“Müxalifətin proqramı ilə mətbuatdan tanışam, orada öz əksini tapan fikirlərin proqrama aidiyyəti yoxdur, çoxu siyasi bəyanatlardır. Sadəcə olaraq müxalif partiyalar mövcudluqlarını yada salırlar. Bir hissəsi şüar xarakteri daşıyır və nə demək istədikləri aydın olmur. Məsələn, iqtisadiyyatın neftdən asılılığını azaltmaq, manatın stabilliyini təmin etmək, regionlarda iş yeri açmaq kimi fikirlər şüardır. Amma bunları həyata keçirmək üçün müxalifət nə təklif edir? Ortada bir şey yoxdur. Bəzi təklifləri isə iqtidarın artıq həyata keçirdiyi təkliflərin təkrarıdır. Müxalifət ortaya səmərəli anti-böhran təklifi qoya bilməyib. Onların bir çox məsələlərdə olduğu kimi iqtisadi məsələlərdə də zəiflikləri göz qabağındadır”.
Bunu Teleqraf.com-a müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Müsahibəni təqdim edirik:
- Prezidentin Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransına dəvətli olmasını və həmin konfransdakı tribunadan Dağlıq Qarabağ problemi ilə bağlı çıxışını necə qiymətləndirirsiniz?
- Bir qayda olaraq Suriya probleminə aidiyyatı olan ölkələr bu və ya digər yerlərdə konfranslarda iştirak edir. İlk dəfə idi ki, problemə aidiyyəti olmayan, ümumən nüfuzu olan ölkələr konfransa dəvət edilirdi. Azərbaycanın “Suriyaya və regiona dəstək” konfransına dəvət edilməsi regiondakı lider mövqeyi, beynəlxalq aləmdə oynadığı nüfuzlu rolla bağlı idi. Cənab Prezident konfransda iştirakı zamanı bu məsələ ilə bağlı çox ciddi çıxış etdi. Çıxışı həm Suriya problemi, həm də ümumilikdə ayrı-ayrı ölkələrin qarşılaşdığı ciddi məsələlərlə bağlı idi. Ölkə başçısı Suriya probleminin Azərbaycanı ciddi narahat etdiyini dilə gətirdi və məsələ ilə bağlı daha geniş aspektdə danışdı. Suriya məsələsi dünyada beynəlxalq hüququn, təhlükəsizlik sisteminin yaşadığı problemin nəticəsidir. Ölkənin suverenliyinin pozularaq ayrı-ayrı dövlətlər tərəfindən təhdidlərə məruz qalması, vətəndaş müharibəsinə xaricdən dəstəyin verilməsi sonda bu nəticəyə gətirib çıxarıb. Cənab Prezident həmçinin çıxışında Azərbaycanın qarşılaşdığı, heç də Suriya problemindən geri qalmayan Dağlıq Qarabağ məsələsinə toxundu. Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və bu gün problemin həllində maraqlı olmamasını dilə gətirdi. Hesab edirəm ki, London tribunasından istifadə etməklə Azərbaycanın bir dövlət kimi bir sıra məsələlərə əlaqədar mövqeyini ortaya qoydu və Dağlıq Qarabağ probleminin həllinin vaxtının yetişdiyini mötəbər auditoriyanın diqqətinə çatdırdı.
- Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması məsələsi gündəmə gəlib. Həmkarlarınız tərəfindən səslənən bu təklifə münasibətiniz necədir?
- Hesab edirəm ki, bu, aktual mövzu deyil. 1991-ci ildə muxtar vilayət ləğv edildi və ondan sonra gedən proseslər Ermənistanın Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməsinə gətirib çıxardı. Dağlıq Qarabağın statusu məsələsi müzakirə mövzusudur. Azərbaycan həmin regiona ən yüksək status təklif edir. Bu baxımdan DQMV-nin bərpa edilməsi Azərbaycanın danışıqlardan imtina etməsi demək olardı. O məsələ ki hələ müzakirə mövzusudur, müzakirə bitməmiş, yekun qərara gəlinməmiş belə addım atmaq, əksinə, danışıqları çətinləşdirər, Azərbaycana qarşı beynəlxalq aləmdə bir siyasi kampaniyanın başlanmasına səbəb olar. Razılığa gəlinəndən sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində regiona müxtəlif statuslar verilə bilər. Onun malik olduğu hüquqlar çərçivəsi müəyyənləşə bilər.
- AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı qətnamələrin müzakirəsindən öncə ATƏT-in Minsk qrupunun bəyanat verməsi birmənalı qarşılanmadı. Minsk qrupunun Qarabağ probleminin həlli istiqamətində digər beynəlxalq təşkilatlara qadağa qoymaq cəhdləri fonunda Minsk qrupundan imtina təklifləri səslənir. Siz hansı fikrin tərəfdarısınız?
- Vaxtaşırı ATƏT-in Minsk qrupundan imtina ilə bağlı təkliflər səslənir. Hesab edirəm ki, ondan daha yaxşı mexanizm tapılmayana qədər Minsk qrupundan imtina etmək olmaz. Minsk qrupunu tənqid edə bilərik, onun fəaliyyəti ilə razılaşmaya bilərik, amma bununla belə Minsk qrupu bu gün Azərbaycanın Dağlıq Qarabağ problemini 3 böyük dövlətin siyasət gündəliyində saxlamasına imkan verir. 1997-ci ilədək Gürcüstanda Abxaziya və Cənubi Osetiya məsələləri ilə bağlı altıtərəfli komissiya mövcud idi. Gürcüstan həmin komissiyadan imtina etdi və bununla da problemlə üz-üzə qaldı, 2008-ci ildə isə vəziyyət daha da ağırlaşdı. ATƏT-in Minsk qrupu bu gün problemi həll etmir, hələ də işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququn tətbiq edilməsinə xüsusi səy göstərmir. Ancaq bununla belə Minsk qrupunun ləğv olunması bizi 3 böyük dövlətin potensialından istifadəsindən məhrum edə bilər, Azərbaycanı problemlə üz-üzə qoyar.
- Məsələnin BMT Təhlükəsizlik Şurası çərçivəsində həllinin tərəfdarları da Minsk qrupunun ləğvini təklif edirlər...
- BMT məsələ həll edən deyil, indiyədək heç bir ərazi problemi BMT çərçivəsində həll edilməyib. Bu məsələ məhz ATƏT-də həll olunmalıdır, çünki ATƏT adından da göründüyü kimi, regional təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Azərbaycanın təhlükəsizliyi pozulub, ərazinin bir hissəsi işğal edilib, ona görə də problem məhz ATƏT çərçivəsində həll olunmalıdır. Məsələni 10 dövlətin üzv olduğu Minsk qrupu yox, məhz 3 həmsədr dövlət həll etməlidir. Həmin üç dövlətin regiona ciddi təsir imkanları var və problemi həll etmək gücündədirlər.
- Türkiyə prezidentinin fevralın 18-də Bakıya səfəri gözlənilir. Belə fikirlər səsləndirilir ki, səfər çərçivəsində Türkiyə-Rusiya gərginliyi fonunda Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanları müzakirə ediləcək. Sizcə, ölkəmiz hansı kömək göstərə bilər?
- Cənab Rəcəb Tayyib Ərdoğanın səfəri həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük hadisədir. Hər iki ölkə yaxın dost və qardaşdır, vaxtaşırı yüksək rəsmilərin qarşılıqlı səfərləri bu qardaşlığı daha da möhkəmləndirir. Hesab edirəm ki, bu səfər zamanı Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni üfüqlər açılacaq. Azərbaycanın Türkiyə və Rusiya arasındakı mövcud olan konfliktin həllində roluna gəlincə, ölkəmiz bu məsələnin ağırlaşmasına yönələn heç bir addım atmır. Azərbaycanın hər iki dövlətlə xoş münasibətləri var və bu dövlətlərin arasında konfliktin aradan qaldırılmasında maraqlı olduğunu ortaya qoydu. Azərbaycan öz diplomatik səylərini əsirgəmir. Türkiyə Prezidentinin Azərbaycana səfərində də bu istiqamətdəki vəziyyət və Azərbaycanın görə biləcəyi məsələlər də müzakirə mövzusu ola bilər.
- Ölkədə yaranan situasiya ilə bağlı müxalifət “böhran masası” adlı tədbirlər keçirir, müxtəlif təkliflər irəli sürür. Hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri bu təkliflərlə tanış olurmu? Bu təkliflərə reaksiyanız necədir?
