3 Aprel 2015 11:28
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şura Moskvanın layihəsi olaraq yaranıb. Biz 2013-cü ilin aprelindən bunu qeyd edirdik. Bu iddianı Milli Şuranın yaradıcılarından olan İsa Qəmbər də ifadə edib, bildirib ki, Moskva layihəsi kimi yaranan şuranı avqust ayında guya öz layihələrinə çevirməyi bacarıblar. Milli Şura 2013-cü il prezident seçkilərində səhv taktika seçməklə radikal elektoral bazanı özünə cəlb etmək istəyirdi. İndi də bunu tətbiq edir, buna alternativ siyasi xəttin olmadığı iddiasındadır”.

Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Müsahibəni təqdim edirik:

- Əli bəy, ötən gün “Azadlıq-2015” Seçki Blokunun toplantısı olub. Hansı məsələləri müzakirə etmisiniz?
- Ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etdik. Eləcə də, “İnkişaf edən dünya-Azərbaycanın perspektivləri və reallıqları” mövzusunda dəyirmi masa formatında bir tədbir hazırlayırıq. Çalışacağıq ki, tədbirdə ölkənin bütün siyasi spektri iştirak etsin, 8 partiyanın təşkilatçılığı ilə cəmiyyətə mesaj ünvanlansın.
Seçkilərə hazırlıq məsələsini də müzakirə etmişik. Blok daxilində xüsusi bir dəyişiklik yoxdur.

- Blokun namizədlərinin müəyyən edilməsi istiqamətində hərəkət varmı?
- Xeyr. Hələ bu məsələlər gündəliyə gəlməyib. Biz artıq müavinlərimizdən ibarət işçi qrupu yaratmışıq. Aparıcı nümayəndələrimiz Seçki Qərargahında təmsil olunur. Seçkinin təqvimi hazırlanır, seçkilərlə əlaqədar görüləcək təşkilati və təbliğati işlərin proqramı hazırlanır. Seçki qərargahının fəaliyyətinin təşkili üçün məkan ayrılıb və hazırda texniki avadanlıqlarla bağlı təchizati işlər görülür. Yaxın gələcəkdə namizədləri müəyyən etməyimiz, eləcə də, seçkilərlə bağlı məsələlər öz həllini tapacaq.

- Namizədləri müəyyən edəndə problem çıxmayacaq?
- Bir söz deyə bilmərəm. Hər halda strukturu olan partiyalar, təbii ki, müəyyən proseduralardan keçib vahid namizədi müəyyən edəcəklər. Biz seçki bloku yaratmışıqsa və gələcəkdə bir yol getməkdə qərarlıyıqsa, bu kimi maneələri də aşmalıyıq. İnanıram ki, normal yanaşma ilə namizədlərin müəyyən edilməsi məsələsi öz həllini tapa bilər.

- Bloka yeni üzvlərin cəlb edilməsi baxımından hansı yeniliklər var?
- Mən ancaq öz intuisiyamı deyə bilərəm. Yaxın bir ay, ay yarım ərzində siyasi çevrədə təbəqələşmə baş verəcək. Mənim informasiyama və müşahidələrimə görə, hazırda cəmiyyətin differensiasiyası prosesi gedir və bu alt qatdadır. Və seçkiyə yönəlik konkret siyasət və taktiki addımlar bəyan edilməyib. Hesab edirəm ki, Milli Şuranın, daha doğrusu, AXCP-nin mitinqi olacaq, eləcə də, Müsavat Partiyası Məclisinin toplantısı keçiriləcək. Məclisdə də seçkilərə yönəlik ciddi qərarların qəbul ediləcəyi gözlənilir. Bu qərarlardan irəli gələn bir sıra proseslər təkrarlanacaq. Mayın ortasında hakimiyyətlə üçüncü raund müzakirələr olmalıdır. Bu dialoqun gedişatı, əldə oluna biləcək nəticələr ölkədə siyasi mühitin təbəqələşməsinə gətirib çıxaracaq. Fikrimcə, “Azadlıq-2015” Seçki Blokunun son konfiqurasiyası iyun-iyul aylarında dəqiqləşəcək.

