14 Aprel 2015 19:01
10 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibim tanınmış bəstəkar, bir çox uşaq qruplarının rəhbəri Məryəm Əlibəylidir. Onunla Azərbaycanda uşaq mahnıları sahəsindəki problemlərdən, bəstəkarların bu janra müraciət etməməsinin səbəblərindən danışdıq. M.Əlibəyli bir zamanlar yaratdığı “NM” qrupunun dağılmasına səbəb olan amillərdən də bəhs etdi.

- Məryəm xanım, sizi daha çox uşaq bəstəkarı kimi tanıyırıq. Bu sahədə boşluq olduğuna görəmi, yoxsa başqa səbəblərdənmi uşaq bəstəkarı olmaq qərarına gəldiniz?
- Hər şey ondan başladı ki, günlərin bir günü bizim ailədə balaca bir qız uşağı dünyaya gəldi. O qız Xəyalə Manaflı idi. İlk dəfə olaraq onun üçün uşaq mahnıları yazmağa başladım. 5 yaşında isə artıq Xəyalə səhnədə oxuyurdu. “7...17" telemüsabiqəsinin, eləcə də, bir çox verilişlərin aparıcısı oldu. Paralel olaraq uşaq estrada müğənnisi kimi fəaliyyət göstərməyə başladı. Xəyalə Manaflı Azərbaycanda estrada səhnəsində ilk uşaq müğənnisidir. Uşaq psixologiyasını öyrənmək, onlarla işləməyi məhz Xəyalə Manaflı ilə təcrübədə qazandım. 2000-ci ildə Natiq Qəzənfəroğlu ilə ”NM" qrupunu yaratdıq və qrupla işləmək təcrübəsini də oradan əldə etdim. Qrupla işləmək fərdi müğənnilərlə işləməkdən daha çətin, fərqli, məsuliyyətli bir işdir. 2004-2005-ci illərdə “NM” qrupu fəaliyyətini dayandırdıqdan sonra yeni layihələr həyata keçirmək istəyirdim. Ona görə “Can bala” adlı uşaq pop qrupunu yaratdım. Ondan sonra mənim bir neçə uşaq qruplarım yaranmağa başladı: bunlar “Gülən notlar”, “Noğullar” - o, daha sonra “Nağıllar” oldu, “Dostlar” və “Can bala” qrupunun ikinci heyəti.

- “NM” tez məşhurlaşdı və çox tez də dağıldı. Niyə dağıldı? Özünü doğrultmadımı?
- Biz o qrupu yaradanda Azərbaycanda “Rast” qrupu fəaliyyət göstərirdi. “NM” yarananda “N brother”, “Başa bəla”, daha sonralar “W trio” qrupları yaranmağa başladı. Bu qruplardan fəaliyyətimiz çox fərqlənirdi. Onlar demək olar ki, xalq və köhnə retro mahnılar ifa edirdilər, biz isə “NM” üçün ancaq orijinal musiqilər bəstələyirdik. Çünki Natiq Qəzənfəroğlu da, mən də bəstəkar - musiqişünaslar idik və bu baxımdan bizim onlar üçün yazdığımız musiqilər yeni olmalı, gənclər üçün yeni dalğa rolunu oynamalı idi. Gənclərin nəbzini tutaraq “Darıxıram, sənin üçün”, “Kimə inanasan sən bundan sonra”, “Səndən başqa kimim var” musiqiləri yarandı. “NM” həqiqətən Azərbaycanda ən sevilən, ən səviyyəli, həm xarici görünüşləri, həm oxuduqları musiqilər, həm də performansları ilə fərqli qrup idi. Biz qrupu xeyir güdmək, qazanc əldə etmək, onları şou-proqramlara, toy biznesinə yönləndirmək kimi fikrimiz yox idi. Təbii ki, onlar gənclər idilər, zaman-zaman qrupda fikir böhranı yaranmağa başladı: biri restoranda oxumaq, digəri mühafizəçi ilə gəzmək istədi, o biri isə maşın istədi. Yəni özlərindən asılı olmayaraq ulduzluq xəstəliyinə tutulmağa başladılar. Bu baxımdan da yavaş-yavaş qrup dağıldı. Sonra onların ikinci heyəti də yarandı, amma bizim layihəmiz əsas birinci heyətlə işləmək idi ki, bu da müəyyən müddətə qədər alındı.

- Belə çıxır ki, sırf yaradıcılıq baxımından Azərbaycanda heç bir qrup fəaliyyət göstərə bilməz?
- Bəli. Fikir verin, “N brother” qrupunun heyəti dəfələrlə dəyişdi. Bu zaman keyfiyyət də, imic də, o qrupa olan sevgi də itir. Başını qaldırıb görürsən ki, üzvlər dəyişir, yenilər köhnələrin səs tembri ilə oxumadıqlarına görə yeni repertuar yazdırmaq lazım gəlir ki, bunlar hamısı birlikdə qrupun böhranına gətirib çıxarır. Eyni zamanda da qrupda işləyən uşaqlar hamısı bir nöqtəyə - yaradıcılığa köklənməlidirlər. Qrup halında olanda çoxları elə düşünür ki, rahatca solo ifa edib, daha çox qazana bilər. Sonra şou-biznesdə qarmaqarışıqlıq, xaos, böhranı görüb, davam gətirə, dözə bilmirlər, nəticədə buradan uzaqlaşırlar.