- Müxalifət tərəfindən ara-sıra anti-böhran adı altında təkliflərin irəli sürdüyünə dair məlumatı mətbuatdan alırıq. Çox qəribədir ki, indiyə qədər bu təkliflərin hər hansı biri nə hakimiyyətə, nə hökumətə, nə Prezident Administrasiyasına, nə Milli Məclisə, nə də Yeni Azərbaycan Partiyasına göndərilir. Belə təəssürat yaranır ki, müxalifət sadəcə olaraq bu məsələdə şou yaratmaqda maraqlıdır. Əgər onların, doğrudan da, təklifi varsa, təklifi konkret ünvana təqdim etməlidirlər. Jurnalistlər qarşısında çıxışdan başqa onların fəaliyyəti qabağa getmir. Əslində, müxalifət anti-böhran proqramının olmasını elan etməklə öz vəzifəsini bitmiş hesab edir. Bu gün ölkədə bir anti-böhran proqramı var, o da hakimiyyətin proqramıdır. O proqram işləyir, real nəticələri göz önündədir. Son günlər manatın dollara nisbətən qiyməti artmaqda davam edir. Qiymətlər artıq stabilləşib, əhalinin təqaüdlərinin, müavinətlərin artırılması istiqamətində işlər görülür, məşğulluq proqramı hazırlanır və ayrı-ayrı regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret işlər aparılır. Eyni zamanda bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun prezidenti Azərbaycanın neftin qiymətinin düşməsi ilə əlaqədar çox səmərəli təkliflər gördüyü barəsində bəyanat verib. Müxalifətin proqramı ilə mətbuatdan tanışam, orada öz əksini tapan fikirlərin proqrama aidiyyatı yoxdur, çoxu siyasi bəyanatlardır. Sadəcə olaraq müxalif partiyalar mövcudluqlarını yada salırlar. Bir hissəsi şüar xarakteri daşıyır və nə demək istədikləri aydın olmur. Məsələn, iqtisadiyyatın neftdən asılılığını azaltmaq, manatın stabilliyini təmin etmək, regionlarda iş yeri açmaq kimi fikirlər şüardır. Amma bunları həyata keçirmək üçün müxalifət nə təklif edir? Ortada bir şey yoxdur. Bəzi təklifləri isə iqtidarın artıq həyata keçirdiyi təkliflərin təkrarıdır. Müxalifət ortaya səmərəli anti-böhran təklifi qoya bilməyib. Onların bir çox məsələlərdə olduğu kimi iqtisadi məsələlərdə də zəiflikləri göz qabağındadır.
- Ötən il bir neçə dəfə iqtidar-müxalifət dialoqu keçirildi. Dialoq bu il intensivləşə bilərmi?
- Dialoq həmişə mümkündür. İqtidar müxaliflətlə dialoqun təşkilində maraqlıdır və dəfələrlə təşəbbüskar kimi çıxış edib. Həm Yeni Azərbaycan Partiyasının qərargahında, həm Prezident Administrasiya rəsmilərinin iştirak etdiyi dəyirmi masalarda müxtəlif məsələlər ətrafında müzakirə aparılıb. Ötən ilin ortasından başlayaraq parlament seçkiləri yaxınlaşdığına görə partiyalar daha çox seçkiqabağı təbliğatla məşğul olmağa başladılar. İndi isə dialoq məsələsinin gündəmə gəlməsi tamamilə mümkündür.
- Rusiya Dövlət Dumasının bəzi deputatları 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinin ləğvi məsələsini gündəmə gətiriblər. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Müqavilənin ləğvi mümkündür, bu təklif reallaşacağı təqdirdə nə kimi mənfi təsirlər müşahidə olunacaq?
- Bu təklifin həyata keçəcəyinə inanmıram. Çünki bu, ilk növbədə Rusiya üçün arzuolunmaz məqamlara gətirib çıxara bilər. Rusiya Türkiyə ilə müəyyən problemlərinin olmasına baxmayaraq bu ölkə ilə münasibətlərin ağırlaşmasında maraqlı deyil. Azərbaycan Cənubi Qafqazda stabilliyin və sülhün qarantlarından biridir. Azərbaycanla qonşuluq Rusiya üçün cənub istiqamətində çox etibarlı dost ölkənin mövcudluğuna gətirib çıxarır. Rusiya kommunistlərinin seçkiqabağı atdıqları bu addım bir neçə günlük ajiotajdan başqa bir şey deyil.
Nərgiz Ehlamqızı