- Seçkilərdə digər qüvvələrlə əməkdaşlığa necə baxırsınız?
- Seçkilərdə əməkdaşlıq mümkündür. Mən nəinki Müsavat Partiyası, eləcə də, AXCP və digər qurumlarla ümumi maraqlara cavab verən məsələlər ətrafında fəaliyyətin koordinasiya oluna biləcəyini düşünürəm. Təbii ki, müxalifət çevrəsində ümumi cəbhə xətti formalaşa bilmədi. Siyasi müstəvi yarada bilmədik və bu, hamımızın çatışmazlığıdır. Təəssüflər olsun ki, biz dairələr üzrə narazı elektoratın səsini parçalamaq qərarını indidən vermişik. Bu baxımdan vahid düşərgə formalaşdıra bilmədiksə, heç olmasa, ümumi maraqlara cavab verən məsələlər ətrafında fəaliyyətin koordinasiyası mümkün hesab edilməlidir. Hər halda biz bu fəaliyyəti məqsədəuyğun sayırıq.

- Müxalifətin ümumi durumunu necə qiymətləndirirsiniz, hansı səbəblərdən düşərgədə mövqe fərqliliyi bəlli olsa da, ittihamlar dayanmır?
- Mənə elə gəlir ki, bu, yanlış xətdir. Qarşılıqlı ittihamlar hamıya ziyan gətirir. Siyasi qüvvələr fəaliyyətlərində daban-dabana fərqli siyasi mübarizə formasını seçiblər. Bu baxımdan cəmiyyətdə süstlüyün və inamsızlığın yaranması baxımdan müxalifət partiyalarının bir-birini ittiham etməsi, dışlaması ümumi mübarizəni zəiflədir.

- AXCP-nin digər müxalifət partiyalarını qəbul etməməsini, “cib müxalifəti” adlandırmasını necə qiymətləndirirsiniz?
- Mən hər hansı bir partiya funksionerinin şəxsi fikrinə münasibətimi ifadə etmək istəmirəm. Buna bənzər ittihamlar müxtəlif funksionerlər tərəfindən də səsləndirilir. Heç kəsin müxalifəti təsnif etmək səlahiyyəti mövcud deyil. Mənim yanaşmama görə, Azərbaycan cəmiyyətinin inkişafı qarşıdurmadan deyil, normal və sivil siyasi münasibətlərdən keçir. Son 20 il ərazində siyasi səhnədə qarşıdurma mübarizəsinin sonluğu göz önündədir. Bunun əksini sübut etmək istəyənlər son 20 ildəki mübarizəni təhlil etsinlər, bunun nəticələrini qiymətləndirsinlər. Bu qarşıdurma siyasətinin nələrə gətirib çıxardığını, hansı uğursuzluqlara səbəb olduğunu cəmiyyətə açıqlasınlar. Mən elə gəlir ki, hakimiyyətlə güc müstəvisində mübarizəni tək metod kimi təbliğ etmək müxalifətin maraqlarına xidmət etmir.

- AXCP iddia edir ki, dialoqda iştirak edən partiyaların strukturları, ətrafı yoxdur, bir partiyanın adı, bir də qovluğu var...
- Bu, əks təbliğat kampaniyasıdır. Dialoqa qatılan partiyaların hansı gücə malik olduqları hələlik üzə çıxmayıb. Bu güc seçkidə iştirak, səs toplamaq və ya kütləvi tədbir vasitəsilə cəmiyyətə açıldıqdan sonra bilinəcək. Ancaq bu ittihamı irəli sürən partiyanın ölkə çapında ortaya çıxardığı insanların sayı 1500 nəfər civarındadır. Bu onların nə dərəcədə çətin durumda olduğunun təzahürüdür. Bizim partiya son prezident seçkilərində təkbaşına 100 seçki dairəsini əhatə edən 45 min imza toplayan siyasi təşkilatdır. Ancaq seçkilərdə iştirak edə bilməmişik. Real dəstəkçimizin nə qədər olduğunu biz ifadə edirik. Son parlament seçkilərində iştirakçısı olduğumuz seçki bloku 84 namizəd irəli sürmüşdü. Bu seçkilərdə bizim partiya təkbaşına 60-dan çox namizəd irəli sürməyi qarşısına vəzifə qoyub və hazırda bu fəaliyyətlə məşğuluq. Yalnız seçki nəticələrinə görə toplanan səslə, namizədlərin hazırlıq dərəcəsi ilə kim hansı gücə malik olduğunu göstərə bilər. İndilikdə qeyd etdiyiniz mövqenin sərgilənməsi natamamlıq kompleksindən irəli gələn ifadələrdir. Bəzi qüvvələrin Azərbaycanda dialoq və açıq müzakirə aparmaq vərdişi və təcrübəsi yoxdur. Onlar bağlı qapılar arxasında bağ tikdirmək, övladlarını xaricdə oxutdurmaq və ya hansısa süni üstünlüklər əldə etmək vərdişinə sahibdirlər. Onlar cəmiyyətə və mətbuata şəffaf şəkildə təqdim olunan və hesabatı verilən hakimiyyət-müxalifət dialoqunu qısqanırlar, eləcə də, bu cür mübarizə taktikasını qəbul edə bilmirlər. Biz, bu vərdişi inkişaf etdirmək niyyətində olan siyasi qüvvəyik, Azərbaycanda bağlı qapı arxasında aparılan danışıqlar cəmiyyətə ziyan gətirir və ayrı-ayrı fərdlərin marağına xidmət edir. Bu haqda cəmiyyətimizdə kifayət qədər məlumat var. Odur ki, heç kəs kiməsə çamur atmağa çalışmasın. Əgər ölkədə normal və təmaslarda şəffaf təşkilatlar varsa, onlardan biri də bizim partiyadır. Əlbəttə, bu kimi ittihamları biz qəbul etmir və rədd edirik.

- Sizcə, hansı səbəblərdən AXCP və ya Milli Şura özündən kənarda olan partiyaları müxalifət qismində görmür?
- Milli Şura Moskvanın layihəsi olaraq yaranıb. Biz 2013-cü ilin aprelindən bunu qeyd edirdik. Bu iddianı Milli Şuranın yaradıcılarından olan İsa Qəmbər də ifadə edib, bildirib ki, Moskva layihəsi kimi yaranan şuranı avqust ayında guya öz layihələrinə çevirməyi bacarıblar. Milli Şura 2013-cü il prezident seçkilərində səhv taktika seçməklə radikal elektoral bazanı özünə cəlb etmək istəyirdi. İndi də bunu tətbiq edir, buna alternativ siyasi xəttin olmadığı iddiasındadır. Yalnız özlərinin haqlı olduğunu cəmiyyətə çatdırmaq təşəbbüsünü irəli sürür. Fikrimcə, bu yanlışdır. Cəmiyyətdə heç bir halda vahid xətt ola bilməz. Bu bolşevizmdən və həmin şəxslərin gerizəkalılığından irəli gələn təbliğat üslubudur. Cəmiyyət siyasi baxımından rəngarəng olmalıdır. Azərbaycanda da bu cürdür. Həm də siyasi mübarizənin müxtəlif variantları var. Siyasi mübarizə söyüş və radikal mövqedən ibarət deyil. Hesab edirəm ki, bu cür təqdimatlar səhvdir və həmin xəttin müəlliflərinin uğursuzluğuna gətirib çıxaracaq. Biz siyasi mübarizə vasitələrimizi, taktikamızı bəyan etmişik. Vəzifəmiz cəmiyyəti maarifləndirmək, yanlışları tənqid etmək, daha çox tərəfdar toplayaraq seçkiləri qazanmaqdır. Əks xəttin 20 ildir ki, fayda vermədiyi ortalıqdadır.

Nemət


Müəllif:

Oxşar xəbərlər