təlimlər keçirdiyi bir dövrdə bunlar guya Ermənistanla xalq diplomatiyası adı altında qrantlar alıb, fəaliyyət göstərirlər. Təbii ki, bizim kimi təşkilatlara beynəlxalq donorlar qrant verməz, biz onların maraqlarını təmin etmirik. Çünki onların maraqları ilə bizim milli və dövlətçilik maraqları tamamilə fərqlənir.

- Xaricdən maliyyələşən təşkilatlar bir sıra hallarda dövlətçiliyə bağlı milli təşkilatları qınayır. Bu nədən qaynaqlanır?
- Bu dövlət bizimdir və onun rəhbərini Azərbaycan xalqı seçir. Təbii ki, xalqın seçimini istəməyən qüvvələr var və xaricdən maliyyələşən təşkilatlar bizi qınayacaqlar. Ona görə ki, onlar istəyir torpaqlar erməni işğalı altında qalsın, Azərbaycan inkişaf etməsin. Bizi qınayanın məqsədi ancaq budur. Misal var, deyərlər ki, düşməni ilə barışanın məqsədi dostu ilə dalaşmaqdır. Qərbdə yaşayan ingilisin, fransızın nəyinə lazımdır ki, Azərbaycan əhalisi necə yaşayır, bu ölkənin mədəniyyəti inkişaf etsin və ya etməsin. Bu, heç onların ağlına da gəlmir. Beynəlxalq donor təşkilatlar Azərbaycanda fəaliyyət göstərən öz təşkilatları ilə bizim aramızda daim fərq qoyub.

- Qərbin insan haqları məsələsini əllərində rəhbər tutaraq Azərbaycana yönələn təzyiqlərin arxasında nə dayanır?
- Bu, hər zaman olub, sadəcə, son vaxtlar özünü qabarıq şəkildə göstərməkdədir. Bu yaxınlarda bir sənəd ortaya çıxdı. Belə ki, 90-cı illərin əvvəllərində Amerika senatorları, bu ölkənin Demokratlar Partiyasının üzvləri, onların içərisində hazırda ABŞ dövlət katibi olan Con Kerrinin də imzası var, Qorbaçova bir müraciət ediblər. Onlar Ermənistanı guya Azərbaycan tərəfindən təzyiqə məruz qalmış bir dövlət kimi qələmə verib, Qarabağda yaşayan erməniləri bu ərazinin xalqı kimi göstərməklə Qorbaçovdan acizanə xahiş ilə Qarabağ ermənilərinin təhlükəsizliyinin və Ermənistana birləşdirilməsinin təmin olunmasını istəyiblər. Aidiyyəti qurumlar bu sənəddən xəbərdar olublar, lakin Azərbaycan cəmiyyəti aydın və qabarıq şəkildə bildi ki, Rusiyadan öncə Amerika səlahiyyətliləri Azərbaycan torpaqlarının işğalında maraqlı olublar. Hətta 20 Yanvar hadisələrini SSRİ-nin daxili işi olduğunu qeyd etdilər və insan hüquqlarını yada salmadılar. Bu gün dünyada insan hüquqları anlayışı Amerika və bir sıra Qərb dövlətləri tərəfindən alət kimi istifadə olunmaqdadır. Hansı dövlətə qarşı təzyiq etmək istəyirlərsə, insan hüquqları və demokratiya məsələsini ortaya atırlar. Azərbaycandakı sabitlik az-az dövlətlərlə müqayisə oluna bilər, baxmayaraq ki, biz hələ müharibə şəraitindəyik. Dünyaya demokratiya dərsi keçən ABŞ-da polislərin insanlarla rəftarına baxın, hətta qaradərili vətəndaşlarına qarşı qəddarlığının nümayişini görürük. Amma bu, Azərbaycanda baş versəydi, indi başımıza bomba yağdırmağa çalışardılar, nəinki bəyanat verərdilər. Azərbaycanın müstəqil siyasət yürütməsi Qərb dövlətlərini qıcıqlandırır. Onlar istəyirlər ki, Azərbaycan Ukrayna kimi onların toruna düşsün və Rusiya kimi böyük dövlətlə düşmən olsun. Doğrudan da, onlar insan hüquqlarını önə çəkirlərsə, BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etsin. Bu gün bizim erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hansı işgəncələrə məruz qalmasını görmürlərmi? Nəyə görə insan hüquqları məsələsi gündəmə gələndə Azərbaycan vətəndaşlarının hüquqları maraqlandırmır?

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər