26 Avqust 2015 17:35
3 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bəxtiyar Sadıqovla müsahibəni təqdim edir.

- Bəxtiyar müəllim, siz sovet dövründə yaşamış adamsınız, deyirlər, bu gün həmin vaxtkı mütaliə prosesi yoxdur. Heç buna görə narahat olursunuz? Yoxsa belə yaxşıdır.
- Bilirsiniz, bu, çox ağrılı məsələdir və məni ən çox narahat edən problemdir. Azərbaycan xalqı bir vaxtlar ən çox oxuyan xalqlardan idi. Qürurverici tərəf isə ondan ibarət idi ki, gənclərimiz kitab oxumaq uğrunda yarışırdılar. O dövrdə kitab oxumayanlara, məşhur əsərlərlə tanışlığı olmayanlara yaxşı baxmırdılar.
İctimai rəyin özü elə bir mühit yaratmışdı ki, intellektual müzakirələrdən kənarda qalmamaq üçün hamı kitab oxuyurdu.

- Siz də?
- Bəli. Mən özüm bir neçə kitabxanaya üzv idim. Mütaliə həm insanın dünyagörüşünü artırır, həm də dilini zənginləşdirir. Bu gün Azərbaycan mətbuatının ən böyük problemlərindən biri odur ki, dildən düzgün istifadə olunmur, dilimiz çirkləndirilir. Bu, bizim ən yaralı yerimizdir. Sizin dediyiniz kimi, sovet mütaliə mühitini lap süni yolla olsa belə, geri qaytarmaq lazımdır. Biz kitaba qayıtmalıyıq. Bunun fəsadları ilbəil artır. Məsələn, bizim jurnalistikamız hal-hazırda sovet dövrü jurnalistikası ilə bərabər deyil, səviyyəsi çox aşağı düşüb!

- Maraqlıdır, niyə belə düşünürsünüz? Səbəb nədir?
- Əvvəla, peşəkarların sayı azalıb. Sonrası, dilin imkanlarından bəhrələnə bilmədiklərindən fikirlərini də dəqiq ifadə edə bilmirlər. Bütün bunlardan qurtulmağın yeganə yolu kitablardır, kitab oxumaqdır! Ancaq kitaba qayıdış prosesi olduqca zəif getdiyinə görə mən ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, gənclərimiz arasında savadsızları, məhdud dünyagörüşlüləri də vardır. Kitabxanalardan istifadə etmək yerinə vaxtlarını internetdə boş və mənasız yerə sərf edənlər də çoxdur.


- Müəllim, kitab haqqında niyə belə emosional danışırsınız? Sonra da deyirsiniz, internetdə boş və mənasız işlərlə məşğul olan bir qrup gənc var. Sanki özünüzü tamamilə gənc nəsillə üz-üzə qoyursunuz...
- Səhv etmirəmsə, Sokrat deyirdi ki, nə qədər ki kitab oxumamışdım, elə bilirdim hər şeyi bilirəm. Elə ki oxudum, gördüm heç nədən xəbərim yoxmuş! Mənim danışdıqlarım emosiya deyil. Sadəcə, mən bilirəm ki, kitab insana nə verə bilər.

- Məsələn, nə verə bilər?
- Səmimi deyirəm, müstəqillik böyük nemətdir və müstəqil dövlətdə yaşamaq qeyri-adi qürurdur, iftixardır! Müstəqilliyi qazandığımız bu az illərdə təkcə pəncərədən baxanda, ölkəmizdə nə qədər inkişaf, islahatlar, quruculuq işləri baş verdiyini görmək olur. Müstəqilliyimizlə biz öz sərvətlərimizin sahibi olduq, dövlətimizin xarici və daxili siyasətini müəyyənləşdirə bildik və bu gün müstəqil düşünüb vəsaitlərimizi düzgün bölə bilirik. Bütün bu inkişafı qorumaq üçün yüksək bilikli və bacarıqlı, dünyagörüşü zəngin mütəxəssislər lazımdır. Axı, mütəxəssislər üçün də, cəmiyyət üçün də kitaba qayıtmaq vacibdir! Bunu demək istəyirəm!

- Bəs sizcə, Azərbaycanda təhsil sistemi o səviyyədədirmi ki, orta məktəb şagirdi, yaxud ali məktəb tələbəsi məsələn, İsa Hüseynovu oxusun və dərk etsin?
- Mən təhsil üzrə mütəxəssis deyiləm, jurnalistəm! Amma TQDK-nın qəbul proqramına və qəbul faizinə baxanda görürəm ki, orta məktəblərdə təhsilin səviyyəsi çox aşağıdır. Sənin dediyin əsərlərə gəldikdə isə, onları orta məktəb şagirdinin anlaması çətindir. Düzdür, mən o zamanlar orta məktəb vaxtı böyük əsərlər oxuyurdum. Amma gərək kitabların mütaliəsi də mərhələ-mərhələ aparılsın. Məsələn, Viktor Hüqonun “Səfillər” romanını mən yalnız tələbə vaxtı oxudum. Əsərdən o qədər zövq aldım ki, hər beş ildən bir təkrar oxumağı qərarlaşdırdım.

- İndi necə, kitab oxuyursunuz?
- Düzü, son vaxtlar oxumuram.

- Niyə?
- Kitaba vaxt ayıra bilmirəm...

- Heç olmasa, “Səfillər” yadınızda qalıb?
- Əlbəttə. “Səfillər” haqqında yaxşı bir fikir var. Deyir, “əgər bütün dünya kitabxanaları yansaydı və orda ancaq Viktor Hüqonun “Səfillər”i qalsaydı, bu, bütün bəşəriyyətə bəs edərdi”. Yəni, o qədər dərin bir kitabdır. Belə kitablar çoxdur! Məsələn, mən “Dəli Kür” romanını poema kimi oxuyuram. Və ya Haqverdiyevin “Marallarım” silsilə hekayələrini adam oxumur, sanki su kimi içir.

- Həm deyirsiniz, oxumaq lazımdı, həm deyirsiniz, son zamanlar oxumuram.
- Düzdür, bununla fəxr də etmirəm! Bəlkə bu, mənim nöqsanımdır. Amma gündəlik siyasi qəzetin rəhbəri olduğumdan bütün vacib materialları oxuyuram deyə, əlavə kitablara vaxt çatdıra bilmirəm.

- Maraqlıdır, yazılarınızı kağızda yazırsınız, yoxsa kompüterdə?
- Kağıza yazıram.

- Niyə? Məncə, kompüterdə yazmaq daha asandır.
- Əlimdə qələm olmayanda o yazı ilə bağlı ağlımda olan fikirlər, sözlər elə bil məndən qaçır, yazı alınmır.

- Bəs sosial şəbəkələri necə, vaxt tapıb izləyirsiniz?
- Yox, izləmirəm.

- Maraqlıdır, nə üçün?
- Mən neqativ halların azalması yerinə artdığını müşahidə etdiyim üçün sosial şəbəkələrdən istifadə etmirəm. Heç bunun üçün artıq vaxtım da yoxdur!

- Axı müasir jurnalistika demək olar ki, sosial şəbəkələrdə yaranır...
- Bəli, bir qrup adamlar var, deyirlər ki, yeni sosial jurnalistika yaranıb və mən buna qəti etiraz edirəm, qəbul etmirəm! Bununla bağlı öz düşüncələrimi bir məqalə şəklində yazıb əsaslandırmağa da çalışmışam. Orada da sovet dövrü jurnalistikası ilə indiki dövr jurnalistikası arasında fəqrləndirmələr aparmışam. Jurnalistika məsuliyyətli sahədir! Mətbu sözün qanunları, prinsipləri var. “Facebook” statuslarına jurnalistika deyərək peşəni kiçiltmək düzgün deyil.

- Sizin etirazınız sosial şəbəkələrdə yaranan jurnalistikayadır, yoxsa ümumiyyətlə, sosial şəbəkələrə?
- Mənim etirazım sosial şəbəkələrdə insanların sözlə məsuliyyətsiz davranışlarına, bir-birini təhqir etmələrinə, mentalitet baxımından məqbul sayılmayan məsələlərin müzakirəyə çıxarılmasına, qisas məqsədilə şəxsi məsələlərdən istifadəyədir! Və bütün bunlara “söz azadlığı” adını verirlər! Mən isə bunları qəbul etmirəm! Şəxsi həyata müdaxilə etmək, şəxsi həyatı müzakirəyə çıxarmaq olmaz! Bütün bunlara baxmayaraq, təbii ki, sosial şəbəkə həm də çox böyük imkandır. Hüdudsuz söz azadlığı, insanlar arasında dostluq və səmimi münasibət yaratması sosial şəbəkələrin yaxşı tərəfidir.

- Bəxtiyar müəllim, hazırda dövlət jurnalistlər üçün çox böyük imkanlar yaradır, onların qayğısına qalır. Amma sizə elə gəlmirmi ki, mətbuatımız peşəkar jurnalist sarıdan qıtlıq çəkir? Peşəkar kadrlar çox azdır. Əksəriyyəti təsadüfi adamlardı, gəlib jurnalist işləyirlər.
- Mən Heydər Əliyev qədər jurnalistlərə çox yüksək dəyər verən ikinci bir dahi tanımıram! Görün, jurnalist haqqında nə deyib: “Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Bütün bunlarla yanaşı, jurnalistə istedad da lazımdır. Bu sahədə uğurla çalışmaq üçün istək, həvəs də çox vacibdir.

- Aha... Və...
- Bilirsiniz, mən Mətbuat Şurası İdarə Heyətinin üzvüyəm. Sağ olsun dövlət başçımız, cənab İlham Əliyev bizimlə görüşdə xahişimizi nəzərə alaraq, jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanının təşkil olunmasına dəstək verdi. İndi baxıram, qabiliyyət imtahanının əleyhinə çıxan insanlar da var. Niyə, anlamaq olmur! Peşəkar olmaq isə çox çətindir. Hansısa redaksiyada işləmək hələ peşəkarlıq demək deyil! Ümumiyyətlə, jurnalistika sahəsində yüksək səviyyəli kadrlar çox azdır.

- Sizcə, səbəb nədir?
- Çünki əziyyətə qatlaşan, müəyyən prosesləri keçməyə həvəsli insanların özü azdır. Öz yazılarındakı qüsurları görüb, düzəlişlər apararaq redaktə etməyi bacarmayandan heç vaxt peşəkar kadr ola bilməz. Mən 46 ildir mətbuatdayam və görürsünüzmü, yazılarımı necə ciddi redaktə edirəm. Jurnalist daim öyrənməlidir! Mənim təmasda olduğum çox səviyyəli mütəxəssislər və yaxşı insanlar var. Tanıdığım insanlar hansı peşə sahibidirlərsə, o peşəyə aid müəyyən məsələləri onlardan öyrənməyə çalışıram. Bu barədə də utanc hissi keçirmirəm. İndi bunları edən yoxdur, oxuyan, öyrənmək istəyən olduqca azdır! Nə qədər ki bu hal davam edəcək, jurnalistlər özündənrazılıqla kifayətlənəcəksə, bizdə kadr da tapılmayacaq, olan kadrlar isə kimsəni qane etməyəcəkdir.

- Bayaq dediyimiz kimi, dövlət jurnalistlərə xüsusi diqqət və qayğı göstərir. Evlər verilir, fəxri adlarla təltif olunur və s. Ola bilərmi ki, bu məsələlər yoldan keçənləri həvəsləndirib mətbuata yönləndirsin?
- Belə bir hal da var. Əslində, müstəqillik dövründə çox yoldan keçənlər jurnalistikaya gəlib. Əgər belə olmasaydı, Azərbaycan Mətbuat Şurası tərəfindən tərtib olunmuş “qara siyahı” da olmazdı. Jurnalistliyə axının ən güclü səbəbi o oldu ki, Azərbaycan xalqı həmişə jurnalistlərə, ziyalılara xüsusi hörmət bəsləyib. Sovet dövründə isə onlara hörmət daha yüksək idi. İndi isə sovet dövrü redaksiyalarının qapısından içəri girməyə belə qoyulmayan insanlar jurnalistika sahəsinə gələrək xalqın rəğbətindən istifadə edirlər, hətta qəzetlərdə “baş redaktor” da olurlar.

- Və düşünürsünüz ki, bununla da həm jurnalistikanı, həm də qəzeti hörmətdən salırlar.
- Əlbəttə, elədir! Biz demokratik dövlət kimi mətbuat və söz azadlığının inkişafında olduqca maraqlıyıq. Jurnalistlər nə qədər yaxşı, səviyyəli olsa, bu, müstəqil dövlətimiz üçün də bir o qədər yaxşıdır. Allah Prezidentimizə cansağlığı versin, görün, nə gözəl şərait yaradıb jurnalistlər üçün. Jurnalistləri təmirli mənzillərlə təmin edib, qrantlı layihələr reallaşdırılır.

- Bəs qəzet redaktorunun yaxşı jurnalisti qoyub, layiq olmayanın adını siyahıya yazmağına Mətbuat Şurası nəzarət edə bilməzmi?
- Niyə Mətbuat Şurası nəzarət etməlidir ki? Bəs qəzet redaktorunun vicdanı, ədaləti, obyektivliyi hardadır?

- Tutalım, qəzet redaktorunun vicdanı, ədaləti, obyektivliyi yoxdur, bəs onda necə olsun?
- Mən bunu deyə bilmərəm necə olsun! Təkcə öz adımdan danışa bilərəm! Məsələn, bizim qəzetimizin redaksiyasında mənzil bölgüsü və mükafatlandırmada jurnalistlərin bütün fəaliyyəti nəzərə alınır. Elə məsələlər var ki, orada prinsipial olmaq lazımdır!

- Yəqin siz də o fikirdəsiniz ki, jurnalist ictimaiyyətdə tanınmalıdır.
- Əlbəttə...

- Amma fikirlər var ki, təltif olunan jurnalistlərin əksəriyyətini ictimaiyyət tanımır.
- Özümüzü meyar saymayaq. Məsələn, eləsi var, mən də tanımıram. Amma bu o demək deyil ki, onu başqası da tanımır.

- Hər halda Bəxtiyar Sadıqovun tanımadığı jurnalist layiqli deyil. Mən belə düşünürəm.
- Mən gündə 30-dan çox qəzet oxuyuram. Vaxtım olanda isə saytlara girib baxıram. Amma mən imzaları izləyə bilmirəm, buna vaxt tapmaqda çətinlik çəkirəm. Düzdür, sovet dövründə bu imkan var idi. İnformasiya vasitələri az idi və böyük əksəriyyətini də qəzetlər təşkil edirdi. İndi KİV-lər çoxdur və buna xüsusi vaxt ayırmaq olmur. Mənim tanımadığım jurnalistə mükafat veriblər deyə, iddia edə bilmərəm ki, həmin ada layiq deyil! Yenə də deyirəm, Prezidentimizə təşəkkürümü bildirirəm. Sovetin vaxtında bu cür imkanlar, bu qədər təltiflər yox idi.

- Belə bir fikir də var ki, dövlətin jurnalistə göstərdiyi qayğı əslində, onun azadlığını əlindən alır.
- Bunu düzgün yanaşma saymıram və iqtidarın gördüyü işlərə kölgə salmaq cəhdi kimi qiymətləndirirəm. Azərbaycan coğrafi cəhətdən balaca ölkədir. Jurnalist hər hansı bir xəbəri deməyə çəkinsə belə, sosial şəbəkə bunu mütləq yayacaq. Prezidentimiz dəfələrlə deyib ki, “o yerdə ki, internet var, orda mətbuat və söz azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz”. Digər tərəfdən, yazı yazanda kiminləsə məsləhətləşmək məsələsi sovet dönəmində qaldı. Mən heç rəsmi dövlət qəzetinin baş redaktoru ola-ola hər hansı bir materialı planlaşdıranda “yuxarılarda” heç kimlə məsləhətləşmirəm. Belə cəfəngiyyatı iddia etmək “Azadlıq” qəzetinin işidir.

- Necə yəni?
- Yazırlar ki, Rauf Arifoğluna orden verdilər. Halbuki Raufa orden yox, “Əməkdar jurnalist” adı veriblər. Raufa orden vermək onun azadlığını əlindən almaqdır? Əlbəttə, yox! Raufun redaktoru olduğu “Yeni Müsavat” qəzeti yenə də öz istədiyini yazır. Əkrəm qədər mükafat alan yox idi! Xalq yazıçısı idi! Ona ayrı ordenlər də verilmişdi. Erməni dəyirmanına su tökən, xalqını təhqir edən “Daş yuxular”ı yazdı, sağ olsun Prezidentimiz də tutdu bütün mükafatlarını əlindən aldı! Yəni yazan mükafat alanda da yazır, almayanda da yazır! Söhbət insanın əqidəsindən, həqiqətə sadiqliyindən gedir. Bunu satın almaqsa, mümkün deyil!

- Yeri gəlmişkən, Əkrəm Əylislinin əsərlərini oxumusunuz?
- Köhnə əsərlərini?

- Aha...
- Hə, oxumuşam. “Mənim nəğməkar bibim”, “Kür qırağının meşələri”, “Ürək yaman şeydir”... Əvvəllər onları “Ulduz” jurnalından oxuyurdum. Əkrəmlə də Milli Məclisdə tanış olmuşdum. Amma “Daş yuxular”ından sonra mənim ən çox nifrət etdiyim adamlardan biridir. Və mən çox şadam ki, Əylis camaatı onun həqiqi qiymətini verdi! Sağ olsun o camaat ki, kəndin adını onun adının yanından götürdülər!

- Bəxtiyar müəllim, maraqlıdır, jurnalistikada ustadlarınız kimlər olub?
- Əvvəla deyim ki, insan özü öyrənmək istəyəndə öyrənir. Jurnalistika fakültəsində oxuyanda hər müəllimindən bir şey öyrənir. Şirməmməd Hüseynovdan hadisələrə ayıq baxmağı, cəsarətli olmağı, Nəriman Zeynalovdan, Seyfulla Əliyevdən dəqiqlik öyrənmişəm. “Abşeron” qəzetində işləyəndə Polad Qasımovdan maraqlı yazılar, kənd təsərrüfatından yazmağı öyrənmişəm. Əfqan Əsgərovdan dildən istifadə etmək bacarığını mənimsəmişəm. Nəsir İmanquliyev bizə faktları dəqiq toplamağı, idarə və insan adlarını düzgün yazmağı tövsiyə edərdi. Bu gün də mən hər hansı bir xoşuma gələn yazıda maraqlı ifadə görəndə çalışıram onu yadımda saxlayam. Daim öyrənmək və öyrənməyə can atmaq lazımdır. Bunsuz jurnalistika yoxdur!

- İlk müsahibə aldığınız adam yadınızdadır?
- Düzü, müsahibə aldığım ilk adam yadıma gəlmir. Texnikumda oxuyanda müəllimimiz mənə divar qəzeti üçün bir yazı yazmağı tapşırdı. Onda biz partaların üstünü bıçaqla cızıb adlar-filan yazırdıq. “Saqqallı uşaqlar” adında yazı yazdım. Bunu çox bəyəndilər, məni həvəsləndirdilər. Bəlkə də bundan sonra məndə jurnalistikaya həvəs artdı. Amma məndə bu sənətə həvəsi bacım yaradıb. Çünki o da jurnalistika sahəsi üzrə təhsil alırdı.

- “Azərbaycan” kimi rəsmi bir qəzetin redaktoru olmaq, Milli Məclis və başqa rəsmi işlər sizi yormur ki? Yəni bütün bu işlərin arasında həyatınızı rahat yaşaya bilirsinizmi?
- Əvvəla, mən özümü rəsmi adam hesab etmirəm. Ən azından məni yaxından tanıyanlar bilirlər. Sadəcə, harda ki dövlətin, xalqın mövqeyi var, orda mən prinsipialam, geri çəkilmək söhbəti yoxdur. Amma jurnalistlərin əhatəsində məndən çox zarafatcıl, məndən çox deyib-gülən adam azdır. Özün də bilirsən, ağdamlılar “vedrə” bağlamağı sevirlər (gülür).

- Hə...
- Yenə deyirəm, zarafatcıl adamam, amma o yerdə ki, prinsipial məsələlər var, mən orda kifayət qədər ciddiyəm.

- Ailədə də eyni cürsünüz?
- Evdə çox yazıyla məşğul olmuram. Telekanallardakı xəbərlər proqramına baxıram. Təbii, ailənin işləriylə də maraqlanıram. Oğlum subaydır və hələ ki, ən çox onu işlədirik. Mən də həftədə bir dəfə evə bazarlıq edirəm.

- Bazara özünüz gedirsiniz ki?
- Hə, özüm gedirəm. Evdə də hər hansı bir işin qulpundan yapışmaq lazımdır. Yoxsa, “mən jurnalistəm”, - deyib işdəki göstərişləri evdə vermək söhbəti yoxdur.
Rəsmiyyət işə aiddir, evə yox!

- Bayaq dediyim kimi, böyük bir qəzetin baş redaktorusunuz, Milli Məclisin deputatısınız... Yəqin qohum-əqrəba, seçicilər tez-tez sizdən xahişlər edir, ora-bura zəng etməyinizi, iş aşırmağınızı istəyirlər.
- Bala, danışma, danışma, sən Allah, bundan danışma (gülür)...

- Əsasən, nə xahişləri edirlər?
- Bizim millət vəkili kimi bir çətinliyimiz də odur ki, işğal olunmuş rayonun deputatıyıq. Ağdam Azərbaycanın ən öndə gedən rayonlarından idi. Amma indi oranın sakinləri qaçqın şəhərciyində yaşayan və hər şeyə ehtiyacı olan seçicilərdir. Şükür ki, Prezidentimiz yeni şəhərciklər saldırıb, onları yerləşdirdi. Amma ən böyük problemlərdən biri yenə də işsizlikdir. Bu mənada müraciətlər əsasən iş üçün olur. Təəssüf ki, hamısına kömək edə bilmirəm. Sağ olsun Prezidentimiz, qısa müddətdə xeyli iş yeri açdırıb. Vəziyyət get-gedə düzəlir.

- Maraqlıdır, hansı musiqilərə qulaq asırsınız?
- Mən özüm muğam dəlisiyəm. Yaqub Məmmədov, Əbülfət Əliyev, Arif Babayev...

- Alim Qasımov necə?
- Alimin oxumağından zövq almıram!

- Niyə?
- Səbəbini bilmirəm.

- Bəlkə nə dediyini başa düşmürsünüz, ona görədi?
- Yox, ona görə deyil. Alimin təzə vaxtları vardı, oxuyurdu. O Alimi çox sevirdim, amma indiki halından nədənsə zövq almıram.

- Estrada müğənniləri də xoşunuza gəlmir? Məsələn, Röya... Bir dəfə rəhmətlik Mahmud Kərimov müsahibələrinin birində demişdi ki, Röya mənim ən çox sevdiyim müğənnidir.
- Mən Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova kimi sənətkarları görüb dinləmişəm. Ona görə sənin dediyin müğənniləri dinləyib zövq almaq mənim üçün maraqlı deyil. Deyirsən, Röya...

- Aha...
- Röyanın ən yaxşı mahnısı hansıdı? Səndən soruşuram.

- Çox mahnısı xoşuma gəlir. “Səninəm”, “Sən evlisən”, “Sənə görə”, “Bəlkə də”...
- Yox, bunların heç biri mənim xoşuma gəlmir. Ola bilsin ki, sənin yaş dövrünə uyğun olduğu üçün xoşlayırsan. Öz işindir.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər