23 Sentyabr 2015 21:36
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəl bizim bir kiçik ölkəmiz vardı, əsasən də, onun problemləri ilə məşğul olurduq. Amma indi dünyəvi problemlər yaranıb. Müsəlman aləminə var qüvvə ilə hücumlar başlayıb. Vaxtilə buna səlib yürüşləri deyirdilər. Ancaq o zaman biz səlib yürüşləri haqqında oxusaq da, bunu anlamırdıq. İndi tam mənasında səlib yürüşü var, bu zamana uyğun formada bütün çalarları ilə görünür. Bu, ürək ağrıdan hadisədir. Tarixi dövrlərdə baş verən müharibələr indi normal insana utanc gətirir. Ancaq təəssüf ki, XXI əsrdə belə bu müharibəni aparanlar, təşviq edənlər, başqa ölkələri bu prosesə salanlarda əməlləri təəssüf hissi yaratmır”.

Bunu qəzetimizə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ilə yollarını ayıran Ənvər Əliyev bildirib. Müsahibəni təqdim edirik:

- Ənvər bəy, hazırda nə ilə məşğul olursunuz?
- Mətbuat məndən hər həftə müxtəlif ekoloji problemlərlə bağlı fikirlərimi soruşur. Yəni, mətbuat mənimlə daima təmasda olur. Hazırda bütün dünyada və Azərbaycanda əsas problem ekologiyanın insan sağlamlığına təsiri mövzusudur. Demək istəyirəm ki, hazırda ekoloji problemlərlə məşğulam və elmi fəaliyyətimi davam etdirirəm. Xaricə gedirəm, konfranslarda iştirak edirəm, fikirlərimi bildirirəm. Eləcə də, işlədiyim institutda keçirilən elmi konfranslarda iştirak edirəm. Bu yaxınlarda ölkəyə gəlmişəm. Xaricdə konfransda olmuşam. Hesab edirəm ki, elmi fəaliyyəti davam etdirmək lazımdır.

- Pedaqoji fəaliyyətiniz varmı?
- Mən on ilə yaxın ali məktəblərin birində işlədim. Ancaq təəssüf ki, orada da işim alınmadı. Xaricdən gələn tələbələrə simvolik qiymət yazılmalı idi. Mən də bununla razılaşmadım. Nəticədə mübahisə düşdü, mən də qovluğumu götürüb Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundakı köhnə iş yerimə qayıtdım. Buradan çıxmamışdım, sadəcə elmi işimi davam etdirməyə başladım.

- Akademiyanın mühiti sizə uyğundurmu?
- Akademiyanın mühiti bizə daha uyğundur. Biz öz tədqiqatlarımızı aparırıq. Müəyyən qədər uğurlar əldə edirik. Akif Əlizadə rəhbərliyə gələndən sonra dirçəliş var, texniki baxımdan təminatlar yaxşıdır. Müəyyən şeylər qaydasına düşür, elmi işçinin nüfuzu yavaş-yavaş geri qayıdır. Təbii ki, problemlər də az deyil. Cavan kadrlar gəlirlər, amma tam hazır deyillər. Ona görə də, akademiyanın özünün tədris problemləri var. İstəyir ki, gələcəkdə magistrləri akademiyanın özündə hazırlayaq, ingilis dilində yaxşı bilsinlər, yeniliklərlə tanış olsunlar. Zamanın çətinliklərinə baxmayaraq akademiyada müsbətə doğru addımlar atılır.

- Bəzən mətbuatda müxtəlif ictimai-siyasi fiqurlar akademiyanın ləğv edilməsi təklifi ilə çıxış edirlər. Sizcə, bu nə dərəcədə məqsədəuyğundur?
- Akademiyanın ləğv edilməsi söhbəti, ümumiyyətlə, gündəmdə olmamalıdır. Çünki akademiya Azərbaycanın klassik elm məbədidir. Akademiya sistemi köhnəliyi ilə bərabər Azərbaycanda özünü doğruldan bəlkə də ən konservativ qurumdur. Şübhəsiz ki, məqsəd peşəkar elmi işçi yetirməkdir. Bu mənada akademiya yeganə elmi müəssisədir. Amma burada da nəsil əsasən yaşlaşıb, onlar köhnədən qalan elmi yaxşı bilirlər. Xaricdə olan gənclərimizi çıxmaq şərti ilə daxildə böyük elmi gənc potensial yoxdur. Şəxsən akademiyanın dağıdılmasına mən Azərbaycanda sonuncu elmi qalanın dağıdılması kimi yanaşardım. Bundan sonra elmi fəaliyyət zəifləyə bilər. Odur ki, bu kimi təşəbbüslərlə rastlaşanda sadəcə təəssüflənirəm.

- Sizin əvvəllər siyasi fəaliyyətiniz olub. Bəs, indi?
- Hazırda siyasətlə Yeni Azərbaycan Partiyası məşğul olur. Siyasətlə məşğul olan digər siyasi qüvvələrin də fəaliyyəti insanların gözü qarşısındadır. Bu fəaliyyət olmasa, daha yaxşıdır. Müəyyən qrupları çıxmaq şərti ilə siyasi fəaliyyət yoxdur. Bizdə indi siyasi fəaliyyət fərqlidir. Odur ki, mənim fikrim elmlə məşğul olmağa yönəlib. Məncə, siyasi fəaliyyətin ən gözəl vaxtları arxada qalıb.

- Amma siz uzun illər VHP üzvü olmusunuz, hətta partiyanı MSK-da təmsil etmisiniz...
- Bəli, VHP-nin üzvü olmuşam, aktiv fəaliyyətim olub. 2003-cü ildə MSK-ya getdim. MSK-da təmsil olunmaq siyasi fəaliyyətlə məşğul olmağı qadağan edir. Mən də 2003-cü ildən VHP-də fəaliyyətimi dayandırdım. MSK-dan çıxdıqdan sonra isə partiyaya qayıtmadım. Odur ki, hazırda partiyalılığım yoxdur.

- Siyasətçilərlə dostluğunuz davam edirmi?
- Əlbəttə, davam edir. Köhnə dostlarla münasibətlərimiz var. Polemika və müzakirələrimiz olur. Köhnə siyasi məfkurəmizi davam etdiririk. Ancaq rəsmi siyasi strukturda deyiləm. Lakin köhnə işimlə-elmi fəaliyyətlə məşğul oluram. Hamı kimi mən də dostlarımla əlaqələri saxlayır, müxtəlif məsələlərə dair mövqeyimi ifadə edirəm.

- Yenidən siyasətə qayıtmaq ehtimalınız varmı?
- Yox. Mənim qərarım qətidir. Siyasi fəaliyyətə necə qayıdasan ki, bu çalarını itirib, əvvəlki prestiji yoxdur, siyasi canfəşanlıq, qaynama yoxdur. Hər şey adi qaydası ilə gedir. O səbəbdən niyə və hara qayıdacağam? Belə fikrim yoxdur.

- Müsavatın qurultayından sonra parçalanma yaşandı, hazırda AXCP-də bu proses gedir. Vaxtilə təmsil olunduğunuz VHP də qurultaya hazırlaşır və orada da sədr dəyişə bilər. Bu durumu necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, sadaladığınız proseslər həm də gecikmiş hadisələrdir. Çünki siyasi partiyada dəyişikliklər çoxdan olmalı idi, tədricən cavanlar ortaya çıxmalı, yeni atmosfer, ab-hava yaranmalı idi. Bəlkə də, bunun özü ciddi problem oldu. Nəticədə təzələr gəlmədi, köhnələr də konservativ yolla getdilər. Nəticədə siyasi palitrada solğunluq başladı, aktiv fəaliyyət zəiflədi. Mən qəzet və jurnalları vərəqləyirəm. İnternetdən daima istifadə edirəm. Köhnə struktur, köhnə canfəşanlıq olmadığı üçün siyasətlə məşğul olmağın mənası yoxdur.

- VHP məsələsindən danışmadınız, sədr dəyişikliyi olsa, bu, neqativ atmosfer yarada bilərmi?
- Mən uzun illərdir ki, bu partiyadan uzağam. Açığı, bu haqda konkret bir söz deyə bilmərəm, çünki partiyanın daxilində hansı proseslərin getdiyindən, hansı fikir və təkliflərin olduğundan məlumatsızam. Ola bilsin ki, bəzi qüvvələr var ki, əvvəlki sistemin saxlanılmasını istəyərlər. Və yaxud sədrin özü fəxri sədr statusunda qala, öz nüfuzundan istifadə edərək partiyanın indiki formatda saxlamasına nail ola bilər. Sözsüz ki, bunlar mənim fikirlərimdir. Amma VHP ilə ciddi əlaqəm olmadığı üçün partiya daxilində gedən proseslərdən xəbər tutmuram. Bu mənada sualınıza cavab vermək mənim üçün çətindir. Ancaq qurultayda biz nəyin necə baş verdiyini, hansı təkliflərin olduğunu müşahidə edə bilərik.

- Seçkilərdə namizəd olmaq haqqında düşünmədiniz?
- Mənim bu prosesə qoşulmağım effektsiz olardı. Bu, mənim üçün mənasız gəlir. Sənin 50+1 faiz gücün yoxdursa, burada iştirak etmək doğru olmazdı.

- Türkiyədə gedən prosesləri müşahidə edirsinizmi?
- Mən təkcə Türkiyə deyil, bütün dünyada baş verən prosesləri müşahidə edirəm. Xüsusilə, Yaxın Şərqdə və islam coğrafiyasında yaşanan hadisələri izləyirəm. İnsan Yaxın Şərqdə baş verənləri ürək ağrısı ilə izləyə bilər. Əvvəl bizim bir kiçik ölkəmiz vardı, əsasən də, onun problemləri ilə məşğul olurduq. Amma indi dünyəvi problemlər yaranıb. Müsəlman aləminə var qüvvə ilə hücumlar başlayıb. Vaxtilə buna səlib yürüşləri deyirdilər. Ancaq o zaman biz səlib yürüşləri haqqında oxusaq da, bunu anlamırdıq. İndi tam mənasında səlib yürüşü var, bu zamana uyğun formada bütün çalarları ilə görünür. Bu, ürək ağrıdan hadisədir. Tarixi dövrlərdə baş verən müharibələr indi normal insana utanc gətirir. Ancaq təəssüf ki, XXI əsrdə belə bu müharibəni aparanlar, təşviq edənlər, başqa ölkələri bu prosesə salanlarda əməlləri təəssüf hissi yaratmır. O ölkələr ki, onlar demokratiya və insan hüquqlarından dəm vururdular. Təsəvvür edin ki, adi it və pişiyi qoruyanlar indi 10 minlərlə insanın qatilinə çevriləndən sonra demokratiya, dünyəvi işlər haqqında fikirləri dəyişirlər. Sən də bu dünyanın eybəcərliklərinə mat qalırsan. Axı heç bir canlı özünü bu qədər məhvə məhkum etmir. Bütün bunlarla maraqlanıram və çox təəssüf edirəm ki, məhz bu dövrü yaşayırıq.

- Yaxın Şərqdə baş verən müharibələrin, qanlı toqquşmaların sonunu necə görürsünüz?
- Məncə, burada qütbləşmə gedir. Demokratiya adı ilə strukturları dağıdılan ölkələrin vəziyyəti pisləşdi, nəticədə demokratik təfəkkürlər eybəcərləşdirildi. Bunu edən ölkələrin özü də insanlıq içərisində nüfuzlarını bir qədər itirdi. Amma belə başa düşürəm ki, Rusiyaya yaxın olan ölkələrdə sakitlik, sabitlik var və bu da insanlarda müəyyən qədər ümidlər yaradır. Bizim üçün sabitlik çox önəmlidir, çünki dünyada insan həyatı müqəddəsdir. Dünyada insan həyatı ilə oynamaq olmaz və bununla oynayanlar gec-tez tarixin külqabısında olacaqlar. Mən istərdim ki, indiki durumda Rusiya və Çinin dünya siyasətində çəkisi artsın. Bu hadisələr də, qütbləşmə kəskinləşsin, tarazlıq yaransın. Əks tərəfin də silahı və gücü olmalıdır. Siyasətdə gücü güclə balanslaşdırmaq vacibdir. O mənada qonşu ölkələrin-İranın, Türkiyənin güclənməsi və stabilləşməsi bizə xeyirdir. Bu ölkələrin güclənməsi həm də müsəlman ölkələri üçün müsbət haldır. Ciddi qüvvə olmalıdır ki, balans yaransın. Yaxın Şərqin problemi ondadır ki, tərəzinin bir gözündə həddən artıq güclü, bir gözündə isə həddən ziyadə zəif yük qoyulub. İndi güclü dövlətlər qurumu lazımdır ki, balans-sakitlik olsun. Hazırda atom silahının əleyhinə olanlar çoxdur. Əslində, atom və nüvə silahı istifadə üçün deyil, balansı saxlamaq üçün lazımdır. Əks halda bir milləti, coğrafiyanı, dövlətləri yerlə-yeksan edirlər. Yaxın Şərqdə biz həm də bu prosesi müşahidə edirik. Odur ki, indiki geosiyasi düzəndə Rusiya və Çinin çəkisinin artması, bunlara müqabil olaraq Türkiyə və İranın bir qədər güclənməsini istərdim. Müsəlman aləmində ölüm-dirim dayanmalıdır. Hər gün interneti, televiziyanı açanda müsəlman ölkələrində qan, faciələr görürsən. XXI əsrdə bunu yaradanlar və edənlər utanc hissi keçirməlidir. Bilməlidirlər ki, bunun axırı yoxdur, tarixin mənzərəsinə baxanda bunlar utanc verən hadisələrdir.

Nemət


Müəllif:

Oxşar xəbərlər