“NM” dağılandan sonra solistlər tək fəaliyyət göstərmək istədilər, amma bunun qeyri-mümkün olduğunu anladılar. Hər qrupda başında ağıllı, istiqamət verən, bacarıqlı bir insan olmalıdır. Onlar da cavan idilər və aralarında bu funksiyanı daşıya bilən yox idi. Beləliklə, sonu çatdı. Amma mahnıları indiyə qədər sevilir, dinlənilir.

- Ümumiyyətlə, qrupu yaratmaq ideyası kimin idi - sizin, yoxsa Natiq bəyin? Və birgə iş birliyinizdə kim hansı işləri görürdü?
- Səmimi deyəcəm: bizim yaradıcılığımızda bütün ideyalar mənə aid idi. Natiq müəllim isə çox gözəl icraçı idi. O, hər bir işə böyük sevgi və diqqətlə yanaşırdı. “NM”, “Can bala” üçün musiqilər ikimizin arasında bəstələnirdi, aranjemanların hamısı Natiq bəyə aid idi. Mahnıların sözlərinin əksəriyyəti mənim idi. Amma hərdən başqa şairlərlə işləyir, retro mahnılara da müraciət edirdik. Uşaqların səhnə hərəkətləri, geyimlər mənə aid olurdu.

- “Can bala”nın birinci heyəti haralardadır? İçərilərindən kimlərsə bu sənəti davam etdirmək istəyirmi?
- Birinci heyətdə təmsil olunan uşaqlar zamanla böyüdülər, təhsillərilə əlaqədar bir araya gəlmək çətin olurdu. Mən onlara həmişə deyirdim ki, öncə savad, sonra şöhrət. Qızlar Ceyran və Elmira məktəbdə oxuyurlar. Oğlum Tural “Rəssamlıq” fakültəsinin “Dizayn” ixtisası üzrə təhsil alır. Birinci kursdadır. Kənan isə Xəzər Universitetinin ikinci kurs tələbəsidir. Ceyran bu sənətin vurğunudur. Turalın musiqiyə böyük marağı var: xüsusən, klassik musiqilərə, retro mahnılara. Bir ideyam var idi: “Can bala”nın birinci heyətini bir yerə toplayıb, onların görüşünü təşkil etmək istəyirdim, amma əfsuslar ki, televiziyalar buna maraq göstərmədilər. Bu gün telekanallar ancaq şokedici məqamların arxasınca qaçırlar. Ona görə uşaqlarla bağlı ideyalar, çıxışlar, musiqilər onlar üçün maraqsızdır.

Hazırda “Can bala”nın 5-6 yaşlı uşaqlardan ibarət ikinci heyəti fəaliyyət göstərir.

- Məryəm xanım, deyirsiniz ki, telekanallar uşaq mahnılarına maraq göstərmirlər. Bəs bəstələdiyiniz musiqilər harada səslənir?
- Dərd orasıdır ki, əvvəllər televiziyalar bizi axtarırdılar, özləri bizim mahnılarımızı, çıxışlarımızı tələb edirdilər. Son dövrlərdə isə telekanallarda uşaq verilişləri yox dərəcəsindədir. Çox acınacaqlı haldır. Bizim çıxışlarımız bayramdan-bayrama, Yeni ildən Yeni ilə gerçəkləşir. Adi bir vəziyyəti deyim: ötən ay 8 Mart Beynəlxalq Qadınlar gününü qeyd etdik. Repertuarımızda analara həsr olunan mahnılar qala-qala biz bir neçə ildir ki, efirə çıxa bilmirik. Əvəzində efirə kimləri gəldi çıxarırlar.

- Belə başa düşdüm ki, şou proqramlarda da çıxış etmirsiniz...
- Etmirik.

- Bəs uşaq mahnıları ilə gəliriniz necə və haradandır?
-Uşaq musiqisi gəlir, şöhrət gətirmir. Elə ona görə də bəstəkarlar bu janra müraciət etmirlər. Bilirsiniz ki, uzun illərdir ki, uşaq musiqiləri sahəsində işləyən bəstəkar Oqtay Zülfüqarovdur. Allah ona can sağlığı versin. Bizim bir çoxlarımız uşaqlıqdan onun musiqiləri ilə böyümüşük. Ara-sıra başqa bəstəkarlar da uşaq mahnıları yazıblar. Oqtay müəllimdən sonra yalnız mən silsilə şəklində uşaqlarla işləyirəm. Cavan və orta nəslin nümayəndəsi olan bəstəkarlarımızın heç biri bu sahəyə müraciət etmir. Çünki bu janrda şöhrət, gəlir yoxdur. Heç kimə uşaq mahnıları maraqlı deyil. Heç bir uşağın valideyni 1000, 2000, 5000 min pul verməyəcək ki, övladımın mahnısı radioda səslənsin. AzTV ara-sıra bizim mahnılardan istifadə edir. Amma digərləri bunu reallaşdırmır. Hətta hərdən özüm də müraciətlər etmişəm, amma nəticəsi yoxdur.
Bu sahəyə dövlət səviyyəsində diqqət ayrılsa, televiziya rəhbərlikləri bu işə maraq göstərsə, çox gözəl, maraqlı işlər ortaya çıxar. Amma bilirsiniz, bu gün yalnız uşaq musiqisində deyil, digər janrlarda da xaos baş alıb gedir. Lazım olmayan insanlar musiqi yazırlar. Onun reklamı ilə məşğul olurlar. Əgər mahnı müğənniyə havayı başa gəlibsə, o, bəstəkara görə məcburdur ki, klip çəkdirsin. Elə belə nüanslara görə keyfiyyət itir.

- Heç müğənnilərdən də uşaq mahnısı ilə bağlı sifarişlər almırsınız?
- Müğənnilərdən yox, valideynlərdən gələn sifarişlər olur. Müğənnilərin uşaq mahnısı ifa etməsi halları isə çox azdır. Mən hərdən düşünürəm ki, uşaqlar mənəvi qidanı nədən və necə almalıdırlar? Böyüklər üçün teatrlar, kinolar var, yəni onlar müxtəlif düşündürücü vasitələrlə təmin olunublar. Telekanallarda nümayiş olunan verilişlərin 99 faizi ancaq böyükləri təbliğ edirsə, uşaqlar nəyə baxmalıdır? Nə qədər ki, bizim televiziyalar Sədi Şirazinin, Nizaminin, Səməd Vurğunun, Ramiz Rövşənin şeirlərini efirdə təbliğ etməyəcəklər və uşaqlar Elza Seyidcahanın şeirlərini ekranlardan eşidəcəklərsə, onlar elə biləcəklər ki, Azərbaycan şeiriyyatı ancaq Elza Seyidcahan deməkdir.

Baxın, seriallarımız çəkilir, amma orada səslənən musiqilər türk serialların musiqilərinə bənzəyir. Mən də professional bəstəkaram, vaxt olub “Bəyaz həyat” serialı çəkiləndə onun sountreki olan “Röya kimi”nin sözlərini yazmışam. Musiqisini isə Natiq Qəzənfəroğlu bəstələyib. O mahnını bütün şəhər oxuyurdu. Hətta bir neçə müğənnilər bu mahnını bölüşdürə bilmirdilər. İndi mən soruşanda rejissorlardan ki, “siz niyə öz bəstələrimizə müraciət etmirsiniz?” deyirlər ki, tamaşaçıların tələbatı budur. Bu, çox səhv fikirdir. Tamaşaçıya nəyi verəcəksən, onu da həzm edəcək. Axı bizim çox gözəl ənənələrimiz var: “Təhminə” filmindəki Emin Sabitoğlunun “Əlvida”sı nəyə desəniz, dəyər. Bilirsiniz, hansı sahə ki, peşəkarların əlində deyil, bu cür hallar olur və olacaq.

- Uşaq tamaşalarına musiqi bəstələyirsinizmi?
- Yaradıcı insanam. Tək uşaq tamaşalarına deyil, böyüklər üçün hazırlanan tamaşalara da musiqi bəstələyirəm. Bir neçə təkliflər var, razılaşmamış açıqlamaq istəmirəm. İndiyə qədər Gənc Tamaşaçılar Teatrında bir neçə tamaşaya musiqi bəstələmişəm, amma gəlirdən danışmaq istəmirəm, çünki yoxdur.

- Məryəm xanım, şou-biznesdə uşaq mahnıları bəstələyən bəstəkarlara bir başqa cür yanaşırlar. Sanki onlar daha böyüklər üçün musiqi bəstələyə bilməzlər. Sizin də bu sahədə çox uğurlu bir keçmişiniz var. İndi Sizə müğənnilər müraciət edirlər?
- Etsələr də qarşılarını kəsən insanlar var.

- Öz həmkarlarınızdan?
- Bəli. Bir zamanlar bu sənətdə istiqamət verdiyim, yol göstərdiyim çox bəstəkarlar sonradan müğənnilərə deyiblər ki, Məryəmdən niyə mahnı almısan, o uşaq bəstəkarıdır. Başa düşürəm ki, bütün bunlar eqoizmdən irəli gəlir. O baxımdan uşaqlar daha məsum, daha safdırlar. Balacalar onlar üçün yazılan musiqiləri daha çox qiymətləndirir, dəyər verirlər. Onlar heç vaxt riyakarlıq etmirlər.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər