6 May 2015 11:34
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oyunların məşəli həmişə ilk olaraq Bakıda Atəşgahda yandırılacaq və növbəti oyunlar Avropanın hansı ölkəsində keçiriləcəksə, məşəl Azərbaycandan aparılacaq. Deməli, hər Avropa Oyunları keçirildikcə bu, Azərbaycanın xatırlanması, təbliği və təqdimatı deməkdir. Ölkəmizin qoyduğu fundament ənənəsi davam edəcək. Minlərlə turist gələcək, Azərbaycan daha da yaxşı tanınacaq. Oyunlar ən müxtəlif səviyyəli şəxslərin cəlb edilməsində mühüm rol oynayacaq. Turizm sahəsindəki imkanlarımızı və üstünlüklərimizi dünyaya təqdim edəcəyik. Bütün mənalarda Avropa Oyunları ölkəmiz üçün çox əhəmiyyətli töhfələr verəcək. Biz də şübhəsiz dövlət və millət olaraq yaranmış situasiyadan istifadə edib özümüzü dünyaya daha geniş şəkildə tanıda biləcəyik”.

Bunu qəzetimizə müsahibəsində Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:

- Fəzail bəy, “Bakı-2015: Avropa Oyunlarına dəstək dostlar qrupu” yaratmısınız. Belə birlik hansı zərurətdən yarandı?
- Bu birliyin niyyəti adından göründüyü kimi birinci Avropa Oyunlarına sosial şəbəkələrdə dəstək vermək, onun təbliğində fəal iştirak etməkdən ibarətdir. “Bakı-2015: Avropa Oyunlarına dəstək dostlar qrupu” ilə bağlı təşəbbüsümü bəyənən gənclər çağırışıma gəldi. Həm Azərbaycan, həm də ölkəmizdən kənarda Avropa Oyunlarının əhəmiyyəti və vacibliyi haqqında informasiyaları dünya ictimaiyyətinə ən müxtəlif - ingilis, fransız, alman, ispan, rus, yapon, çin dillərində geniş şəkildə yayacağıq. Xüsusi olaraq Oyunlarla bağlı anti-Azərbaycan koalisiyasının xüsusi proqramlı düşmənçilik mövqeyinə qarşı öz imkanlarımızı səfərbərliyə alaraq iradəmizi ortaya qoymalıyıq. Məqsədimiz Azərbaycanın üstün cəhətlərini, dövlətçiliyimiz və onun əldə etmiş olduğu uğurları, təbiətimiz, sərvətlərimiz, insanlarımız haqda məlumatları, maddi və mənəvi mədəniyyətimizin ayrı-ayrı cəhətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq bu istiqamətdə müəyyən işlər aparırıq, getdikcə auditoriyamız genişlənir.

- Azərbaycanın “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin əhəmiyyəti nədən ibarətdir?
- İdman dünyada ən kütləvi tədbirdir və milliyyətindən, dövlətindən, inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə idmana maraq var. İlk Avropa Oyunlarında idmanın 20 növü üzrə yarış keçiriləcəyini nəzərə alsaq, 48 ölkə öz idman imkanlarını nümayiş etdirəcək. Avropa Oyunları öz təsnifatı və səviyyəsinə görə Olimpiya Oyunları ilə müqayisə olunur. Azərbaycan bu Oyunları ev sahibliyi etməyi öz boynuna götürməklə birincisi, özünü idman ölkəsi, ikincisi yüksək təşkilatçılığı olan dövlət kimi təqdim edir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki məşəlin alovlandırılma mərasimində çıxışında söylədiyi kimi bu, böyük möcüzə idi, Azərbaycan Oyunlara hazırlığı ilə özünün yüksək səviyyəli idman ölkəsi kimi Avropaya, dünyaya göstərdi. Tamamilə əminəm ki, sonrakı mərhələlərdə də ölkəmiz üstün keyfiyyətlərini dünyaya nümayiş etdirəcək. Bakı və Azərbaycanın adı əbədi olaraq sonrakı illərdə Avropa Oyunları keçirilən ölkələrdə çəkiləcək. Oyunların məşəli həmişə ilk olaraq Bakıda Atəşgahda yandırılacaq və növbəti oyunlar Avropanın hansı ölkəsində keçiriləcəksə, məşəl Azərbaycandan aparılacaq. Deməli, hər Avropa Oyunları keçirildikcə bu, Azərbaycanın xatırlanması, təbliği və təqdimatı deməkdir. Ölkəmizin qoyduğu fundament ənənəsi davam edəcək. Minlərlə turist gələcək, Azərbaycan daha da yaxşı tanınacaq. Oyunlar ən müxtəlif səviyyəli şəxslərin cəlb edilməsində mühüm rol oynayacaq. Turizm sahəsindəki imkanlarımızı və üstünlüklərimizi dünyaya təqdim edəcəyik. Bütün mənalarda Avropa Oyunları ölkəmiz üçün çox əhəmiyyətli töhfələr verəcək. Biz də şübhəsiz dövlət və millət olaraq yaranmış situasiyadan istifadə edib özümüzü dünyaya daha geniş şəkildə tanıda biləcəyik.

- Məşəl ötən gün Salyan və Neftçala bölgəsinə səyahət etdi. Bu bölgədən seçilmiş deputat kimi məşəl estafetini canlı izləmək şansınız oldu?
- Yox, həmin mərasimdə iştirak etməmişəm. Azərbaycanın digər bölgələrində də millət vəkilləri məşəl estafetində iştirak etmir. Mən də təbii ki, qatılmadım. Lakin çox böyük məmnuniyyətlə, məşəlin Salyan və Neftçalada alovlandırılmasını televiziya vasitəsilə izlədim və təbii ki, sevindim. Qürur hissi duydum, özümü mərasim iştirakçılarının arasında hiss etdim.

- Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyalarına cəhdlər var. ABŞ dövlət katibi Con Kerrinin anti-Azərbaycan kampaniyasına rəhbərlik etməsi ilə bağlı fikirlər və konkret faktlar mövcuddur. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Azərbaycana qarşı uzun illərdir ki, qarayaxma kampaniyaları aparılır. Bunun ən geniş xarakter daşımasını 2012-ci ildə “Eurovision” mahnı festivalı ərəfəsində gördük. Ancaq indi qarayaxma kampaniyası ondan da geniş xarakter almaqdadır. Bəzi qüvvələr Azərbaycanın dünya məkanında parlaq ulduza çevrilməsindən, ölkəmizin inkişafından narahatlıq keçirir, qısqanclıq hiss edirlər. Bu qüvvələr arasında həlledici yerdə Ermənistan lobbisi dayanır. Erməni lobbisinin Amerika, Fransa və dünyanın digər ölkələrdə yetirişdirib formalaşdırdığı, önə çəkdiyi ayrı-ayrı siyasətçilər, məmurlar, QHT rəhbərləri, medialar, jurnalistlər var. Bütün bunlara ermənilərin pulu ilə qidalanan, əslindən ABŞ-dan daha çox, ermənilərə xidmət edən, ABŞ-Azərbaycan münasibətlərinin inkişafından daha çox Azərbaycanla düşmənçiliyə səy göstərən Con Kerri rəhbərlik edir. Kerri açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqeyini ortaya qoyub. ABŞ siyasətçisi kimi 1990-cı ildə 20 Yanvar hadisələri ərəfəsində Mixail Qorbaçova məktub yazaraq onu Azərbaycana qan uddurmağa çağırırdısa, erməniləri müdafiə edirdisə, Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”i qəbul etməkdə həlledici rol oynayırdısa, bu gün artıq o, açıq müstəviyə keçib. Azərbaycana qarşı ermənilərdən betər düşmənçiliyini ortalığa qoyur. Məqsəd I Avropa Oyunlarının keçirilməsinə mane olmaq, dünyada Azərbaycanın imicini zəiflətmək, şər və böhtan məlumatlar yaymaqdır. Ona görə də biz birmənalı olaraq Con Kerrinin Azərbaycana qarşı düşmənçilik mövqeyinin üstünə gedib onu sosial şəbəkələr vasitəsilə ifşa edirik. Tək Azərbaycan auditoriyası üçün deyil, ingilis, ispan, alman, fransız dillərində də o münasibətləri sosial şəbəkələr vasitəsilə yaymaqda davam edirik. Mən əminəm ki, nə Con Kerri, nə də onun komandası Avropa Oyunlarının keçirilməsinə heç bir maneçilik yarada bilməyəcək. Azərbaycan güclü dövlətdir, ölkəmizin iradəsi ortalıqdadır. Ölkə prezidentinin olduqca müdrik, ölçülüb-biçilmiş, Azərbaycan xalqının iradəsinə söykənən çox qətiyyətli, milli maraqlarını özündə ifadə edən siyasəti var. Bu siyasət Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən müdafiə olunur. Onlar bizi Suriyaya, Liviyaya, Yəmənə döndərməyə çalışsalar da, Azərbaycan xalqının iradəsi ilə üz-üzə dayanacaqlar və istəklərinə nail olmayacaqlar.

- Son zamanlar Facebook sosial şəbəkəsinin aktiv istifadəçisinə çevrilmisiniz. Sosial şəbəkələrə gəlişinizin səbəbi nədir? Avropa Oyunlarına qarşı kampaniyalara qarşı fəaliyyət üçün bu platformanı seçmisiniz?
- Dostluq qrupundan əvvəl öz adıma Facebook profilimi açdım. Orada mənimlə dost olmaq istəyənlərə fəaliyyətimin vacib cəhətlərini paylaşmaq və Facebook-un imkanlarından istifadə edərək yazılarımı, açıqlamalarımı soydaşlarımızla bölüşmək niyyətini əsas götürdüm. Ölkəmizə qarşı anti-Azərbaycan koalisiyası geniş miqyaslı hücumlara başlayandan sonra belə qərara gəldim ki, “Bakı-2015: Avropa Oyunlarına dəstək dostluq qrupu” yaradılsın. Bu qrup vasitəsilə həm idman yarışlarının təbliği ilə məşğul olaq, həm də Azərbaycana qarşı geniş miqyas alan anti-Azərbaycan qüvvələrinə qarşı mübarizəmizi sərtləşdirək. Avropa Oyunları qurtardıqdan sonra dostluq qrupundan təmsil olunan insanlarla dostluğumuzu davam etdirəcəyik.

- Oyunlar zamanı məxsusi olaraq izləmək istədiyiniz idman növü varmı? Hansı yarışlar Sizi daha çox cəlb edir?
- Artıq biletimi almışam, həm açılış, həm də bağlanış mərasimində iştirak edəcəyəm. Voleybol, gimnastika, güləş idman növlərini izləyəcəyəm. 17 gün idman yarışının verdiyi imkan daxilində bir çox idman növü üzrə yarışları izləməyə çalışacağam. Kollektiv oyunların final yarışlarını izləmək niyyətim də var.

- Bu il həm də parlament seçkiləri ilidir. Hazırlıq görürsünüzmü, növbəti dövr üçün mandat uğrunda yarışlarda iştirak etmək niyyətiniz varmı?
- Parlament seçkilərinə hələ kifayət qədər vaxt var. Seçkiləri hələlik indiki fəaliyyətimizin aktiv fazasına keçirməmişik. Rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib. Partiya aparatı kimlərin qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olduğunu araşdırır. Yəqin iyun ayının sonunda dəqiqləşmələr aparılacaq, iyulda partiyanın Ali Məclisinin keçirilməsi nəzərdə tutulur. Biz o zaman seçkilərdə iştirak forması və hansı qüvvə ilə getmək barədə qərar qəbul edəcəyik. Bütövlükdə Ana Vətən Partiyası seçkilərdə iştirak etmək niyyətindədir.

Nərgiz Ehlamqızı


Müəllif: