Teleqraf.com 17 saylı Yasamal 3-cü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd İlhamiyyə Rza ilə müsahibəni təqdim edir:
– İlhamiyyə xanım, Milli Məclisə gedən yola hansı prinsiplərlə başlamısınız?
– İctimai fəaliyyətdə olan hər bir kəs nə zamansa “Niyə də namizədliyini verməyəsən?” sualı və təklifi ilə qarşılaşır. On beş ilə yaxındır ki, hər seçki öncəsi bu sualları eşidirdim. Bundan öncə qəti imtina etsəm də, zaman keçdikcə “Niyə də yox?” deyə düşünməyə başladım. Xüsusilə də bu o zaman baş verir ki, sən istər-istəməz, insan problemlərinin mərkəzində olursan, həm də bu problemlərin həllini səndən gözləyirlər və sən çox vaxt öz gücsüzlüyünü hiss edirsən. Mənim fikrimcə, millət vəkilliyi bu cəmiyyətdə ən yüksək məqamdır.
Mənim dairəmdən – 17 saylı Yasamal dairəsindən 41 min seçici qeydiyyatdadır. Hamının “Sovetski” kimi tanıdığı Qədirli küçəsi sakinlərinin əksəriyyətinin evləri sökülüb və onlar başqa yerlərə köçüblər. Məndə olan qeyri-rəsmi məlumata görə, hazırda seçici sayı 32 mindir. İndi təsəvvür edin ki, seçkidə kifayət qədər səs qazansam, 32 min insanı təmsil edəcəyəm. Bundan böyük məsuliyyət, bundan şərəfli nə ola bilər ki?
– Hazırda qərargahınızda vəziyyət necədir, əsasən kimlərdən dəstək görürsünüz?
– Qərargahım qarışqa yuvasına oxşayır. Bir gün gəlin, baxın görün, şəkillər çəkin. Özüm də arabir çəkirəm. Bura gündəlik gəlib təmənnasız olaraq tanıtımımla məşğul olan insanları görsəniz, həyata, insanlığa inamınız artar. İnsanlar heç bir qarşılıq güdmədən, maddi maraq olmadan dəstə-dəstə gəlib köməklərini təklif edirlər. Bunu qazanmışamsa, bunu haqq etmişəmsə, çox xoşbəxtəm.
Bu gün insanların inamını qazanmaq ən böyük qazancdır. Hazırkı boz mənzərənin fonunda belə bir inamı, etibarı müşahidə etmək, həm də bunun mərkəzində olmaq inanılmaz duyğular yaşadır insana. Bircə diləyim var Allahdan – onların etimadını doğrulda bilim. Artıq seçilmək, qələbə qazanmaq boynumun haqqıdır deyə düşünürəm, yoxsa onların ümidlərini necə doğruldaram?
– Teleaparıcı kimi xalqın sizi tanıması nə kimi köməyinizə çatır?
– Çox köməyimə gəlir. Təbliğatın əsas mərhələsi tanıtmaq, rəğbət qazandırmaq, inandırmaqdırsa , mənim bunlara ehtiyacım yoxdur. İndi təbliğatımın başlıca məqsədi xatırlatmaqdır. On ildir ki, geniş televiziya auditoriyamdan uzaqda, sosial şəbəkələrdəyəm. Heç vaxt ictimai fəaliyətimi dayandırmadım. Əsas auditoriyamla dialoqum kəsilmədi. Amma televiziya və sosial şəbəkələrin auditoriyası həcm etibarilə fərqlidir. Odur ki, təbii olaraq unudanlar var, gənclər yaxşı tanımırlar, 10 il bundan öncə 15 yaşı olan yeniyetmələr mənim auditoriyam deyildilər. İndi onların 25 yaşı var. Odur ki, təbliğatımı aparan dostlarım da bilirlər ki, onların əsas işi xatırlatmaqdır. Xatırlayandan sonra isə inandırmaq lazım gəlmir. Şükürlər olsun ki, onların inamını çox illlər öncə qazanmışam.
– Öz şansınızı necə dəyərləndirərdiniz?
– Şanslarım yüksəkdir. Seçki ədalətli keçsə, qalib gələcəyəm. Əsas problem seçki mühitinin olmamasıdır. Cəmiyyət, insanlar, aprior olaraq, ictimai fəaliyyətə meyillidir. Onların ictimai təfəkkürünü iflic etmək çətin məsələdir. Amma təəssüf ki, buna müəyyən cəhdlər olur. Xüsusilə də gənclərdə bunu müşahidə edirəm. Sovet dövrünü görmüş yaşlı nəslin də seçkiyə inamsızlığını aradan qaldırmaq elə çətin deyil. Dediyim kimi, onlar ictimai maraqlardan uzaqlaşıb, ancaq fərdi maraqlara köklənsələr də ictimai proseslərə meyillidirlər. Gənclərdə isə böyük laqeydlik və bədgümanlıq gördüm. Bu, çox təhlükəli haldır. İnsanlara şərait yaratmaq lazımdır ki, ölkənin həyatında iştirak etsinlər, ictimai maraqlardan çıxış etsinlər. Yalnız fərdi maraqlar üzərində dayanan bir cəmiyyət məhvə məhkumdur.
– Rəqiblərdən sizi hansısa formada danışığa dəvət edən olubmu?
– Yox, olmayıb. İnanmıram ki, olsun. Mən onları tanımasam da, onlar məni tanıyırlar axı. Mənimlə nəyin danışığını aparasıdılar?
– Təbliğat prosesində hər hansı maneələrlə qarşılaşırsınızmı, sizə çətinlik yaratmaq istəyənlər varmı?
– Yox, bilirsiniz, əslində, həyat asan məsələ deyil. Seçki olanda da, olmayanda da. Çətinliklərin öhdəsindən özüm gəlməyə alışmışam.Yəni çoxlarına çətinlik və maneə kimi görünə biləcək şeyləri elə də eynimə almıram. Yaxud, başqa cür desək, eynimə alacaq çətinliklərlə hələ üzləşməmişəm. Əlbəttə, seçkiyə qatılanların resursları fərqlidir. Kimi böyük pullar xərcləyir, kimi dövlət strukturlarının resurslarından şəbəkə kimi faydalanır, kimisi də mənim kimi, dostlarına və təmiz adına güvənir. Zənnimcə, bu resurslar arasında ən güclüsü elə məndədir.
– Seçkiyə bir neçə gün qalmış namizədliyinizi kiminsə xeyrinə geri götürmək ehtimalı ola bilərmi?
– Sualınıza ancaq gülümsəyə bilərəm.
– Seçicilərinizə saytımız vasitəsilə çatdırmaq istədiyiniz bir söz varmı?
– O qədər sözüm var ki... Ən əsasını deyim: Mən harda oldumsa, sizin gözləntiləriniz, mesajlarınız, qayğılarınız, müqəddəratınız mənim üçün əsas oldu. Heç nəyin mərkəzinə özümü, öz ambisiyalarımı, maraqlarımı, ehtiyaclarımı qoymadım. Sizin adamınız, sizin səsiniz oldum. Buna can atdım. Bu, efirdə işləyəndə də belə oldu, ordan gedəndə də. Verilişlərdə, mətbuatda, auditoriyalarda, konfranslarda, seminarlarda, humanitar-sosial sahədə çalışdığım zamanlarda da sizin sözünüzü dedim. Mənə səs versəniz, məni öz vəkiliniz etsəniz, bu dəfə artıq Milli Məclisdə sizin sözünüzü deyəcəm. Kimə səs verməyinizdən asılı olmayaraq, noyabrın 1-də səs verin, seçim edin. İnsan ancaq öz seçimləriylə azad şəxsiyyətə çevrilə bilər!
Sevinc