1 İyul 2015 11:39
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “Ermənistan əvvəl-axır qır qazanında yanacaq”

“Türkiyə onsuz da çətin yoldadır. Son illər həm xaricdən gələn təzyiqlər, həm də daxildə buraxılan səhvlər göstərir ki, Türkiyədə müəyyən problemlər yaşanacaq. Üstəlik bu müddətdə koalisiya mədəniyyəti də xeyli dərəcədə zədələnib. Tək partiyalı iqtidarın digər siyasi qüvvələrlə münasibətdə məsafəli davranışı müşahidə edilirdi. Hazırda Ədalət və İnkişaf Partiyası bunun fəsadını yaşamalı olub. Ən azından azacıq uzlaşma mühiti olsaydı, koalisiya baş tutardı. Həm də AKP-nin yolsuzluq hadisəsi ilə bağlı seçdiyi taktika doğru olmadığından digər siyasi qüvvələr gələcək aqibətini AKP ilə koalisiyaya bağlamaq istəmir. Nəzərə alırlar ki, koalisiyaya daxil oldunsa, nələrisə güzəştə getməlisən. İndi MHP buna isti yanaşmır. Amma siyasi mənzərəyə baxanda görünür ki, ən yaxşı koalisiya MHP-AKP ola bilər. Ancaq CHP ilə də belə koalisiyanın yaradılması mümkündür”.

Bunu Teleqraf.com-a müsahibəsində Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Müsahibəni təqdim edirik.

- Fazil bəy, I Avropa Oyunları başa çatdı. Prosesi ümumilikdə necə qiymətləndirirsiniz?
- I Avropa Oyunları Azərbaycan cəmiyyətində böyük bir iz buraxdı. Artıq kiçik dövlət kompleksini aşmış oluruq, böyük dövlətlərlə rəqabətə daxil oluruq. Azərbaycan kiçik görünən boyu ilə ən məşhur Avropa dövlətlərini arxada qoydu, Rusiyadan sonra ən çox medal qazanan ölkə oldu. Buradan o nəticə çıxır ki, millətin potensialını düzgün səfərbər etsən, istənilən sferada güc ortaya qoyma imkanına sahib ola bilərsən. Məncə, biz bu qüruru və gücü ənənəyə çevirə bilsək, bir çox məsələlərdə də böyük uğurlarımız olacaq. Vətəndaşlarımız da həddən artıq fədakarlıq etdilər. Bu, şəxsən mənim üçün də sürpriz oldu. Onlar tədbirə könüllü, ürəkdən və dəstəkverici şəkildə yanaşdılar. Prezidentin nümunəvi davranışlarını, medal təqdim edərkən idmançılara və cəmiyyətə münasibətini gördük. Eləcə də, Prezidentin əlil idmançılara münasibətinə şahid olduq. İlham Zəkiyevin obrazında bu, ciddi məsələ idi. Bəlkə də, ölkədə əlillərin olduğu bir qədər unudulmuşdu, onlar cəmiyyətdən kənarda qalmışdılar. Ancaq İlham Zəkiyevin timsalında mesaj verildi ki, cəmiyyət üçün mən sizdən daha çox faydalıyam, dəyərliyəm. Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Odur ki, biz ənənəyə çevirə biləcəyimiz şeylər qazandıq.

- I Avropa Oyunları başlamazdan öncə elan olunurdu ki, Azərbaycan dünyaya təqdim və təbliğ ediləcək. Sizcə, buna nail ola bildikmi?
- Əlbəttə, təqdim edildi. Amma bunu görmək istəməyən gözlər, eşitmək istəməyən qulaqlar da oldu. Ancaq bu, hər zaman olacaq. Bizim üçün vacib odur ki, hər gün üzərimizə düşəni edək. Bilirsinizmi, bu, nəyə oxşayır? Bir ziyalının həyatda yaşamasına oxşayır. Ola bilsin ki, bu ziyalı istədiyi qiyməti ala bilmir, amma o, üzərinə düşən funksiyanı yerinə yetirməyə borcludur. Biz üzərimizə düşən işi görürük. Özümüzə aid olan tanıtım işində kifayət qədər böyük bir gücü ortaya qoyduq. Sonrası gələcəyin işidir. O mənada ki, bunu necə siyasi dividendə çevirə bilərik. Bu, artıq bizim qabiliyyətimizlə bağlı məqamdır. Ümid edək ki, bunu da bacaracağıq.

- İndi Bakının tıxac problemini həll etmək üçün yeni tədbirlər planı hazırlanır, ola bilsin ki, rayon avtomobilləri şəhərin mərkəzinə buraxılmasın. Bu haqda siz nə düşünürsünüz?
- Məncə, I Avropa Oyunlarında tətbiq edilən yanaşma burada keçərli olmaz. Nəzərə alın ki, vətəndaşlarımız 20 gün müddətində buna sinə gələ bilər. Bunun ümummilli tədbir olduğunu nəzərə alaraq anlayışla qarşılayar. Amma rayon sakini işini bura ilə qurur, gəlib burada mal satır və ya alır. Düzdür, rayonlarda müəyyən inkişaf gedir, amma nəzərə almaq lazımdır ki, rayonlarımız həm də dotasiya ilə işləyir. Onların müəyyən mənada gəlir əldə etmək imkanı bir az çətindir. Çoxu Bakıya gəlib-gedir. Bütün bu məqamlar tələb edir ki, biz bu məsələlərə bir qədər diqqətli yanaşaq.

- Ancaq paytaxtda tıxac problemini önləmək üçün əvvəl-axır bir standart tətbiq edilməlidir...
- Əlbəttə, standart olmalıdır. Fikrimcə, yol infrastrukturu və nəqliyyatın intellektual idarəetməsi daha ağıllı şəkildə idarə olunmalıdır. Biz vətəndaşı Bakıdan çıxarıb deyə bilmərik ki, tıxac problemini həll edirik. Bu məntiqlə biz vətəndaşlara avtomobil sürməyi qadağan edə bilərik və beləcə tıxac problemi də yaşanmaz. Əslində, ictimai nəqliyyat yüksək səviyyədə çalışanda bu haqda düşünmək olar. İstanbulda və digər şəhərlərdə ictimai nəqliyyat üçün ayrıca yol var, bu səbəbdən də onlar çox zaman tıxaca düşmür.

- Avropa Oyunları üçün ayrılan xüsusi xətti ictimai nəqliyyat və təcili tibbi yardım avtomobilləri üçün ayırmaq olmazmı?
- Bu həll yolu yükü qaldırmaz. Yəqin ki, Dərnəgül yolunu görmüsünüz. Arada bir dəfə dediyiniz xətlə ictimai nəqliyyat gedəcək, qalan mülki maşınlar tıxacda qalacaq. Məsələnin məktəb, bağça, iş tərəfi var. İnsanlar bu halda ciddi yubanmalara məruz qala bilər. Ona görə də, daha fərqli yol izlənməlidir. Vətəndaşın narazılığı hesabına bunun edilməsi doğru yanaşma olmaz. Məncə, çıxış yolu kimi daha çox parkinqlərin çoxaldılması və ucuz variantda qurulması lazımdır. Həmçinin, yolu çəkəndə velosiped üçün yollarda xüsusi cığırlar qoyulmalıdır. Bu halda işçi və məmur da velosipedlə işinə gəlib-gedə bilər. Məncə, bunlara vərdiş etmək lazımdır. Əgər cəmiyyət bunu görsə, prosesə ciddi dəstək verər və beləcə tıxacların da sayı azalar.

- Qarşıdan parlament seçkiləri gəlir. Demək olarmı ki, yaxın aylarda əsas diqqət seçkilərə köklənəcək?
- Şübhəsiz. Biz onsuz da seçkiyə köklənmişik, partiyada bu iş gedir, seçki qərargahları fəaliyyət göstərir. İyul ayında hazırlıq işləri başa çatmalıdır ki, avqustda seçkilərdə iştirak haqqında qərar verilsin. Odur ki, bütün diqqət bu istiqamətə yönəlir.

- Bundan əvvəlki parlament seçkilərində BAXCP, BQP və Ədalət Partiyası seçkilərdə blok yaratmışdı. Bu seçkilərdə də, analoji blok yaranacaqmı?
- Hesab edirəm ki, bu, daha çox taktiki məsələdir. Seçkinin gedişində əgər görsək ki, resurslarımız 125 seçki dairəsindən namizəd irəli sürmək imkanında deyil və yaxud seçki komissiyalarında seçki prosesinə öz imkanlarımızla nəzarət etmək yetərli deyil, bu zaman seçki bloku haqqında düşünmək olar. Ancaq biz hazırda qeyd etdiyim mərhələdə deyilik. İndilikdə belə bir düşüncəmiz də yoxdur.

- Ermənistanda siyasi ab-hava qaynayır. Bu ölkədə nə baş verir və siz yaxın dövr üçün nə proqnozlaşdırırsınız?
- Ermənistan əvvəl-axır qaynayaraq qır qazanında yanacaq. Çünki başqa ölkənin ərazisini işğal edib, insanları qətlə yetirib, milyonlarla insanı evindən edərək əzab içərisinə atıb. Bütün bunlara görə cavab verəcəklər. Ola bilsin ki, indi qır qazanında yanmağın təcrübəsini keçirlər. Yəqin ki, Ermənistanda da bunu başa düşənlər var. Ermənistanda bir həddə qədər siyasi mübarizə aparmaq olar. Çünki Rusiyanın forpostu olan ölkədə sonda Rusiyanın müdaxiləsi ilə istənilən hadisəni durdurmaq imkanları mövcuddur. Ona görə də, biz çox ümid etməməliyik ki, orada baş verən hadisələr sonda bu ölkənin işğalçı siyasətindən əl çəkməyə gətirib çıxaracaq. Nəzərə almalıyıq ki, bu siyasətin əsas ilhamvericisi Ermənistanın ağası, sahibidir. Mən Ermənistanda hadisələrin yatırılacağını proqnozlaşdırıram.

- Ermənistan hakimiyyətinin küçə yolu ilə dəyişdirilməsi ehtimalını görmürsünüz?
- Yox, mən görmürəm və hesab edirəm ki, bu, mümkün də deyil.

- Niyə?
- Çünki Ermənistanda Rusiya faktoru ciddidir. Digər ölkələrdə də Rusiya faktoru var, amma bu faktor kənardan var. Amma Ermənistanda Rusiya faktoru birbaşa içəridəndir. Bu imkanlar daxildə olanda prosesi tənzimləmək daha rahat olur. Bu mənada düşünmürəm ki, Ermənistanda baş verən bu itaətsizlik aksiyaları sonda hakimiyyət dəyişikliyi ilə nəticələnsin.

- Türkiyədə də durum qəlizləşir, seçkidən sonra gözlənildiyinin əksinə olaraq MHP-AKP koalisiyası baş tutmadı. Sizə elə gəlmirmi ki, qardaş Türkiyə də son illər ən çətin və ağır mərhələyə daxil olur?
- Türkiyə onsuz da çətin yoldadır. Son illər həm xaricdən gələn təzyiqlər, həm də daxildə buraxılan səhvlər göstərir ki, Türkiyədə müəyyən problemlər yaşanacaq. Üstəlik bu müddətdə koalisiya mədəniyyəti də xeyli dərəcədə zədələnib. Tək partiyalı iqtidarın digər siyasi qüvvələrlə münasibətdə məsafəli davranışı müşahidə edilirdi. Hazırda Ədalət və İnkişaf Partiyası bunun fəsadını yaşamalı olub. Ən azından azacıq uzlaşma mühiti olsaydı, koalisiya baş tutardı. Həm də AKP-nin yolsuzluq hadisəsi ilə bağlı seçdiyi taktika doğru olmadığından digər siyasi qüvvələr gələcək aqibətini AKP ilə koalisiyaya bağlamaq istəmir. Nəzərə alırlar ki, koalisiyaya daxil oldunsa, nələrisə güzəştə getməlisən. İndi MHP buna isti yanaşmır. Amma siyasi mənzərəyə baxanda görünür ki, ən yaxşı koalisiya MHP-AKP ola bilər. Ancaq CHP ilə də belə koalisiyanın yaradılması mümkündür. Hər halda indi Türkiyə xarici təzyiqlə rastlaşıb, ölkənin xarici sərhədlərində problemlər yaşandığı mərhələdə ölkəni hökumətsiz buraxmayacaqlar. Fikrimcə, düşünüb bir format tapılacaq.

Nemət


Müəllif: