5 İyun 2014 15:03
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının iclasında bəzi şöbələrə yeni rəhbərlər təyin edildi.

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli də institutda Monitorinq şöbəsinin müdiri seçildi. Qulu Məhərrəmli ilə yeni vəzifə təyinatı və görəcəyi işlərlə bağlı söhbət etdik.

- Öncə istərdik təyin olunduğunuz şöbənin əsas işi barədə məlumat verərdiniz.
- Monitorinq şöbəsinin əsas işi qloballaşma şəraitində Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi ilə bağlı Dövlət Proqramında müəyyən edilmiş vəzifələri gerçəkləşdirməkdir. Qısaca desək, şöbə Azərbaycan dilinin KİV-də, idarəetmə strukturlarında, elm və tədris müəssisələrində, reklamlarda işlədilməsinin monitorinqini aparacaq, müvafiq tövsiyələr hazırlayacaq. Əsas məqsəd bir çox sahələrdə dilin tətbiqinin və normalara uyğun işlədilməsinin dəqiq mənzərəsini cızmaq, nöqsanları aşkara çıxarmaq və onların aradan qaldırılmasına kömək etməkdir.

- “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət Proqramı"nın İşçi Qrupunda sizin rolunuz nədən ibarət olacaq?
- Şöbənin fəaliyyətini istiqamətləndirəcək, işlərin səmərəli məcrada getməsinə kömək etməyə çalışacağam.

- İnstitutun direktoru Tofiq Hacıyev Teleqraf.com-a müsahibəsində demişdi ki, monitorinq şöbəsinin fəaliyyəti təkcə şikayətləri qeydə almaq deyil, dərman, reklam, küçə adlarının monitorinqini də aparmaqdır. Bütün bu işlərin icrası üçün monitorinq şöbəsində nə qədər işçi çalışır və onların sayı görüləcək işlər üçün yetərlidirmi?
- Tofiq müəllim işin istiqamətlərini dəqiq göstərib, qarşıda xeyli mürəkkəb vəzifələr var. Məncə, bunun üçün prioritetlərin dəqiqləşdirilməsinə, şöbənin yenidən komplektləşdirilməsinə və texniki təchizat məsələlərinə yenidən baxmaq lazım gələcək.

- Direktor həmçinin demişdi ki, küçələrdə aparılan monitorinqlər üçün müvafiq icra hakimiyyətləri ilə də müqavilə bağlanmalıdır, görülən işə görə müvafiq qurumlardan instituta pul köçürülməlidir. Qarşı tərəf müqavilə bağlamayacağı təqdirdə hansı addımları atmağı düşünürsünüz?
- Bunlar sırf prosedur məsələlərdir və gerçəkləşdirilməsi üçün o qədər də ciddi problemlərin ortaya çıxacağına inanmıram. Sadəcə, onu deməliyəm ki, ictimai nəzarət mexanizmi kimi monitorinq fəaliyyəti maliyyə baxımından axsamamalıdır.

- Azərbaycan türkcəsinin durumu ilə bağlı “Qaynar xətt”ə nə qədər məlumat daxil olur? Monitorinq şöbəsi bu məlumatlardan nə qədər faydalana bilir?
- Təəssüf edirəm ki, indiyədək “Qaynar xətt” sistemi işə düşməyib, halbuki Prezidentin imzaladığı Dövlət Proqramında “Qaynar xətt”in olması xüsusi maddə ilə göstərilir. Yəqin ki, bu vacib məsələ tezliklə öz həllini tapacaq.

- İnstitutun sabiq direktoru FəxrəddinVeysəlov qəzetimizə bildirmişdi ki, KİV-də, küçə adlarında, xidmət ticarət obyektlərində, afişa və reklamlarda Azərbaycan dilinin normalara uyğun işlənməsini müəyyənləşdirmək üçün geniş spektrli “Müasir Azərbaycan dilində gedən proseslər şöbəsi” yaradılacaq. Bununla bağlı hansısa addım atılıbmı?
- Hazırda Dilçilik İnstitutunda “Müasir dil” şöbəsi fəaliyyət göstərir və onun əməkdaşlarının əsas vəzifəsi dilimizdə gedən çağdaş prosesləri öyrənməkdən ibarətdir.

- Tofiq Hacıyev bildirmişdi ki, Həbib Zərbəliyev işlərini yekunlaşdırmadan vəzifəsindən getsə, məhkəməyə veriləcək. Bu vəzifəyə təyin olunarkən sizə yekunlaşmış iş təhvil verilibmi?
- Dil ümummilli məsələdir. Onun inkişafı üçün hər kəs, xüsusən dilçi alimlər, müəllimlər və media nümayəndələri bacardıqları hər şeyi etməlidirlər. Burada əsas rolu ayrı-ayrı şəxslərin iradəsi deyil, yaxşı qurulmuş sistem oynamalıdır.

-Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri olaraq Sabir Rüstəmxanlı qəzetimizə müsahibəsində Azərbaycanda dil polisinin fəaliyyətinə ehtiyac duyuludğunu demişdi. Söz Azadlığı Müdafiə Fondu da daha çox dilimizin qorunması istiqamətində görülən işlərin tərəfdarıdır.
- Hələlik “polis” ifadəsi bizim insanlarda müsbət assosiasiya doğurmur, hərçənd ki, Sabir bəyin dediyi kimi buna ehtiyac var. Dilə nəzarətlə bağlı Fransa və Baltikyanı ölkələrin təcrübəsindən bəhrələnmək olar. Amma bu faktdır ki, insanın ana dilinə sevgisi yoxdursa, ürəyində bunu yaşatmırsa, bu dilin qaydalarının tapdanmasına biganədirsə, heç bir nəzarət və ya cəza fayda verməyəcək.

Sevil Hilalqızı


Müəllif: